Bia.Az

1500 manatlıq hakimin ləyaqəti və söyüşə cavabı...

Gündəm
 3-10-2023, 13:56     438

Nəhayət, Səbail Rayon Məhkəməsində 6 ay davam edən məhkəmə prosesi başa çatdı. Hakim Ülviyyə Şükürova qərar verdi və hökm ötən gün artıq portala yerləşdirilib.

Məhkəməyə xüsusi ittiham qaydasında şikayətimin səbəbi Anar Amin adlı o vaxta qədər tanımadığım, heç bir şəxsi ünsiyyətim olmayan şəxsin 5 fevral tarixində qəfildən mənim ünvanıma olduqca ağır söyüşlər yazması idi. Səbəbi isə mənim onun “dostu” dediyi, AYB-nin məsul şəxsi olan Sayman Aruzla bağlı araşdırmalarım və onun casus olduğunu iddia etməyimmiş.
Söyüşün məqsədi və hədəfi bəlliydi: silsilə araşdırmalarıma cavab vermək iqtidarında olmayan, yazını saytdan sildirmək üçün Mətbuat Şurasının sədri Rəşad Məcid, “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu və digər nüfuzlu media təmsilçilərini minnətçi salan və istəyinə nail ola bilməyən Sayman Aruz “problemi” kökündən həll etməyə girişmişdi: vaxtaşırı verdiyi qonaqlıqlarla ətrafına yığdığı “ədəbiyyat adamlarını” özünə qalxan edib, onların vasitəsilə məni ən ağır söyüşlərlə təhqir etmək və araşdırmaların davamına mane olmaq!
Araşdırmalarımız və yazılarımız davam etdi və bu müddətdə söyüşlər də getdikcə çoxaldı. 28 fevralda isə Anar Amin adlı bu şəxs daha eybəcər, daha açıq və ailəni hədəf alan söyüşlərə keçdi.
Bu, artıq bütün hədlərin keçilməsi olduğundan, yazıları dayandırmaq məcburiyyətində qaldım və məhkəməyə müraciət etdim. Məqsədim Sayman Aruzun öyrətdiyi şəxsin əxlaqsız ifadələrinə görə cəzalanmasına nail olmaqla bir jurnalistin araşdırma yazılarına qarşı eybəcər maneəni ortadan qaldırmaq, bu pis, cəmiyyətin dayaqlarını sarsıdan, qanunsuz tendensiyanın yaranmasına imkan verməmək idi.
Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın icraatına verilən proses ilk gündən anormal aparıldı: qeyri-peşəkar, məhkəməni idarə etmək qabiliyyəti və savadı olmayan, iradəsiz Ülviyyə Şükürova mənim çıxışım zamanı Anar Aminin müdaxilələri, hər sözümə “yalan deyir” kimi replikaları qarşılığında heç bir reaksiya vermirdi və ümumiyyətlə, Anar Amin bütün məhkəmə prosesində Ülviyyə Şükürovanın “ərköyün qardaşı” rolunda çıxış edirdi.
Keçirilən proseslərdə iştirakdan imtina üçün xahiş etdim – çünki “mən o sözləri buna görə yazmışam” deyən, təhqirlərini iclas boyu da davam etdirən Anar Aminin qıcıqlandırıcı ritorikasına və hakimin ona yaratdığı gen-bol şəraitə əsəblərim dözmürdü.
Ancaq hakim israrla son 2 məhkəmədə də iştirakımı təmin etdi.
İştirak etdiyim hər 3 iclasda qarşı tərəfin eyni əhvalla, “mən dəli deyiləm ki, bu sözləri yazım – bu səbəblərə görə yazmışam” deməsi belə Ülviyyə Şükürovanın ədalətli, dürüst, cəmiyyət üçün layiqli qərar verməsi ilə nəticələnmədi.
Ekspertizadan rəy verildi, hər iki statusun təhqir olduğu onsuz da aydın idi – ekspertiza da qəti şəkildə təsdiqlədi. Artıq sadəcə hakimin vicdanlı bir hökm çıxarması qalırdı.
Hökm əlimin altındadır: Ülviyyə Şükürova “müəyyən etdi” hissəsində yazır: “Məhkəmə Quliyev Anar Abdulla oğlunun xüsusi ittihamçı Anar Niftəliyevdən məhkəmə iclasında üzr istəməsini, himayəsində üç azyaşlı övladının olmasını, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir”.
Bu sözləri yazmaq və hökmə salmaq qədər eybəcər, qanunsuz, məhkəməyə və özünə hörmətsiz bir hal təsəvvür etmirəm.
