Bia.Az

Emin Əmrullayevin ilk müəllimiylə müsahibə: Nazir necə şagird olub?

Cəmiyyət
 10-10-2023, 19:31     292

Müəllim, qayğınla böyüyür insan,Sən əqlə, kamala nur çiləyirsən.Ana dilimizin gur bulağından,Körpə balalara su içirirsən.Hər kəs bu şeirin müəllifini, Gülzar müəllimi bir günün içində tanıdı. Elm və təhsil naziri Emin Əmrullayevin öz ibtidai sinif müəllimi ilə paylaşdığı foto hamının marağına səbəb oldu. Gülzar müəllim bu təbriki eşidəndə, fotolarını görəndə nə hisslər keçirib? Bir vaxt şagirdi olan şəxsin nazir kimi onu təbrik etməsi necə duyğudur?
Qaynarinfo Gülzar müəllimlə onun həyacanını paylaşıb, təhsillə bağlı fikirlərini öyrənib.
– Gülzar müəllim, neçə il müəllim kimi fəaliyyət göstərmisiniz?– Orta məktəbdə 50 il müəllim kimi çalışmışam.
 – Bu 50 ili də eyni məktəbdə fəaliyyət göstərmisiniz?– Yox, mən Qərbi Azərbaycandanam. 18 il Qərbi Azərbaycanda işləmişəm. Bütün vəzifə və adlarımı orda almışam. Baş müəllim, metodist müəllim. Təkcə Əməkdar müəllim adımı 238 nömrəli məktəbdə çalışarkən almışam. 30 il də bu məktəbdə işləmişəm.
– Gəlin, bir az elm və təhsil naziri Emin Əmrullayevin müəllimlər günündə sizə təbrikindən danışaq. Emin bəy sizi təbrikə gələndə özünüzü necə hiss elədiniz?– Həm həyəcanlandım, həm də sevindim.

– Niyə həyəcanlandınız?– Həyəcan olmalıdır da, qızım. Axı nazir gəlib müəllimini görməyə. Amma ürəkdən də sevindim. Bəlkə ömrümə illər calandı.
– Bəs bu təbriklə bağlı xəbərləri oxuyanda, şəklinizi görəndə necə hislər keçirdiniz?– Heç vaxt tapıb onları oxuya bilmədim. Qızım, nəvəm oxuyub deyirdilər. Mənə çox qəribə gəldi, elə bil, bütün Azərbaycan maraqlanırdı. Hamı təbrik yazırdı, hamıya xoş gəlirdi. Mənim üçün də yenilik idi.
– Gülzar müəllim, ilk müəllimi olduğunuz şagirdinizi indi nazir kimi görmək necə duyğudur?– Biz Qərbi Azərbaycandan qaçqın kimi Bakıya gələndə birinci götürdüyüm sinif onların sinfi idi. Hamısı yerli müəllimlər idi, valideynlər tanıyırdı, müəllimlər onları tanıyırdı. Baxırdılar, seçirdilər. Amma mən heç kimi tanımırdım. Qaçqın vaxtımız, kefimin lap pis olan vaxtları idi. Az qalırdım ki, ağlayım. O vaxt direktorumuz Afina müəllimə idi. Kənarda durmuşdum, çağırdı ki, Kələntərova, niyə kənarda durmusan? Dedim, bəs nə edim. Dedi ki, sən də yığ uşaqları. Mən də dedim, eybi yox, qoy, yerli müəllimlər yığsın, onlar tanıyırlar. Yerdə qalan mənim uşaqlarımdır. Hamı yığdı qurtardı, Allaha qurban olum, yerdə qalanlar da gözəl, tərbiyəli, sadə uşaqlar idi, Allah onları mənə qismət etdi.
– Emin bəyin uşaqlığını xatırlayırsınız? Necə uşaq idi?– Emin çox qəribə, olduqca iti zəkalı, ağıllı uşaq idi. Mən dörd suallı məsələni oxuyub qutaranda cavabı deyirdi. Hər şeyə marağı var idi, soruşardı, mütləq anlamalı, onun üçün yarımçıq heç nə qalmamalı idi. Mən də sənətimi sevən adamam, onlara bildiyimi öyrədirdim. Müəllimiliyi, uşaqları sevirəm. Müəllimliyə həvəsim olmasa, heç işləməzdim. Ailədən qabaq birinci işimi sevmişəm.

