Bia.Az

Qlobal iqlim dəyişikliyinin səbəb olacağı fəsadlar

Dünya
 12-10-2023, 15:07     269

Dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. Qlobal iqlim dəyişmələri Azərbaycanda da hiss olunmaqdadır. Ölkəmizdə iqlim dəyişikliklərinin təsirini azaltmaq üçün işlər görülür.

Buna misal olaraq işğaldan azad edilmiş ərazilərdə "Ağıllı şəhər" və "Ağıllı kənd" yanaşmalarının tətbiqi və yaşıl enerji zonasının yaradılmasını göstərmək olar. Bunlar bilavasitə qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması üzrə təşəbbüslərə töhfə verəcək. İqlim dəyişmələri ilə bağlı problemlər nəzərə alınaraq, hələ 1997-ci ildə ölkədə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyası yaradılıb. İqlim dəyişmələrinə təsirlərin azaldılması və bu təsirlərə uyğunlaşma sahəsində müvafiq qurumlar BMT-nin müxtəlif təsisatları ilə əməkdaşlıq edir.
İqlim dəyişiklikləri ilə bağlı problemlər hər il mürəkkəb xarakter almaqdadır. Bu səbəbdən də "yaşıl enerji"nin fəal olaraq dünya bazarlarına çıxarılması problemlərinin həll olunması prioritetlik təşkil etməkdədir.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Trend-ə bildirib ki, qlobal iqlim dəyişiklikləri son 200 ildə özünü daha çox büruzə verməyə başlayıb.
O bildirib ki, indiyəcən orta iqlim temperaturu təxminən 0,8-1,2 dərəcə arasında artıb.
"Tədbirlər görülməsə, bu əsrin sonlarına qədər temperatur 4 dərəcəyədək qalxa bilər. Temperatur bu qədər artsa, fəlakətlər qaçılmaz olacaq. Bu, o deməkdir ki, bəşəriyyəti su ilə təmin edən buzlaqların qalınlığı daha çox azalacaq. Hazırkı dövrdə də buzlaqların əriməsi müşahidə edilir. Sular çox nizamsız paylanacaq, sellərin, daşqınların, quraqlıqların intensivliyi artacaq. Kənd təsərrüfatı bundan çox böyük zərər görəcək, məhsul qıtlığı olacaq. Quraqlıq nəticəsində suya böyük ehtiyac yaranacaq.
Professor deyib ki, bütün bunların baş verməməsi üçün böyük işlər görülməlidir.
"Bu da birbaşa ətraf mühitə karbon qazının atılmasından asılıdır. Ona görə də cəmiyyət son 30 ildə karbon qazının azalması istiqamətində yollar müəyyənləşdirir. Hər il çaylarımızda daşqınlar və sellər artır, uzunmüddətli quraqlıq baş verir. Otlaqlar quruyur. Bunun nəticəsində kənd təsərrüfatı ciddi ziyan çəkir.
Qafqazın arteriyası hesab olunan Kür çayı ötən il qurumuşdu. Bu çayın quruması ciddi siqnaldır. Qlobal iqlim dəyişikliklərinə qarşı bütün dünyada tədbirlər görülməlidir. Ayrı-ayrı ölkələrdə isə adaptasiya tədbirləri görülə bilər. Yəni, yeni növ kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, strukturun dəyişdirilməsi kimi tədbirlər həyata keçirilməlidir. Yeni su anbarları tikilməli, günəş enerjisindən geniş istifadə edilməlidir. Bütün dünya ölkələri qoyulmuş tələblərə əməl etsələr, qlobal iqlim dəyişiklikləri yavaşlayacaq", - deyə o, qeyd edib.скачать dle 12.1