Bia.Az

Dəhliz uğrunda müharibə: Molla rejimi Azərbaycanı çevrilişlə təhdid edir

Gündəm
 2-10-2023, 10:09     387

İran mediasında Azərbaycanın keçirdiyi antiterror əməliyyatının yaratdığı ajiotaj davam edir. Qərb və ya erməni KİV-lərində getmiş materialları tərcümə edərək olduğu kimi, bəzən də boyaları daha da tündləşdirən şərhlərlə təkrar dərc edir, çoxsaylı orijinal təhlil, müsahibə, rəylərlə çıxış edirlər.
Gedən yazılardakı əsas tezislər:
-Azərbaycanın başlatdığı antiterror əməliyyatı gözlənilməz deyilmiş, guya xüsusi hazırlıqlar görülüb və bəhanə gəzilib;
-Laçın dəhlizində ekofəlların mühasirəsi başlayandan Azərbaycan savaşı planlaşdırıb;
-İran Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edir, amma Qarabağ ermənilərinin təhlükəsizliyi İranın qırmızı cizgisi imiş;
-Münaqişənin tarixinə ekskurs ediləndə erməni tarixi mifologemləri təkrarlanır, Dağlıq Qarabağın 1921-ci ildə Stalin tərəfindən Azərbaycana peşkəş edildiyi iddia olunur.
-Guya islami rejimin orqanı olan KİV-lərdə Qarabağın 2 min illik xristian torpağı olması yazılır, başda ABŞ olmaqla Qərb ölkələri xristian qardaşlarına biganə qalmaqda qınanır;
-Qarabağın erməni əhalisinin sayı erməni mənbələrinə istinadən şişirdilmiş rəqəmlərlə verilir. İranın ölkəmizdəki sabiq səfiri Möhsün Pakayin isə Dağlıq Qarabağ əhalisinin sayını şişirdərək 240 min göstərir.
-erməni sakinlərinin vəziyyətinin ağır olması, kütləvi köç olması qabardılır.
-Azərbaycanın zəfərini kiçiltmək üçün ABŞ, İsrail, Türkiyə, NATO sui -qəsdindən danışılır;
-Tehranın Ermənistandakı sabiq səfiri Seyid Əli Səqaian isə indiki nəticəni Paşinyanla İlham Əliyev arasında gizli anlaşmanın nəticəsi kimi təqdim edir: “Mənim şəxsi təhlilim ondan ibarətdir ki, bu, Paşinyanla İlham Əliyevin gizli razılaşması olub. Paşinyan vəzifəyə gələndə biz 2020-ci il müharibəsində hərbi qüvvələrin irəlilədiyinin şahidi olduq. Məncə, bu məsələ razılaşma idi. Cənab Paşinyan artıq rəsmi şəkildə Dağlıq Qarabağı Azərbaycanın suverenliyinin bir hissəsi hesab etdiyini bəyan edib”.
-Azərbaycan dayanmayacaq, savaşı Naxçıvanı anklav statusundan çıxarmaq Cermuk və Zəngəzuru özünə ilhaq edənəcən davam etdirəcək;
-İranlı ekspertlər (Afifə Abedi, Akef Kazemi, Həsən Behiştipur və b.) İranın Cənubi Qafqaz siyasətini tənqid edir, daha fəal şəkildə Ermənistanın dəstəklənməli olduğunu yazırlar;
-Bu dəstəyin Bakıda çevriliş törətmək və ya Ermənistan tərəfdən Zəngəzurda, hətta Dağlıq Qarabağda Azərbaycana qarşı döyüşlərdə iştirak etmək şəklində olması müzakirə edilir
Afifə Abedi “hansı ölkə və ya qrup Qarabağda böhran yarada bilər, yaxud bölgədəki müharibədən daha çox qazanc əldə edə bilər” suallarına cavab olaraq Rusiya, Amerika və Türkiyənin adını çəkir. Qeyd edir ki, son on ildə Türkiyənin rolu artıb. Türkiyə siyasi, mədəni və tarixi səbəblərə görə Azərbaycanın ənənəvi müttəfiqi kimi tanınır. Amma Türkiyə Qarabağdakı müharibədə Azərbaycan Respublikasına dəstək verməklə yanaşı, həm də birbaşa müdaxilə yolu ilə öz strateji yol xəritəsinin bir hissəsini açıq şəkildə həyata keçirir. Onun fikrincə, Türkiyənin Qarabağ məsələsində motivləri və məqsədləri bir neçə səviyyədə təhlil oluna və qiymətləndirilə bilər. Birinci mühüm məqam Türkiyənin qonşu regionlarda, o cümlədən Cənubi Qafqazda strateji dərinliyini genişləndirmək istəyidir: “Müşahidəçilərin neosmanizm adlandırdıqları şey”. Amma ekspert iddia edir ki, Cənubi Qafqazda nə Türkiyəyə, nə Rusiyaya etibar edilmir. Son illər Rusiya regionda balans yaratmağa nail olub ki, hər iki tərəf - Ermənistan və Azərbaycan Respublikası Rusiya ilə münasibətləri genişləndirməkdə maraqlı olsunlar .

