Bia.Az

Jurnalist övladlarının ölümü ilə bağlı Kamran Əliyevə MÜRACİƏT ETDİ - TƏFƏRRÜAT

Cəmiyyət
 9-10-2023, 12:48     428

Jurnalist, Bölgexeber.com saytının rəhbəri Vasif Turan 7 oktyabr 2011-ci ildə Qobu qəsəbəsində baş verən dəhşətli yanğın hadisəsi nəticəsində övladları 9 yaşlı Rüfətlə, 11 yaşlı Əhmədin yanaraq tələf edilməsi ilə bağlı Baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıb.

BİA.AZ paytaxt.org-a istinadla jurnalistin Kamran Əliyevə etdiyi müraciətini olduğu kimi təqdim edir:

Hörmətli cənab Baş Prokuror!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin unukal siyasi qələbələri, ədalətli idarəçiliyi, Şanlı dövlətimizdə apardığı dərin islahatları xalqımız qədər mən də bəyənib dəstəkləyirəm. Sizin Baş prokuror təyin edildiyiniz dönəmdən bu günə qədər gərgin iş fəaliyyətinizlə yüzlərlə cinayətkar öz cəzasına catmış, əməkdaşlarınız açılmamış cinayətləri törədənlərə qarşı amansız olmuşlar. Öz əməyiniz sayəsində ictimayət və media gözündə nüfuz sahibinə çevrilmisiz. Mənim sizdə istəyim və arzum 7 oktyabr 2011-ci ildə Qobu qəsəbəsində baş verən dəhşətli yanğın hadisəsində ölən övladlarımın cinayət işi açılmamış iş olaqraq qalmasıdır.

Mən Sultanov Vasif Əhmədağa oğlu bildirirəm ki, keçmiş Baş prokuror Z. Qaralovun dövründə aparılan nəticəsiz istintaqdan nazrazı qaldığım üçün Sizə etdiyim müraciətimlə kömək istəyirəm..

Qeyd edim ki, 7 oktyabr 2011-ci ildə Qobu qəsəbəsində baş verən dəhşətli yanğın hadisəsi nəticəsində 9 yaşlı Sultanov Rüfətlə, 11 yaşlı Sultanov Əhməd yanaraq, ailəmiz böyük faciə yaşamışdır. Baş verən cinayət hadisəsi ilə bağlı həmin vaxt ilk öncə FHN istintaq idarəsi hadisə ilə bağlı araşdırmalar aparsada həqiqətləri gizlətməyə çalışırdılar.Hadisəni törədənlər vəkilim vasitəsi ilə mənə çox təklif etdilər övladlarımın cinayəti ört-basdır edilsin. Vəkilin dediyinə görə bu təklif bir generaldan gəlib. Mən həmin vaxt vəkildən də imtina edib cinayətkarların cəzasına çatması üçün mübarizəyə davam etdim. Mənim isralı yazılarım və müraciətlərimdən sonra hadisə ilə bağlı işi Baş prokurorluğa göndərilməsini təmin etdim. Baş prokurorluğun aylarla sürən araşdırmaları da o dönəmdə nəticəsiz qaldı, həqiqət gizlədildi, ədalət yerini tapmadı.

Mən törədilmiş hadisə ilə bağlı Qaralovun qəbulda oldum prokurorluq əməkdaşlarına dəfələrlə izahat verdim amma övladlarım Rüfətlə, Əhmədin faciəli şəkildə yanaraq ölmələrinin səbəbkarlarını cəzasına çatdırmağa gücün çatmadı. Hadisənin səbəbkarları qarşısında gücsüz və gözüyaşlı qoydular. Hadisə ilə bağlı bildirim ki, övladlarım o qədər uşaq deyildilər ki, yanğın baş verdiyi halda evdən çıxa bilməsinlər. Üstəlik, Əhməd taekovando ilə məşğul olurdu və onun pəncərədən aşaraq evdən çıxa bilməsi elədə çətin deyildi. Həmçinin evin qısa müddətdə yanması, uşaqların evdə əlləri bağlı olması, evin qapısının arxadan kilitlə bağlanması, hadisənin cinayət olmasına bir daha subutdur. O vaxtki izahatlarımda da qeyd etdiyim kimi – yazdığım tənqidi yazılarla bağlı arxalı və imkanlı məlum adamlar tərəfindən mən və ailəmin təhdid olunmaları və digər insanlığa sığmayan halların o vaxtlar yaşanması, qənaətimə görə bu mənə və övladlarıma qarşı törədilmiş dəhşətli terrordur. Tam əminliklə deyirəm ki, evimi qəsədən yandırıblar, bunu istintaq dönəmində də israrla bildirmişəm və bu üzə çıxmaq üzərəydi. Əfsuslar olsun ki, prokurorluqda da həqiqət gizlədilməkdə davam etdirildi. Baş vermiş ağır faciə ilə bağlı cinayət işi iki dövlət qrumunda açıldı, lakin ötən bu illər ərzində hadisənin başvermə səbəbləri hələ də naməlum qalmaqdadır. Bu günlərdə isə mənə məlum olub ki, cinayət işi hələ 2012-ci ilin avqustundan xitam verilib və bununla da 2 körpənin ölümünə səbəb olmuş ağır cinayət hadisəsilə bağlı işin istintaqı yekunlaşdırılıb. Bildirm ki, cinayət işininə xitam verilməsilə bağlı aktı mənim təkidli müraciətlərdən sonra, təqdim olundu qaralov dönəmində. Amma ötən bu illər ərzində bizim ailəyə cinayət işinin davam etdirilməsinə dair həqiqətdən uzaq açıqlamalar verilməkdə idi. Sual olunur, cinayət işinə 2012-ci ildən xitam verilibsə bu mənə nədən illər sonra bildirilir əcabə!?

Cənab Baş prokuror övladlarımın ölüm hadisəsi ilə bağlı cinayət işinə xitam verilməsin qəbul etmirəm. Bu barədə dəfələrlə müraciətlərim var. Amma nə məni dinləyən nə də ki mənə acıyan oldu. Mənim son ümid etdiyim, ədalətinə sığına bildiyim, hər zaman zalıma yaman, məzluma arxa olduğunuzu gördüyüm və bildiyim üçün Sizə inamım tamdır. Sizdən xahişim və ricam bizim ailənin başına gətirilən faciənin yenidən araşdırılmasını şəxsi nəzarətinizə götürəsiz. Səbəb və səbəbkarların ortaya çıxarılıb cəzalanması üçün Sizə xahiş edirəm. Cinayətkarların yaxalanıb cəzalarını almayınca mən və ailəm təskinlik tapa bilməyəcək.

Hörmətli Kamran müəllim, ədalət və Allah xatirinə bizim ailənin ümüdi olun ki, təskinlik tapaq, heç olmasa övladlarımızın ruhu qarşısında atalıq borcumu yerinə yetirə bilim!

Hörmətlə: Sultanov Vasif Əhmədağa oğlu

08 oktyabr 2023 – cü il
скачать dle 12.1