Bia.Az

Ağdamda qalan 40 ton un, davam edən “aclıq şousu”

Gündəm
 5-09-2023, 09:54     276

Ermənilərdən yeni “teatr”: Xankəndidə çörək bu gündən xüsusi talonlarla satılacaq?

Qarabağda “humanitar böhran” şousuna Fransa və Almaniya ilə yanaşı ABŞ da qoşuldu. Dövlət Departamentinin sözçüsü Metyu Miller bəyan edib ki, ABŞ Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsindən dərin narahatdır.

O bunu belə əsaslandırıb: “Biz layiqli dolanışıq üçün zəruri olan ərzaq, dərman və digər malların blokadası nəticəsində Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsindən dərin narahatıq. Birləşmiş Ştatlar son bir neçə həftə ərzində Dağlıq Qarabağ əhalisinə humanitar yardımın çatması üçün tərəflərlə ardıcıl işləyib. Biz humanitar, kommersiya və sərnişin daşımaları üçün Laçın dəhlizinin dərhal açılmasına çağırışımızı təkrar edirik. Bundan başqa, Bakıdan olan rəsmilər və "Stepanakert"dən olan nümayəndələri təxirə salınmadan Dağlıq Qarabağın kişi, qadın və uşaqları üçün vacib ərzaq ehtiyatlarının, o cümlədən əlavə təchizat marşrutlarının daşınması yollarını razılaşdırmaq üçün görüşməli və bütün həll edilməmiş məsələlər üzrə müzakirələri yenidən açmalıdırlar. Əsas humanitar yardım heç vaxt siyasi ziddiyyətlərin girovu olmamalıdır".
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin bəyanatını şərh edib: “İlk növbədə, Azərbaycan tərəfinin erməni əsilli sakinlərin tələbatlarının ödənilməsi istiqamətində təklifləri, o cümlədən Ağdam-Xankəndi yolundan istifadə ilə paralel olaraq, Laçın yolundan hərəkətin intensivləşməsi təklifini irəli sürməsinin, eləcə də gündəlik əsasda onlarla erməni sakinin Laçın sərhəd-buraxılış məntəqəsindən hər iki istiqamətdə keçməsi fonunda bölgədə "blokada" olması iddiaları qəbuledilməzdir.
Erməni sakinlərin bəzi nümayəndələrinin Azərbaycan ərazilərində yerləşən Rusiya sülhməramlı kontingenti vasitəsilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Ağdam-Xankəndi istiqamətinə göndərilmiş və hazırda Xankəndinə keçidi gözləyən yük maşınlarına mane olmaq istiqamətində səyləri və yolu bağlaması bölgədə “gərgin humanitar vəziyyət” mövcudluğu iddialarını əsassız edir. Azərbaycanın Qarabağ bölgəsində məskunlaşan erməni sakinlərin reinteqrasiyası, Qarabağ bölgəsinə humanitar yüklərin müxtəlif marşrutlarla çatdırılması, həmçinin Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərin nümayəndələri arasında görüşün təşkili ilə bağlı Azərbaycanın erməni sakinləri dəfələrlə görüşə dəvət etməsi, bu istiqamətdə görüşlərin təşkili ilə bağlı əldə olunmuş razılıqlardan Ermənistan tərəfinin öz qondarma rejimi vasitəsilə qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sürməklə boyun qaçırması ABŞ tərəfinə yaxşı məlumdur. Azərbaycan tərəfinin bu istiqamətdə təkliflərinin davamlı olaraq rədd edilməsi isə vəziyyətin heç də humanitar deyil, əksinə, siyasi xarakter daşıdığını bir daha nümayiş etdirir. Azərbaycan Respublikası dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında bölgədə sülh, təhlükəsizlik və sabitliyin bərqərar olmasında, erməni sakinlərin ölkəmizin qanunvericiliyi çərçivəsində reinteqrasiyasında qərarlıdır".