İran nədən qorxur?
A.Abediyə görə, Azərbaycan dayanmayacaq və Zəngəzuru da “qəsb” edəcək. Belə ki, Zəngəzur dəhlizi Transxəzər dəhlizinin ötürücülük qabiliyyətini sutkada 5-8 milyon tona çatdıra bilər. Onun çəkilməsində çoxları maraqlıdır, amma İrana zərərdir.
Qafqaz məsələləri üzrə ekspert Həsən Beheştipur “Ermənistanın cənubundakı Sünik vilayətinə” azərbaycanlıların hücum ehtimalından danışıb: “Belə bir hərəkət həyata keçirilərsə, bu, başqa ölkənin ərazisinin pozulması olardı. Azərbaycan özü uzun illərdir bu bölgəni Ermənistanın tərkibində qəbul edib, amma İlham Əliyev bir neçə ildir ki, bu bölgə ilə bağlı bir sıra tarixi iddialar irəli sürür. Və Qafqazın 17 şəhəri ilə bağlı çoxlu tarixi iddialar var ( bütün Qafqazın İrana aid olması haqda iddia-C.Q). Ona görə də yaxşı olar ki, Bakı qonşu ölkəni təhdid etməyi dayandırsın”. Azərbaycanın “Sünik vilayəti”nə hücum edib-etməyəcəyi ilə bağlı suala bu ekspert belə cavab verir: “Bakı hücum etmək istəyir, amma edə bilməz. Azərbaycan İranla Ermənistan arasındakı tarixi sərhədi dağıtmaq və Naxçıvana çıxış əldə etmək istəyir. Halbuki o, Naxçıvana digər yerlərdən və ya son üç onillikdə olduğu kimi İran vasitəsilə daxil ola bilər”.
İslahatçılara yaxına “Armandaily” qəzetindən Səlahəddin Xədiv isə yazır ki, vəziyyəti tamamilə Ermənistanın ziyanına dəyişən geosiyasi məntiq Rusiya və ABŞ-ın səhnədə olmaması, İranın kifayət qədər çəkindirici rol oynaması, Bakının Türkiyə və İsrail tərəfindən qeyd-şərtsiz dəstəklənməsi ilə bağlıdır. “Armandailly” İran xarici siyasətini etnik fars kimliyi üzərindən yürüdülməsini istəyən kütlələrin hissləri ilə oynayaraq davam edir ki, erməni çoxluğu olan Qarabağın Azərbaycana birləşdirilməsi 1920-30-cu illərdə fars-tacik çoxluğu olan Tacikistanın Özbəkistan tərkibində muxtariyyət statusunda olması kimidir.
“Sobhe setar” nəşri isə yazır ki, Azərbaycan hərbi hücum yolu ilə Dağlıq Qarabağın separatçı bölgəsinə nəzarəti ələ keçirdikdən sonra Ermənistanla daha bir mübahisə yaranır: Naxçıvan ərazisi.
