Bia.Az

Samvel Babayan: “Ya Ağdam yolunu açmalı, ya da Qarabağdan köçməliyik”

Gündəm
 30-08-2023, 18:42     275

Qarabağdakı separatçıların nümayəndəsi, qondarma “təhlükəsizlik şurası”nın keçmiş rəhbəri Samvel Babayan “Azatutyan” radisouna müsahibə verib. JAMAZ.İNFO bildirir ki, həmin açıqlamasında Babayan yeni təkliflərindən, “paket həll” variantından bəhs edib.

O deyib ki, onun Ağdamdan malların Xankəndinə gətirilməsinə tərəfdar olması barədə deyilənlər yalandır. “Mənim mövqeyim ondan ibarətdir ki, paket həlli çərçivəsində mallar eyni vaxtda Laçın dəhlizi və Ağdam vasitəsilə Qarabağa daxil olmalıdır. Bundan əlavə, “paket həll” Qarabağın statusu məsələsini də əhatə etməlidir. Yəni, biz hara və nəyə getdiyimizi bilməliyik. Əks halda, bir neçə maşın yük gətizdirməklə problem həll olunmayacaq”.

Babayan bildirib ki, “paket həll” ona görə lazımdır ki, Qarabağın gələcək aqibətinə də aydınlıq gətirilsin. O qeyd edib ki, Azərbaycanla danışıqlarda heç olmasa ümumi prinsiplər müəyyən edilməlidir. “Deyək ki, həm Laçın yolu, həm də Ağdam yolu açılıb. Hər gün hər iki yoldan 10 maşın buraxılmasına razılaşdıq. Bəs, sonra? Axı, bu problemi həll etmir. Ona görə də, gələcəyimizlə bağlı məsələyə aydınlıq gətirliməlidir. Ondan sonra biz ikinci hansı addımlar atacağımızı müəyyənləşdirə bilək”.

O iddia edib ki, Azərbaycan tərəfi də buna razılaşacaq. Lakin o, bu əminliyinin haradan qaynaqlandığını deməyib.

Separatçı onu da deyib ki, yaxın günlərdə 20 bənddən ibarət təkliflərini ictimaiyyətə təqdim edəcək. “Biz təklif edirik ki, siyasi qüvvələr prosesdə iştirak etsin, ictimaiyyətin razılığı alınsın, daha sonra isə həyata keçirilsin. Amma bizim təklifi heç kim qəbul etmir”.
Babayan onu da vurğulayıb ki, daha 7 gün gözləyəcəklər. “Daha 7 gün gözləyək. Görək, bu dəfə kimə hücum çəkəcəklər. Durub, etiraf etsinlər ki, ay camaat, bizim başqa çarəmiz yoxdur. O zaman necə edək? Köçək Qarabağdan?”

Separatçıların nümayəndəsi son toplantıda müzakirə olunan məsələlərə də toxunub. O deyib ki, həmin yığıncaqda Arayik Harutyunyan təklif edib ki, ya Ağdam yolu ilə yüklərin alınmasına razılaşmalı və Azərbaycana reinteqrasiya etməlidirilər, ya da Qarabağı tərk etməlidirlər. “Mən belə görürəm ki, Qarabağdakı indiki rəhbərlik yeni situasiyadan bəhs edir. Yanaşma isə belədir ki, Ağdamdan yük qəbulundan imtina edirsən, müzakirə aparırsan, daha sonra yardımı qəbul edirsən. Ya da Qarabağı tərk edirsən. Yaxın günlərdə bununla bağlı açıqlama verəcəklər”.скачать dle 12.1