Bia.Az

BÖYÜK TOQQUŞMALARIN ANONSU... - "Qarabağda və sərhəddə qan su yerinə axmalıdır"

Gündəm
 2-09-2023, 16:52     338

Ötən gün səhər saatlarında Ermənistan silahlı qüvvələri bölmələri Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub. Hərbi təxribatı genişləndirən Ermənistan ordusu zərbə PUA-larından,artilleriyadan və minaatanlardan da istifadə edib. Toqquşmalar nəticəsində Azərbaycan Ordusunun üç hərbi qulluqçusu yaralanıb.

Qeyd olunan istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb. Nəticəsə Ermənistan silahlı qüvvələrinin dörd hərbçisi məhv edilib, biri yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistan tərəfinin törətdiyi təxribatın nəticələrinə görə bütün məsuliyyət məhz bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Toqquşmaların gözlənilən olduğunu deyən hərbi ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov AYNA-ya deyib ki, baş verənlər təəccüblü deyil. DİA.AZ onunla söhbəti təqdim edir:

- İndi baş verənlər qarşıdan gələn həftələrdə olacaq böyük toqquşmaların anonsudur. Ona görə ki, Qarabağda və sərhəddə qan su yerinə axmalıdır. Bu, bədbəxt Ermənistana lazım deyil. Baxın, artıq 4 erməni hərbçinin məhv edildiyi, birinin yaralandığı barədə Ermənistan tərəfinin rəsmi açıqlaması var. Mən inanmıram ki, Ermənistana bu lazımdır. Azərbaycana da bu lazım deyil. Rəsmi Bakı sülh təşəbbüsü ilə çıxış edir. Əlbəttə, təxribatlara da susqun qala bilmərik. Amma bu toqquşmalar maraqlı qüvvələrə, xüsusən də Rusiyaya lazımdır.

Toqquşmalar birdən-birə baş vermədi. Buna əvvəldən hazırlıq gedirdi. Baxın, avqustun 31-də Rusiyanın Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, separatçıların əzizi İqor Xavayev İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdü. Xavayev Qarabağda separatçılığı birbaşa dəstəkləyən rus siyasətçilərdən biridir. Eyni zamanda, həmin gün Rusiyanın Azərbaycana yeni təyin olunan səfiri Bakıda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyx Allahşükür Paşazadə ilə görüşdü. Elə həmin gün qarabağdakı quldur rejimin başçısı Araik Arutunyan "istefaya" getdiyini açıqladı. Ən əsası, bundan bir neçə gün əvvəl Qarabağdakı "rus icması" axmaq bəyanat yaydı. Ondan sonra Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova dedi ki, Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması Rusiyanın Qarabağ məsələsində, Laçın yolu məsələsində əl-qolunu bağladı. Onun açıqlaması təxminən bu səpkidə oldu. Bütün bu görüşlər, bəyanatlar təsadüfi deyil. Baş verən proseslər, sərhəddəki toqquşmalar son iki ayda gedən proseslərin nəticəsidir.

- Dediniz ki, gələcək həftələrdə qanlı toqquşmalar gözlənilir. Bu toqquşmalar genişmiqyaslı müharibəyə çevrilə bilərmi?

- Yenə də deyirəm, nə Azərbaycan, nə də Ermənistan müharibədə maraqlıdır. Heç Ermənistanın havadarları, bu təxribatların törədilməsinə göstəriş verən Rusiya da genişmiqyaslı müharibədə maraqlı deyil. Rusiya sadəcə olaraq, lokal toqquşmalarda maraqlıdır ki, onu da həyata keçirir. Ermənistan ordusunda olan Rusiyaya yaxın hərbçilərə, zabit heyətinə təxribatların törədilməsi üçün göstəriş Moskvadan verilir, onlar da bu təxribatları törədirlər. Rusiyanın məqsədi odur dünyaya bəyan etsin ki, "baxın, mən bölgədə olmasam bunlar bir-birini yeyəcəklər". Təbii, Rusiyanın bundan da başqa da maraqları var, regionla bağlı planları var. O planlar üzrə də siyasətini həyata keçirir. Hesab edirəm ki, baş verən döyüşlər lokal xarakterli olacaq, amma mütəmadi qanlı toqquşmalar baş verəcək.

- Dediyinizdən belə anlaşılır ki, bu, Rusiyanın oyunudur...

- Təbii ki, oyundur. Bu, Rusiya və Ermənistanın oyunudur ki, bu oyuna bizi də cəlb edirlər. Lokal xarakterli toqquşmalar baş verəcək, qarşılıqlı itkilər olacaq. Bununla sülh prosesi də pozulmuş olur.

Ən əsası isə üç hərbçimiz yaralandı, əlil oldu. Nə qədər ki, bu oyunlar davam edəcək, qurbanlarımız olacaq, itkilərimiz, yaralılarımız olacaq.

Rusiyanın da məqsədi budur. Moskva istəyir ki, gərginlik, toqquşmalar mütəmadi davam etsin, Ermənistanla Azərbaycan bir araya gəlməsin, uğurlu sülh danışıqları olmasın, sülh sazişi imzalanmasın. Çünki sülh sazişi imzalanandan sonra Rusiya sülhməramlılarına Qarabağda ehtiyac da qalmayacaq. Rusların Qarabağdan çıxmaması üçün, Qafqazdan çıxmamaq üçün ən əclaf planları həyata keçirəcək.

- Rusiyanın oyunu aydındır. İndi əgər Ermənistan tərəfindən təxribat törədilirsə, buna Azərbaycan Ordusunun cavab verməsi təbii deyilmi?

- Təbii ki, təbiidir. Təxribat törədilirsə, dərhal cavab verilməlidir. Həm də bu cavab ən sərt formada cavab olmalıdır. Amma oyunlara gəlməmək üçün siyasi-diplomatik addımlar atılmalıdır. Azərbaycan Rusiyadan konkret tələb etməlidir ki, bu oyunlara son qoymalıdır. İndi bəzi ekspertlər bildirirlər ki, "nə edək, Rusiya ilə kəllə-kəlləyə gələk?". Hesab edirəm ki, Rusiyadan çəkinmək, qorxmaq lazım deyil. Onsuz da Rusiya dünyada rəzil olmuş durumdadır. Faktiki olaraq, Rusiyanın Ukrayna bataqlığındadır və burnu orada sındırılıb. Rusiyaya yerini göstərmək lazımdır.

Bütün dünyaya da bəyan etməliyik və beynəlxalq ictimaiyyəti o həqiqətə inandırmalıyıq ki, regionda sülhə əngəl Rusiyadır. Rusiya istəmir ki, sülh-əminamanlıq olsun. Azərbaycanın da, elə Ermənistanın da başına gələn bütün bəlaların arxasında dayanan Rusiyadır. Mən bundan başqa yol görmürəm. Neçə ki, qəti tələbimiz olmayacaq, bu toqquşmalar davam edəcək, mütəmadi olaraq hər iki tərəf itkilər verəcək.
скачать dle 12.1