Farazdaily (farazdaily.com) ermənilərin Qarabağ bölgəsindən kütləvi köçünü İsrail –Türkiyə pazlının tamamlanması kimi təqdim edir: “Ermənilər üçün hekayənin bəlkə də ən acı tərəfi odur ki, ABŞ dövlət katibi İlham Əliyevə “erməni azlığına öz bölgələrində təhlükəsiz və ləyaqətlə qalmasına icazə verilməlidir” deyir. Görünür, Blinken unudub ki, bu muxtar bölgə yüz illər əvvəl ermənilərin olub, hətta İslamın Qafqaza gəlişindən üç əsr əvvəl, IV əsrdə Qarabağ bölgəsində xristianlığın davamçıları olub”. Yəni İslam respublikasının mühafizəkar qəzeti ABŞ-ı müsəlmanlara qarşı xristian təəssübkeşliyindən çıxış edən siyasət yürütməməkdə ittiham edir.
Nəşrə görə, Azərbaycanın zəfəri Türkiyə və İsrailin köməyi ilə silahların diplomatiya üzərində qələbəsi deməkdir. Daha sonra dəhliz fobiyası dilə gətirilir: “Türkiyə və Azərbaycan Zəngəzur dəhlizi ilə bir-biri ilə əlaqə qurmağı və bununla da İranın Ermənistan və Avropa ilə əlaqəsini kəsməyi və öz geosiyasi qüdrətini artırmağı planlaşdırır. 2020-ci ildə müharibə başlayandan bəri İran sərhədlərin qorunub saxlanmasına üstünlük verib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirir ki, İran sərhədləri dəyişən bu dəhlizin açılması ilə bağlı müsbət siqnallar verir.
Amma Ermənistan razı olmasa, Zəngəzur dəhlizinin İran ərazisindən keçə biləcəyi haqda Ərdoğanın aşıqlmasına münasibət də birmənalı deyil. “Shargdaily”-yə açıqlama verən ekspert Səid Səfəri Ərdoğanın təkliflərinə müsbət yanaşaraq vurğulayıb ki, Tehran bu halda bir neçə məqsədə nail ola bilər:
Birinci məqsəd Tehranın qırmızı xətlərini qoruyub saxlamaq, regionda geosiyasi vəziyyətin dəyişməsinin və İranla Ermənistan arasında ümumi sərhədlərin kiçilməsinin qarşısını almaqdır. Səfəri hesab edir ki, “Bu dəhliz birbaşa İranın nəzarəti altında olan ərazisindən keçirsə, o zaman ümumi sərhədlərə müdaxilə riski aradan qalxacaq”.
İkinci məqsəd isə dəhlizin İran torpağında yaradılmasından iqtisadi və kommersiya faydasının götürülməsidir: “Azərbaycan və Türkiyə ilə ticarət əlaqələrini gücləndirmək və son nəticədə Avropa ilə daha ciddi əlaqə yaratmaq olar. Bundan başqa, Ermənistanla ticarət sərhədi əlaqələri qorunacaq və Tehran Ermənistandan Avropaya çıxış əldə edəcək. Tehran üçün sərhədlərə və dəhlizlərə çıxış müxtəlifliyi artacaq”.
Üçüncü məqsəd ölkə sərhədlərindən müharibə təhlükəsini aradan qaldırmaqdır. Çünki bu dəhlizin yaradılması Türkiyə, Azərbaycan və Çin üçün o qədər vacibdir ki, Bakı Ankaranın dəstəyi ilə onu reallaşdıracaq. Beləliklə, Səfəri qarşı tərəfi öz məqsədinə çatmaqda ciddi hesab edir, digər tərəfdən, Tehran Qafqazın geosiyasətini dəyişmədən, İran və Ermənistanın sərhədlərini azaltmadan öz qırmızı xəttində israrlı olmasını xatırladır. Səfəri Zəngəzur dəhlizinin İran ərazisindən keçməsi ideyasını hər iki tərəf üçün məqbul həll yolu hesab edir.
Digər ekspert Mahmud Rəhimi isə iddia edir ki, bu halda İran ərazi itirərdi. “Tehran dəhlizin İran ərazisindən keçməsi ideyasını qəbul etməməli və bu dəhlizin Ermənistan ərazisindən keçməsi tələbi ilə razılaşmamalıdır, çünki bu, şübhəsiz ki, iki ölkənin ümumi sərhədlərini kəsmək bahasına yekunlaşacaq”. Bu analitikin fikrincə, Bakı və Ankara heç bir şəkildə etibarlı deyil və sərhəd sazişinin imzalanması ilə bağlı yazılı və kağız üzərində belə heç bir zəmanət verə bilməyəcək.

