Bia.Az

Öldüsü-qaldısı bilinməyən Ramzan Kadırov - Putin onu itirsə...

Dünya
 21-09-2023, 14:54     306

Çeçenistan rəhbəri Ramzan Kadırovun öldüsü-qaldısından hələ də dəqiq xəbər yoxdur. Bəzi bilgilərə görə, o, “sağalmaz xəstəlikdən” komaya düşüb, hətta ölməsi xəbərləri də biri digərini əvəzləyir. Bu qəbildən olan ən son xəbəri “Yukos” neft şirkətinin keçmiş vitse-prezidenti Leonid Nevzlin yayıb.

O iddia edib ki, Çeçenistan rəhbəri Ramzan Kadırov bir neçə gün əvvəl transplantasiya olunmuş böyrək səbəbindən çox güman ki, süni komaya salınıb. Onun vəziyyəti son dərəcə ağırdır və həkimlər pis proqnoz verirlər. Nevzlinin məlumatına görə, Kadırovun böyrəyinin köçürülməsi əməliyyatını uzun müddətdir onu müalicə edən həkimlər Birləşmiş Ərəb Əmirliyində həyata keçirib. "Lakin əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin pisləşib, Moskva xəstəxanalarından birində onu süni komaya salıblar. Bundan əlavə, Moskva Mərkəzi Klinik Xəstəxananın həkimlərinin onun beyin ölümü keçirdiyini deyiblər", - Nevzlin yazıb.
O əlavə edib ki, Çeçenistan lideri xəstəxananın ayrıca blokunda yatır, onun yanında mühafizəçilər növbə çəkir və yaxın adamları orada ona baş çəkir.
Xatırladaq ki, bir neçə gün əvvəl mətbuatda Kadırovun xəstəxanada ağır vəziyyətdə olması xəbəri yayılmağa başlayıb. Hətta bəziləri onun artıq dünyasını dəyişdiyini yazıblar. Lakin sentyabrın 19-da Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bildirib ki, Kremlin dəstəkçisi ağır vəziyyətdədir və onun mümkün ölümü Moskva üçün problemə çevriləcək.  Rusiya mənbələri hələlik bu məlumatla bağlı hər hansı açıqlama yaymayıblar. İki gün əvvəl də Kadırovun vəfatı xəbəri yayılmışdı.
“Ramzan Kadırovun həyatı və xəstəliyi ətrafında yaranan isteriya, hay-küy bir qədər qəribədir. Əsasən liberal, Ukrayna və Qərb mediası təlaşa düşür. Onlar istəyirlər ki, dünya uydurduqları kainat obrazına uyğun olsun. Bununla bağlı bir neçə məqama aydınlıq gətirim”.
Bu sözləri isə rusiyalı jurnalist və politoloq Maksim Şevçenko deyib.
“Kadırov ailəsi, ətrafındakı hər kəs kimi, mömin müsəlmandır. Əgər vəfat edərsə, o, ölüm günü gün batana qədər (islamın tələbi - red.) ailə qəbiristanlığında dəfn ediləcək. Əgər o, Çeçenistanda deyilsə, o zaman ölümü elan edilərək vətəninə aparılacaq. Onun ölümünü gizlətmək mümkün olmayacaq. Çeçenlər belə şeylərlə zarafat etmirlər. Müasir Çeçenistan Rusiya dövlətinin, onun bütün xüsusi xidmət orqanlarının, hüquq-mühafizə orqanlarının və dövlət institutlarının mühüm sistem hissəsidir. Heç bir formada dövlətdən ayrı mövcud deyil”, - Şevçenko vurğulayıb.
Onun ehtimalına görə, Kadırovun ölümü müasir Rusiyada çeçen amilinin roluna və əhəmiyyətinə təsir etməyəcək: “O, təkbaşına deyil (Kadırovun rəqibləri bunu istəsələr də). Kadırov tamamilə Putinin yaratdığı sistemə daxildir. O, atasının ölümündən sonra çətin, bəzən də amansız yol keçmiş, qeyri-adi və sərt insandır, çoxlu düşmənləri var. Amma onun ölümü heç nəyi dəyişməyəcək. Rusiyada və Qafqazda Çeçenistanın rolu və çeçen faktoru dəyişməyəcək. Respublikada vəziyyətin qeyri-sabit olacağına və bundan istifadə oluna biləcəyinə inananların şansı azdır”, - o bildirib.
Lakin bu da var ki, Ramzan Kadırov Putin komandasının qeyri-rus millətindən olan ən parlaq üzvlərindən biridir. Və ya idi. Ondan sonra Çeçenistan, Qafqaz qarışa bilərmi? 
Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”
Əhəd Məmmədli
AG Partiya sədrinin 1-cü müavini Əhəd Məmmədli “Yeni Müsavat”a deyib ki, Ramzan Kadırovun yoxluğu, əksinə, Çeçenistanda xalqın durumuna müsbət mənada təsir edər: “Ramzan Kadırov olmasa, çeçen xalqı bir az da olsa, rahat nəfəs ala bilər. Ümumiyyətlə isə Rusiya Federasiyasının digər subyektləri kimi Çeçenistan da tam olaraq nəzarət altındadır. Kadırov olmayacaq, digər bir idarəçi olacaq və Çeçenstanı idarə edəcək. Hər halda, onun yoxluğu çeçen xalqına rahat nəfəs almaq imkanı yaradar. Hazırda Çeçenistanda bir stanilizm hökm sürür. Şimali Koreyada olduğu kimi, insanlar qorxu içində yaşayırlar. Kadırovun etdiyi cinayətləri bu gün çeçenlər gözəl bilir və vaxt gələcək onu da Yermolovu yada saldıqları tək mənfi obraz kimi xatırlayacaqlar”.

Əhəd Məmmədliyə görə, Kadırovun yoxluğu Çeçenistanda və Qafqazda vəziyyətə təsir etməyəcək: “Çeçenistan qeyd etdiyim kimi, tam olaraq rusların nəzarətindədir. Onun ölümü uzağı, yaxın ətrafı üçün dəyişikliklər ola bilər. Onları vəzifələrdən uzaqlaşdıra bilərlər. Çeçenistanda vəziyyət sabit olaraq qalacaq”.скачать dle 12.1