Bia.Az

Dəliyəm demək...

KÖŞƏ YAZARLARI
 25-09-2023, 00:14     6 360

küləyi yazdım kağıza
yazdım şıdırğı yağışı
düşdüm islanmış şeirdən
endim Söz adlı yoxuşu
elə bildilər dəliyəm...
endim ayrılıq düzünə
bomboş idi biyabanlıq
çox ağır gəldi özümə
özümdən gələn yamanlıq
elə bildim ki dəliyəm...
gördüm yol yoxdu geriyə
göy qapalı
yer qapalı
çarşabı cırıq üfüqdə
tökülüb zamanın nalı
anlamadım nə baş verir...
hər şeyi gec dərk elədim
dişlədim də barmağımı
ölümün yolu üstündə
dilənib oturmağımı
anladım... bildim dəliyəm...
hələ də bir yarpaq kimi
qopub düşməyim olur eyy...
ağlayanda üzüm gülür
güləndə gözüm dolur eey
heç olmasa bilirmi O?..
bilmirsə... dəliyəm demək...
(təkrar)

Zahid Sarıtorpaq

скачать dle 12.1