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) vitse-prezidenti Qafar Əsgərzadə hazırkı vəziyyətlə bağlı məlumat verərkən deyib: “Müsbət cavab verildiyi halda biz dərhal müsbət reaksiya verəcəyik və gətirdiyimiz ərzaq yükünün erməniəsilli sakinlərə çatdırılmasını təmin edəcəyik. AzQAC rəhbərliyi tərəfindən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanlığı ilə müvafiq danışıqlar aparılıb. Hələlik qarşı tərəfdən müsbət cavab almamışıq. Bundan başqa, müəyyən texniki məsələlər həllini tapandan, AzQAC əməkdaşlarının təhlükəsizliyinə tam zəmanət veriləndən sonra mütəxəssislər cəlb etməklə monitorinq işləri aparacağıq, qiymətləndirmə edəcəyik. Sonra isə erməniəsilli şəxslərin nəyə ehtiyacı olarsa, müəyyənləşdiriləcək, qiymətləndiriləcək və həmin ərzaqların, məhsulların onlara çatdırılmasına köməklik edəcəyik”.
12c027ce-5c24-42c1-ab6f-da2d39ae0cf8.jpg (153 KB)
 Aqşin Kərimov
Siyasi şərhçi Aqşin Kərimov “Yeni Müsavat”a şərhində qeyd etdi ki, ABŞ Ağdam-Xankəndi yolunun açılmasını istəyir. Ekspertin fikrincə, bu fikri gücləndirəcək arqument Ağdam-Xankəndi marşrutunun işlək olması barədə razılığın Avropa İttifaqının moderatorluğu ilə Azərbaycanla Ermənistan arasında keçirilən danışıqlarda əldə edilməsidir: “Aİ-nin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlərə ABŞ öz projektorlarını salır. Lakin sonradan razılaşmanı sabotaj edən tərəf Rusiya olduğundan ABŞ-ın da mövqeyində köhnə vərdişlər müşahidə edilməyə başlandı. Qısası, Ağdam-Xankəndi  marşrutuna ABŞ da, Rusiya da, Fransa da "soxulmaq" niyyətindədir, belə bir məqamda ən konstruktiv mövqe Avropa İttifaqından gəldi. Mən hesab edirəm ki, Ağdam-Xankəndi yolunun açılmasına qarşı manevrlər çox deyil, sadəcə, məsələ kimin bu amildən ən çox yararlanması cəhdləri ilə əlaqəlidir. Rəqabətin rejimi hansı mətləblərə söykənirsə-söykənsin, Azərbaycanın Ağdam-Xankəndi marşrutunu açmaq gücünə malik olduğu qənaətindəyəm, çünki rəsmi Bakı qarşıya qoyulan çağırışları icra edir, onları yarımçıq saxlamır, hərçənd ki, ciddi maneələrlə də üzləşir. Marşrut açıldıqdan sonra Azərbaycanı Qarabağda yaşayan ermənilər təxribata çəkməyə cəhd edə bilər, lakin Bakı üçün strateji təmkin vacibdir. Üstəgəl, təxribatın miqyasının şişməsi ehtimalı regional sabitlik üçün təhdid olduğundan, Azərbaycan mümkün provokasiyaları güc yolu ilə yatırtmaq hüququndan yararlana bilər".
Bu arada Qarabağ separatçıları növbəti dəfə “humanitar böhran” şousu göstərməyə başlayıblar. Qondarma rejimin “Sosial İnkişaf və Miqrasiya Nazirliyi” məlumat yayaraq bəyan edib ki, yerli ermənilər bundan sonra çörəyi talonla alacaqlar. "Sentyabrın 5-dən Xankəndidə çörək xüsusi talonlarla satılacaq. Sentyabrın 4-dən isə talonların əhaliyə verilməsi prosesinə başlanılacaq", - məlumatda deyilir.скачать dle 12.1