Bia.Az

Azərbaycan və Türkiyə erməni terrorunun hədəfində - NƏ ETMƏLİ?

Siyasət
 2-09-2023, 16:54     346

Yaxın zamanda Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinə qarşı radikal erməni qruplaşmaları tərəfindən hücumların intensivləşməsinə şahidi ola bilərik.

Qeyd edək ki, iyunun 30-da Azərbaycanın Livan Respublikasındakı Səfirliyi qarşısında 50-ə yaxın erməni əsilli şəxs aksiya keçirib. Aksiya zamanı erməni millətçiləri təxribata əl atıblar. Onlar səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı ilə bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar.

Xarici İşlər Nazirliyinin məlumatına görə, hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb. Nazirlik, həmçinin bildirib ki, səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir. Hazırda səfirliyin mühafizəsi daha da gücləndirilib və törədilmiş cinayətlə bağlı araşdırma aparılır.

Bu hadisədən əvvəl də Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayindəliklərinə qarşı bir neçə dəfə belə bir təxribat yaşanıb. 18 sentyabr 2022-ci ildə radikal ermənilər tərəfindən Parisdə Azərbaycan səfirliyinə hücum cəhdi olub və nəticədə Səfirliyin binasına zərər yetirilib. Eyni hal 2020-ci ilin iyul ayında Azərbaycan Respublikasının Avropanın bir neçə ölkəsindəki səfirliyinin binası qarşısında baş verib.

Bütün bunlar baş verərkən ermənilərin terrorizm tarixini, xüsusilə ASALA, ESAD və digər erməni terror təşkilatlarının müxtəlif dövrlərdə Türkiyə Respublikasının ABŞ, Avropa və Yaxın Şərq ölkələrindəki diplomatik nümayindəliklərinə və diplomatlarına, o cümlədən türk aviasiya şirkətlərinə qarşı təşkil etdikləri terror hücumlarını da nəzərdən qaçırmaq olmaz. Bununla bağlı kifayət qədər misal gətirmək olar.

Ümumiyyətlə, erməni terrorunu üç əsas tarixi dövrə bölmək olar: 1896-1905-ci illər ilk dövrü, 1918-1923-cü illər ikinci dövrü və 1973-1994-cü illər üçüncü dövrü. 1896-cı ildə Osmanlı Bankını işğal edərək, içərisində əcnəbilərin də olduğu 150 şəxsi əsir götürən erməni terrorçularının əsas hədəfi dünya ictimaiyyətinin diqqətini “erməni məsələsi”nə yönəltmək idi. Erməni terrorizminin ikinci dalğası isə həm türk, həm də Azərbaycan dövlət xadimlərini əhatə edirdi. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri olmuş Fətəli xan Xoyski Tiflisdə qətlə yetirildi, 1921-ci ildə də keçmiş Daxili İşlər naziri Behmud xan Cavanşir də İstanbulda erməni terrorçular tərəfindən öldürüldü.Bu siyahıda Osmanlı dövlətinin daxili işlər naziri Tələt Paşa, Sədrəzəm Sait Halim Paşa, hərbiyyə haziri Ənvər Paşa və digər rəsmilərin erməni terrorçuları tərəfindən qətlə yetirilməsini də əlavə etmək lazımdır.

ASALA-nın terror hücumları nəticəsində bir çox yüksək çinli Türkiyə diplomatları, xüsusilə 1975-ci ilin 14 oktyabrında Fransanın paytaxtı Parisdə səfir İsmail Erez və onun sürücüsü Talip Yener, 1975-ci ilin 22 oktyabrında Vyanada səfir Danış Tunalıgili, 1976-ci ilin 16 fevralında Beyrutda Türkiyə səfirliyinin birinci katibi Oktar Sirit, 1979-ci ilin 12 oktyabrında Hollandiyanın Haqa şəhərində səfir Özdəmir Benlər, 1981-ci ilin 9 iyununda Cenevrədəki Türkiyə konsulluğunun katibi Mehmet Savaş Ergüz, 1982-ci ilin Bolqarıstanın Burqas şəhərində Türkiyə konsulluğunun inzibati məsələlər üzrə attaşesi Bora Suelkan və 1983-ci ilin 14 iyulunda Brüsseldə Türkiyə səfirliyinin attaşesi Dursun Aksoy qətlə yetirilib.

Eyni zamanda, ASALA və ESAD-ın erməni terrorçuları Türkiyə Respublikasının Fransa, İsveçrə, Hollandiya, Livan və İrandakı Səfirliyinin binası qarşısında partlayışlar da törədiblər. Bu qanlı tarixə nəzər yetirərkən, regionda Azərbaycanın xeyrinə gedən siyasi proseslər fonunda Ermənistanda və müxtəlif ölkələrdə radikal, revanşist erməni millətçilərinin “qisasçılıq” meyillərinin artmasına şahidi ola bilərik. Yəni yaxın günlərdə Azərbaycan, eləcə də Türkiyə Respublikasının xarici ölkələrdəki diplomatik nümayindəliklərinə qarşı erməni terrorçu qruplaşmalarının terror hücumlarının yenidən başlanmayacağına heç kəs zəmanət verə bilməz.