Anar Aminin 10 səhifədən çox “Son sözü” məhkəməyə təqdim edilib və iş materiallarının içərisindədir. O 10 səhifəlik çıxışda Anar Aminin öz əməlindən peşman olduğunu göstərən, islah olduğunu təsdiqləyən bircə cümləni Ülviyyə Şükürova göstərib, üzünü-sifətini və simasını o cümlənin arxasında gizlədə bilərmi?
Bütün məhkəmə prosesi boyunca “buna görə demişəm” məntiqi ilə davranan Anar Aminin vəkili qismində çıxış edən Ülviyyə Şükürovanın yalnız sonda onun əvəzindən “axı o üzr istəyir...” deyib, Anar Aminə təsdiqlətməklə çıxaracağı qərara bu cümləni salmaq təşəbbüsü bir hakimə yaraşarmı?
Mən, əlbəttə, Ülviyyə Şükürovanın - cəmi 25 yaşında Sabunçu rayon prokurorunun köməkçisi olan, 9 il bu vəzifədə çalışandan sonra 2018-ci ildə məhkəmə sisteminə adlayan hakimə nəyisə izah edə biləcəyimi sanmıram; çünki ali məktəbdən məzun olduqdan dərhal sonra məhkəmə mühiti görməyib, hakim köməkçisi də olmayıb – o, prokuror köməkçisi tərbiyəsi alıb və məhkəmə sistemi üçün “peşəkar kadr” sayıla bilməz; çünki bu xanım mənim son çıxışımı belə kəsdi, danışmağıma və mənim qarşı tərəfin son çıxışında bircə cümləlik etirafın olmaması barədə sözlərimi davam etdirməyimə imkan vermədi, “məhkəməni çaşdırırsan” deyib, qəti şəkildə səsimi kəsməyimi (!) tələb etdi: görünür, çıxışım bəlkə də içində hələ də mövcud olan tam ölməmiş vicdanını oyadırdı və yaxud protokola (yaxud kameralara) yazılan çıxışımın onun artıq nəyinsə müqabilində əvvəlcədən qəbul etdiyi hökmün ədalətini sual altına alırdı.
Buna görə də Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova müraciət edirəm:
Hörmətli İnam müəllim!
Bir jurnalistin peşə fəaliyyətini əngəlləmək və onun araşdırmalarına mane olmaq üçün bir ay ərzində iki dəfə ən ağır söyüşlər yazan şəxsin cəzası doğrudanmı 6 aylıq uzun məhkəmə prosesindən sonra 1500 manat olmalıdır?
Belə çıxır ki, Azərbaycanda jurnalistlər heç bir araşdırma apara bilməz – bir normal araşdırma zamanı hansısa məmur və yaxud iş adamı, pullu birisi “muzdlu” tutub, onun vasitəsilə araşdırma müəllifini ardıcıl olaraq ən ağır söyüşlərlə söydürəcək və sonra da 1500 manat verib, məsələni bağlayacaq?
Bu sözlərdən birini bura yazmağa məcburam və ilk növbədə oxuculardan üzr istəyirəm: Anar Amin “peysər”, “yalançının arvadı ilə...” sözlərini yazıb!
Hörmətli İnam Kərimov!
Anlayıram, təhqirə görə sözügedən maddənin 1500 manat cərimə cəzası nəzərdə tutan hissəsi də var. Ancaq mənə bir sual maraqlıdır: indi mən bu sözləri istədiyim adamın, o cümlədən Ülviyyə Şükürovanın ünvanına səsləndirib, 1500 manatla canımı qurtara bilərəmmi?
Ülviyyə Şükürova bu söyüşlər müqabilində çıxardığı qərarın hansı ictimai xaosa səbəb ola biləcəyini təsəvvür etməyə bilər, zatən, təsəvvür etmədiyini də sübut etdi – çünki onun buna intellekti çatmır, ancaq məncə, siz bu hökmün yarada biləcəyi tendensiyanın fəsadlarını çox yaxşı bilirsiniz!
Əgər Azərbaycan məhkəmələri və hakimləri bu ağır, qan qoxan sözlərə görə 1500 manat cəriməni ədalətli sayırsa, onda siz də bir rəy verin, cəmiyyətə elan edək, kim kimə mane olmaq istəyirsə, kim araşdırmaların qarşısını almağı hədəfləyirsə və yaxud, ümumiyyətlə, hansısa nazirin, məmurun fəaliyyətindən narazılığı varsa, o sözləri sosial şəbəkə hesabında həmin nazirin, məmurun, alimin, ziyalının, jurnalistin... ünvanına yazsın, 1500 manat cəriməsini də bəri başdan hazırlasın!
Cənab İnam Kərimov, səbirsizliklə sizin cavabınızı gözləyirəm!скачать dle 12.1