Bia.Az

Tahir Kərimlini də Fazil Mustafa kimi “qaralayıblar” - NƏ BAŞ VERİR?

---
 26-08-2023, 01:50     296

Millət vəkili Tahir Kərimli 30 yaşından yuxarı ailə qurmayan vətəndaşların dövlətə vergi verməli olduğunu dilə gətirib.

Vəhdət Partiyası Mətbuat Xidməti isə bəyanat yayaraq deyilənləri təkzib edib: “Sosial mediada Vəhdət Partiyasının sədri Tahir Kərimlinin 30 yaşdan yuxarı evlənməyən şəxslərdən vergi tutulması təklifi barədə yalan məlumatlar yayılıb. Bildiririk ki, Tahir Kərimli nəinki belə təklif verməyib, hətta bunun mümkün olmadığını bildirib. Kimlərsə onun nüfuzuna zərbə vurmaq üçün belə böhtan məlumatlar veriblər ki, qəti şəkildə bunu pisləyirik”.

Qeyd edək ki, bəzi media orqanlarında və sosial şəbəkələrdə millət vəkillərinin, ayrı-ayrı məmurların adından yayılan saxta paylaşımlara gəldikdə isə bu ilk hal deyil. Biz zaman-zaman millət vəkillərinin adından bu cür qıcıqlandırıcı paylaşımların edildiyinə şahid oluruq.

DİA.AZ-ın məlumatına görə, millət vəkili Fazil Mustafa isə “Sherg.az”a açıqlamasında deyib ki, bu dezinformasiyalar xüsusi şəbəkələr tərəfindən məqsədli şəkildə yayılır. İnsanları daha çox qıcıqlandıran və ağlabatan olmayan fikirlərdən istifadə edirlər:

- Bu paylaşımların arxasında sadəcə hakimiyyətə düşmən olan yox, elə hakimiyyətin içərisində olan qruplar da dayanır. Xatırladım ki, elə 3-4 gün əvvəl mənim barəmdə də bu cür ağlagəlməz bir paylaşım edilmişdi. Guya, Fazil Mustafa əlillik dərəcəsi istəyir. Halbuki, mənim belə bir müraciətim olmayıb. Məqsədli şəkildə “Müsavat TV"nin efirində qeyd etdiyim fikirlər təhrif olunub. Halbuki, xəsarət dərəcəsinin müəyyən edilməsi hüquqi prosedurdur. Qarşıda olan məhkəmə prosesində hansı dərəcədə xəsarət aldığımı göstərən sənədlərin təsbit olunmasına ehtiyac var. Bununla bağlı müvafiq qurumlar xəsarətin dərəcəsini müəyyən etmək üçün addımlar atırlar. Hansısa bir imtiyaz üçün müraciət etməmişəm ki!?

Bu xəbər qısa bir vaxtda hakimiyyətə bağlı və hakimiyyətə qarşı olan bütün saytlarda paylaşıldı. Belə başa düşdüm ki, bu gün Azərbaycan dövlətinə düşmən olan iki zümrə özünü xüsusi fərqləndirir. Biri “kəriməçilər”, digəri isə “Kərimovçular”dır. Hər ikisi eyni mənbədən qidalanan şəbəkələrdir. Mənə qarşı terror aktı törədiləndə də hər iki şəbəkənin sevinc qışqırıqlarını eşitdik. Haqqımda paylaşılan bütün xəbərlərin altında ya məni təhqir edir, ya da güllələnməyimə sevinirdilər. Tahir Kərimli ilə bağlı vəziyyət də eyni cürdür. Həm ölkəmizə düşmən olan qüvvələr, həm də hakimiyyət daxilində bizim fəaliyyətimizi gözü götürməyən, bizi qaralamaq istəyən qruplar mənasız böhtanlarla bizim işimizə kölgə salmağa çalışırlar. Hesab edirəm ki, düşünən, ayıq insanlar bu cür paylaşımlarla ehtiyatlı olmalıdır. Yayılan informasiyanın nə dərəcədə məntiqə uyğun olduğunu düşünmək lazımdır.
Əlbəttə, bütün bunlar müxtəlif dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin nüfuzuna xələl gətirmək, onların imicini ləkələmək, görülən işlərə kölgə salmağa hesablanır. Bəzi media resurslarının ayrı-ayrı şəxslərin və maraq qruplarının əlində alətə çevrilməsi, vicdanlı jurnalistlərin və qərəzsiz medianın da fəaliyyətini çətinləşdirir.
скачать dle 12.1