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babalı “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, Azərbaycan və Türkiyəyə qarşı erməni terrorunun yenidən baş verməsi hər an mümkündür:

“Radikal erməni millətçiləri öz məqsədlərinə çatmaq üçün terrorun hər vasitəsindən istifadə ediblər. Ölkəmiz otuz illik işğal dövründə erməni terroru ilə üz-üzə qalıb. Onu da nəzərə almaq lazımdır ki, ermənilərin etnik psixologiyasında terrorçuluq bir mübarizə vasitəsi kimi möhkəm yer tutub. Tarixən bu, özünü dəfələrlə sübut edib. Hələ Osmanlı dövründən başlaraq türk diplomatlar, həmçinin 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin diplomatları erməni terroruna məruz qalıblar.

Bununla yanaşı, 20-ci əsrin 70 və 80-ci illərində ASALA və digər erməni terror təşkilatları Türkiyənin xarici ölkələrdəki diplomatik nümayindəliklərinə və türk diplomatlarına qarşı saysız-hesabsız terror aktları törədiblər. Amma sonda Türkiyə erməni terroruna qarşı advekat cavablar verdi. Türkiyənin təhlükəsizlik orqanları tərəfindən görülən ciddi və zəruri tədbirlər nəticəsində türk diplomatlarına qarşı terrorun qarşısı alındı. Radikal erməni millətçiləri yenidən terrora əl atacaqları təqdirdə onlar qarşılarında güclü Azərbaycan və Türkiyəni görəcəklər. Həm Azərbaycan, həm də Türkiyə erməni terrorçu qruplaşmaların terror planlarının həyata keçməsinə imkan verməyəcək. Yaxın gələcəkdə bu kimi halların qarşısının alınması üçün tədbirlər görülməyə başlanılıb”.

Hərbi ekspert, "Caliber" hərbi-analitik internet-layihəsinin rəhbəri Heydər Mirzə məsələyə bu cür münasibət bildirib:

“2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan o qədər ölkənin, müəyyən siyasi dairələrin sifətinə elə acı bibər damızdırıb ki, təkcə erməni tərəfi yox, bir çoxları da bundan acıq çıxmaq istəyir. Burada təkcə erməni millətçilərindən söhbət gedə bilməz. Həmçinin İrana yaxın olan terror qruplaşmalarından da təhlükə gözləmək olar. Keçən ilin sentyabrında Parisdə erməni təxribatçıları səfirliyimizə girməyə cəhd etmişdilər. Lakin bunun qarşısı alındı.

Bundan başqa, bu ilin yanvarın 27-də Tehrandakı səfirliyimizə hücum oldu. Düzdür, səfirlik əməkdaşlarının şücaəti nəticəsində terrorçunun qarşısı alındı, amma səfirliyin bir əməkdaşı şəhid oldu. Yəni, biz bu təcrübədən artıq keçmişik. İstənilən halda erməni tərəfi və digər qüvvələrin terror hücumlarına qarşı mübarizə aparmağa hazır olmalıyıq”.

Politoloq Elçin Xalidbəyli isə vurğulayıb ki, hər hansı erməni terror qruplaşması Azərbaycan və Türkiyənin xarici ölkələrdəki diplomatik nümayindəliklərinə qarşı terror aktları törətməyə cəhd göstərsələr, onlar hər iki qardaş ölkənin ciddi müqaviməti ilə üzləşəcəklər:

“Erməni millətçiləri hər zaman terrora üstünlük veriblər. Tarixən ermənilər terrordan başqa bir şey bacarmadıqlarını sübut ediblər. Bu baxımdan dünyada terror təşkilatlarına sahib olan toplumlardan biri məhz ermənilərdir. Əlbəttə, son siyasi proseslər fonunda xarici ölkələrdə erməni qruplaşmaları yenidən Azərbaycan və Türkiyəyə qarşı terror fəaliyyətinə başlaya bilərlər.

Amma burada mühüm bir məqamı diqqətdən qaçırmaq olmaz. Erməni qruplaşmaları terrora əl atsalar belə, onların terror aktları keçən əsrin 70 və 80-ci illərdə törətdikləri terror aktları kimi öz effektini verməyəcək. Əksinə, bu, Ermənistana və dünyadakı erməni toplumunun özünə qarşı çevriləcək. Keçən əsrin 70 və 80-ci illərdə erməni terrorçularının cinayətləri cəzasız qalırdı, amma onların budəfəki terror aktları cəzasız qalmayacaq. Azərbaycan və Türkiyə birlikdə buna ciddi advekat cavablar verəcək. Əgər ermənilər belə bir ağılsız addıma cəsarət etsələr, bunun hesabını ilk növbədə Ermənistan verəcək”.
скачать dle 12.1