İran hansı addımlar ata bilər?
A.Abedi İranın oynaya biləcəyi təsirli rolu belə təsəvvür edir: Qarabağ müharibəsinin tarixi kökləri təxminən bir əsr əvvələ gedir. Bu regionda davamlı sülh sazişindən danışmaq məsələnin həddən artıq sadələşdirmək olardı. Burda şərait həmişə qeyri-sabit olub və getdikcə dəyişəcək. Ermənistan və Azərbaycan razılığa gəlsələr belə, bölgədə radikal meylli kiçik etnik qrupların hərəkəti dayanmayacaq. İran Cənubi Qafqazda nəqliyyat layihələrinin rəqiblər tərəfindən həyata keçirilməsinin görünməyən tərəflərinə daha çox diqqət yetirməli, öz xeyrinə bu xüsusiyyətlərə malik yeni təşəbbüslər hazırlayıb həyata keçirməlidir”. Yəni yeni dəhliz layihəsi təklif edilməsini istəyir.
Fransa hökumətinin müşaviri Ərdavan Əmiraslani isə Azərbaycanı soyqrımı cinayətinə hazırlaşmaqda ittiham edir. “1915-ci il soyqırımı zamanı bir milyona yaxın erməni, 1930-cu illərin sonunda müxtəlif Polşa gettolarında polyaklar və yəhudilər, 1942-ci ildə Leninqradda ruslar, 1975-1976-cı illərdə kambocalıları və nəhayət, 1993-1994-cü ilin qışında bosniyalılar öldürüldü”-deyə yazan müəllif “Qarabağın mühasirəsini” bu hadisələrlə müqayisə edir.
Ə. Əmiraslani yazır ki, Azərbaycan prezidenti separatizmlə mübarizənin zəruriliyindən danışarkən tez-tez Kataloniya və İspaniya nümunələrinə istinad edir. “Amma Madrid öz ərazisindəki münaqişələrə cavab vermək üçün soyqırımı alətlərindən istifadə etmir”. Onun fikrincə, Qarabağdakı “soyqırımı reallığı” son 30 ildə Azərbaycan və Ermənistan arasında bir tərəfdən mədəni və etnik müharibəyə çevrilmiş suverenlik mübahisəsinə, digər tərəfdən isə Ermənistanın suverenliyi ilə bağlı mübahisələrə aydınlıq gətirə bilər: “Azərbaycanda istifadə olunan irqçi nifrət dilinə xüsusi fikir verilməli və erməni maraqlarına dəstəyin artırılması üçün vasitəçi ölkələrin diqqətini cəlb etməlidir”.
Fransa hökumətində çalışan iranlı lobbistə görə, “soyqırımı reallığı” olduğundan beynəlxalq ictimaiyyətin və xüsusən də münaqişədə əsas vasitəçi ölkələrin, yəni Rusiya və Avropa İttifaqının dərhal hərəkətə keçmə öhdəliyi var. Onun fikrincə, Baydenin erməni soyqırımını beynəlxalq səviyyədə tanıtmaq imkanı var: “BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlər də “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın tərəfləridir. Onlar indi Qarabağda baş verən cinayətə cavab verərkən öz öhdəliklərinə hörmətlə yanaşmalıdırlar. 2013-cü ildə Fransa Təhlükəsizlik Şurasının beş daimi üzvünün soyqırımı işlərinin araşdırılması zamanı veto hüququnun dayandırılmasını təklif etmişdi”. Bu mexanizmi o, 5 daim üzv dövlətdən hər hansı birinin Azərbaycan və Türkiyənin lehinə soyqırımı ittihamını veto etməsinin qarşını almaq üçün yada salır.

“Farazdaily” yazır ki, İran iki şimal qonşunun (Türkiyə və Azərbaycan nəzərdə tutulur-C.Q) öz bədnam planını həyata keçirə bilməməsi və sərhədlərini qorumaq üçün istənilən diplomatik, hətta hərbi dildən istifadə etməyə hazır olmalıdır”.