– Həyat yoldaşınız hansı ixtisasın sahibi idi? Dediniz ki, işimi daha çox sevirdim. Sizə dəstək olurdumu?– Yoldaşım da müəllim idi. Azərbaycan ədəbiyyatı müəllimi. İkimiz də bir-birimizə dəstək olurduq. Mən evdə balacaları hazırlaşdıranda gəlib uşaqlara sual verirdi ki, nəyi bilmirsiniz, müəlliməniz nəyi öyrətməyib? 30 il işlədim bu məktəbdə.
– Uşaq olanda hərəmizin bir arzusu olur. Birimiz həkim, birimiz müəllim olmaq istəyirik. Xatırlayırsınızmı, Emin bəy şagird olanda nazir olacağını deyirdimi?– O vaxt nazir olacağını düşünmək tez idi. Amma həmişə deyirdi ki, mən oxuyacağam. O, gələcəyə ümidlə yanaşırdı. Çox savadlı, çox sadə uşaq idi. Elə indi də elədir.
– Dediniz ki, indi də sadə insandır. Tez-tez Emin bəy haqda istər insanlar arasında, istər sosial şəbəkələrdə narazı fikirlər səsləndirilir…– Çox nahaq. Mən o narazı fikirləri oxuyanda onu yazanlara nifrət edirəm.
– Niyə?– Adam da belə savadlı oğlana, belə savadlı nazirə elə söz deyər? Həmişə deyirəm, çox ayıb olsun. Bir fikirləşsinlər, sonra yazsınlar. Vaxt gələr, hər şeyi görərlər. Prezidentimiz ona hörmət edir, dəstəkləyir, bilir ki, gözəl, savadlı, gələcəyi olan insandır.
 – Hər kəs Emin bəy nazir təyin ediləndə “gəncdir, savadlıdır” deyib, düşünüb, ümidlər bəsləyərdi. Lakin daha sonra təhsildə sanki proseslər ləngidi, ondan sonra narazılıqlar da ortaya çıxmağa başladı…– Bilirsinizmi, niyə başladı? Bu il sertifikasiya imtahanında 743 müəllim kənarda qaldı. Həmin adamlar və onların ətrafında olan şəxslərdir mənfi fikir yazanlar. O günü poliklinikada bir söhbətin şahidi oldum, əlacım olsa, durub o qadına nəsə edərdim. Dedim ki, artıq-əskik danışmayın. Dedilər, məktəbdə bəzi şeylər olur, ona görə belə danışırıq. Söylədim ki, tək nazir nə etsin, məktəblərdə direktor olur, dərs hissə müdiri olur, onlar cavabdehdir bəzi işlərə.
– Siz bu sertifikasiya imtahanının keçirilməsinə necə baxırsınız?– Gözəl imtahandıt. Adi bir sözü yaza bilməyən müəllim niyə camaatın balasını bədbəxt etməlidir? Emin bəy özü deyir ki, şagirdə zəif təhsil verən müəllim vətənə xəyanət edən əsgərdir. “İbtidai” sözünü düz yazmayan, özü ibtidai sinif müəllimi olan müəllimdən nə gözləmək olar? Heç nə.
– Müəllim, bəs siz, Emin bəyin çıxışlarına qulaq asıb, daha sonra bu barədə özünə irad bildirmisinizmi ki, məsələn, gərək bunu belə danışardın, bunu elə deyərdin və s. – Bir dəfə söhbət edəndə dedim, Emin, bu təzə dərsliklərdə çatışmazlıq görürəm. Uşaqlar iş dəftərinə çox yüklənir. Bizim keçmişdəki kitablarda gözəl mətnlərimiz olub. O mətnlərdən də bu kitablarda saxlayın. Çoxu xarici ədəbiyyat nümunələridir.
– O nə cavab verdi?– Dedi, müəllim, bilirəm. Yavaş-yavaş hamısı öz qaydasına düşəcək.
– Ona nədənsə şikayət etmisiniz?– Mənim ona şikayət etməyim yaraşmaz. O öz aramızdadır. (Gülür)
– Belə başa düşdüm etmisiniz…– O öz aramızdadır.