“Aljazeera” kanalı xatırladır ki İran televiziyasına açıqlamasında İranın Azərbaycandakı keçmiş səfiri Məhəmməd Baqir Bəhrami İsrail, İngiltərə, Türkiyə və Azərbaycanı Türküstana və hətta uyğur müsəlmanlarına qədər uzanan dəhliz yaradaraq “türk dünyası” yaratmağa çalışmaqda ittiham edib. Bəhrami İranın Naxçıvanı İran ərazisindən keçməklə Cənubi Azərbaycanla birləşdirmək üçün alternativ plan təqdim etməyə hazır olduğunu bildirib və Azərbaycan və Ermənistanla sərhəddə yerləşən Araz çayı üzərində bir neçə körpünün tikilməsinin mümkünlüyünü qeyd edib.
“Qudsonline” isə iddia edir ki, İran Qarabağda erməni vətəndaşların hüquqlarını müdafiə etməlidir. “Əliyevin çıxışının Bakının Zəngəzur dəhlizi uğrunda mübarizəni savaşın növbəti mərhələsinə çevrilə biləcəyini göstərdiyini nəzərə almaq lazımdır. Bu “soyqırımın” davam etməsinin qarşısını almaq üçün güclü təzyiqə ehtiyacı olan diplomatik vasitələr işə salınmalıdır. İstər İranın Ermənistanla sərhədində, istərsə də Ermənistanın Cermuk bölgəsində istənilən geosiyasi dəyişiklik (dəhliz tikintisi) bu dəhlizin cənub bölgəsinin sonda Azərbaycana qoşulmasına gətirib çıxaracaq. Ona görə də ölkəmizin xarici siyasət məmurlarının missiyası diplomatik və hərbi fəaliyyətlə ciddi təzyiqlər göstərməkdir ki, gələcəkdə Avropa ilə əlaqə yolumuz bağlanmasın. İran heç bir halda öz milli maraqlarına etinasız olmamalı, regionun geosiyasətinə dəstək verməli, lazım gəlsə, bu istiqamətdə pul ödəməli və başqalarının müdaxiləsinə imkan verməməlidir”.
İran rejiminin “Jomhouri-e Eslami ” qəzetinin baş məqaləsində isə iddia edilir ki, Türkiyə və Azərbaycan Ermənistanın hazırkı zəifliyindən istifadə edərək, Ermənistanın Sünik bölgəsi üzərindən İranla sərhəddə yerləşən iki ölkə arasında quru keçidi yaratmağa çalışırlar. Qeyd olunur ki, Sünik əyaləti dənizə çıxışı olmayan xristian ölkəsini regiondakı ən böyük qonşusu olan şiə müsəlman İranla birləşdirir. “Əliyevin sözləri Ermənistanın Sünik vilayətinə hərbi hücumu nəzərdə tutur. Bu vilayət İranla həmsərhəddir və İranın Ermənistanla əlaqəsi oradan keçir. Ona görə də bu əyalətə hücum və Əliyevin istədiyi Zəngəzur dəhlizinin yaradılması İranın mənafeyinə xələl gətirər”, - “Jomhouri-e Eslami ” yazır.
“Bu, İran rəsmilərinin dəfələrlə danışdığı və xəbərdarlıq etdiyi qırmızı xətdir. Zəngəzur dəhlizinin yaradılması İranın Ermənistanla əlaqəsini kəsmək, milli maraqlarına zidd hərəkət və mahiyyət etibarilə regionun coğrafi vəziyyətinin dəyişməsi və sərhədlərin dəyişdirilməsi deməkdir. İran bu məsələdə həssasdır və İran İslam Respublikasının rəsmiləri dəfələrlə bunun baş verməsinə icazə verməyəcəklərini bildiriblər. Azərbaycan İranın qırmızı xəttini pozmaq ərəfəsindədir. Əliyev elan edilmiş qırmızı xətti keçmək niyyətindədirsə, o, şübhəsiz ki, Bakıda ciddi dəyişikliklərə səbəb ola biləcək başqa cür qətiyyətli reaksiya gözləməlidir. Türkiyə rəsmiləri başa düşməlidirlər ki, qırmızı xətti keçməkdə Bakını dəstəkləmək onların xeyrinə deyil və onların arzuladığı faydaları təmin etməyəcək”, - deyə dövlət orqanı bildirib. Bu, Bakının açıq şəkildə dövlət çevrilişi ilə şantaj edilməsidir. II Qarabağ savaşından sonra bu məzmunda dəfələrlə şantajlar səsləndirilib.