– Nazirin çıxışlarına baxanda nə hisslər keçirirsiniz?– Hər işimi atıram, yağım daşsa da, televizorun səsini artırıram, onun dediyi bir sözü də qaçırtmıram. Həzz alıram çıxışlarından. Onu çox istəyirəm.
– Bir gün oğlum ikinci sinifdə oxuyanda öz müəlliminə deyib ki, mən prezident olsam, sizi təhsil naziri qoyacağam. Müəllim də deyib ki, mən onda qocalacağam axı. Oğlum cavab verib ki, o zaman mən sizə hər ay 5000 manat verəcəyəm. Soruşmaq isətiyrəm ki, sizdə də belə bir məsələ varmı?– Bilirsən qızım, bir az belə şeylərə yaxşı baxmayıb bizim tərəf. Mən bura ilk dəfə gəlib sinif götürəndə belə şey yox idi. Heç vaxt heç nə gözləməmişəm, onun bir buketi mənim üçün dünyadır.
– Emin bəy özü təklif edibmi?– Yox-yox, qətiyyən. Nə mən, nə də o belə şey edərik.
– Gülzar müəllim, 50 illik təcrübənizdən çıxış edərək, müəllimlərə, şagirdlərə nə tövsiyə edərdiniz? Təhsilimizi necə görürsünüz?– Kurikulum sistemi ilə təzə-təzə işləyirik. Bəzi müəllimlərə çətindir. Müəllimlərə tövsiyəm budur ki, oxusunlar, yeniliklərlə maraqlansınlar, hər şey lap gözəl olacaq.
– Tez-tez “əvvəlki uşaqlar daha fərqli idi” kimi sözlər eşidirik. Siz necə düşünürsünüz? Bir neçə il öncəki şagirdlərlə indikilər arasında fərq varmı?– Böyük fərq var. İndinin uşaqları çoxbilmişdir. İndinin uşaqları çox açıqdır, utanmırlar. Mən nə qədər ciddi olub şagirdləri sıxsam da, birdən baxıram ki, yenə boşluq olur. Bu uşaqlarla əvvəlkilər arasında dağlar qədər fərq var. İndiki uşaqlar müəllimdən çəkinmirlər. Onları da qınamıram, zəmanə uşaqlarıdır.
 – Sizin şagirdləriniz arasında başqa yüksək vəzifədə çalışanlar var?– Var. O qədər jurnalistlərim, həkimlərim, hüquqşünaslarım var ki. Hamısı ilə də əlaqəm qalır. Həmin günü hamısı təbrik etdilər, zəng vurdular, yazdılar, evə gəldilər. Çox sadə insan olmuşam. Məni tanıyan hamı deyib ki, nə qədər safsan. Bütün ailəm elə olub. Gözümü zəhmətkeş ailədə açmışam. Nəvəm bu yaxınlarda Londonda gümüş medal alanda Emin müəllim də təbrik etmişdi.
– Qərbi Azərbaycanın hansı məktəbində dərs demisiniz?– Qərbi Azərbaycanda Kalinov rayonunda 3 nömrəli məktəbdə dərs demişəm. Özüm isə Zəngəzurdan – Meğridənəm. Biz neçə illərdir burdayıq. Vətən həsrəti ilə yaşayıram. İrəvanda qurtarmışam məktəbi. O şəhər mənə doğmadır.
 – Valideynlərin müəllimlərə bayram “jestləri”, təbriklər həmişə söz-söhbətə səbəb olur. Təhsil rəsmiləri də düşünür ki, burda məcburiyyət yoxdursa, valideynlər bunu könüllü şəkildə edə bilər. Siz nə düşünürsünüz?– Qızım, mən 50 il müəllim işləmişəm, siyahı qoymamışam. Düşünmüşəm ki, bəlkə birinin çörək pulu yoxdur, onu uşağının boğazından kəsib mənə verəcək. Danmaram ki, mənə hörmət olmayıb. Olub, amma heç vaxt siyahı tələb etməmişəm ki, kimsə kimin nə edib-etmədiyini bilməsin. Heç özümə də maraqlı olmayıb. Düşünmüşəm ki, əgər səni beş-on valideyn təbrik edirsə, o birilərini də onların gözünə qat getsin.
 – Belə başa düşdüm ki, müəllimləri valideynlərin diqqəti sevindirir.– Əlbəttə, sevindirir. Özüm də işləyəndə hər bir uşağın ad günündə hədiyyə almışam. Balaca olsa da, təbrik etmişəm.
– Bu gün direktorlardan çox şikayətlər olur. Siz nə deyə bilərsiniz?– Mən üç direktorla işləmişəm. Afina müəllim, Abbasəli müəllim, İlqar müəllim. Üçü də yaxşı direktorlar olub. İşləyən direktor işləyir, işləməyənin işinə isə gözləmədən xitam vermək lazımdır ki, məktəbi bədbəxt günə qoymasın. Direktorlar gərək tamahkar olmasın, rüşvətə getməsin. Bu dünyadan heç nə aparmayacağıq. Bizdən sonra şagirdlərimiz və onlara verdiyimiz savad qalır.
– Gənc müəllimlərə nə tövsiyə edərdiniz?Savadlı olsunlar, valideynlərə yuxarıdan baxmasınlar, sadə, tələbkar olsunlar. Uşaqları sevsinlər, ancaq elm öyrətsinlər, artıq qiymət verməsinlər, qiymət kəsməsinlər. Həyatda necə yaşamağı, davranış qaydalarını öyrətsinlər. Hökmən deyil ki, fikirləşsinlər, onları oxudum, buraxım, yox, ilk növbədə onların həyatda olan davranışlarına, tərbiyələrinə fikir versinlər. Və özlərini elə saxlasınlar ki, illər sonra valideynlərlə, uşaqlarla qarşılaşanda onlar üzlərini çevirib getməsinlər.
скачать dle 12.1