“Jomhouri-e Eslami ”nin təhdidindən yazan “bne IntelliNews” qeyd edir ki, İran və Azərbaycan İslamın eyni məzhəbində köklərə malik olsalar da, çar Rusiyası dövründən və daha sonra Sovet İttifaqının İranın şimaldakı keçmiş bölgələrini nəzarət altına almasından sonra əhəmiyyətli dərəcədə ayrılıblar. “İran mediasındakı sərt xətt tərəfdarlarının düşmənçiliyi o həddə çatıb ki, o, Azərbaycanı tez-tez “Bakı Respublikası” kimi ələ salır və faktiki olaraq ölkəni separatçı əyalət elan edir (İran Müdafiə Nazirliyinin sözçüsü, briqada generalı Reza Talaeinik SEPAH-a bağlı Fars xəbər agentliyinə verdiyi açıqlamada deyib ki, “Biz açıq şəkildə bildirdik ki, yaxınlıqdakı hər hansı sərhəd dəyişikliyinə dözməyəcəyik. Sərhədlərimizin müəyyən hissələrini dəyişdirmək cəhdləri nəzərdə tutulurdu, lakin onların buna nə o zaman cəsarətləri var idi, nə də gələcəkdə". O, daha sonra vurğulayıb ki, İranın sərhədlərin status-kvonunu saxlamaqda israrlı olması onun güclü hərbi qüdrətinə əsaslanır.
Bununla bağlı İran ordusunun quru qoşunlarının rəhbəri general Kioumars Heydəri həm Ermənistan, həm də Azərbaycanla bitişik əraziləri əhatə edən əsas sərhəd zonalarında 10 briqadanın yerləşdirildiyini açıqlayıb. Dəqiq rəqəmlər paylaşılmasa da, bir briqada adətən 3000-4000 əsgərdən ibarətdir. Bu bölmələr potensial düşmən hərəkətlərinin qarşısını almaq üçün taktiki olaraq şimal-qərb, qərb, cənub-qərb və şimal-şərq bölgələrində yerləşdirilib.
İran parlamentarilərinin, təhlükəsizlik ekspertlərinin və KİV-lərinin antiterror əməliyyatları ilə bağlı anti-Azərbaycan mövqeyi yalnız İran azərbaycanlıları arasında deyil, İranın şimal qərb vilayətlərində yaşayan türkmənlər arasında da etirazla qarşılanır. Türkmənsəhra vilayətinin fəallarının yaratdığı “X” (Tvitter) səhifəsində İranın ikiüzlü siyasəti belə ifşa olunur: “Azərbaycan Respublikası öz ərazisi daxilində hərbi təlimlər və əməliyyatlar keçirir, ancaq İslam Respublikasının mətbuatı xəbəri “Azərbaycanın Qarabağa hücumu” kimi təqdim edir, sanki Qarabağ yad ölkədir! "Təsnim" və "Fars" xəbər agentlikləri saxta məlumatlarla İranın ictimai rəyini Azərbaycana qarşı yönəltməyə çalışır, lakin azsaylı “İranşəhri” qruplaşmasından başqa heç kim bu yalançı medianın toruna düşməyəcək “.
Bu o deməkdir ki, İranın Azərbaycanı zəiflətmək üçün daxildə iğtişaş salmaq təşəbbüsləri öz əleyhinə işləyəcək, yalnız İran azərbaycanlıları deyil, türkmənlər və digər xalqların nümayəndələri də islam qiyafəsindəki şovinist siyasətə qarşı öz etirazlarını bildirəcəklər. Ötən il hicab aksiyaları zamanı SEPAH-a yaxın “Məşreğ” qəzetinin bu həmrəylikdən qorxusunu belə ifadə etdmişdi - kürdlər və azərbaycanlılar mərkəzi hakimiyyətə qarşı birgə çıxış etməyə başlayıb. O həmrəylik hər zaman təkrarlana bilər.
Cəmaləddin Quliyev, siyasi ekspertскачать dle 12.1