Bia.Az

Çörəyin qiyməti bahalaşır? - AÇIQLAMA

Sosial
 26-08-2023, 01:38     582

Rusiya Azərbaycan üçün buğda, arpa və qarğıdalının əsas idxalçısıdır.

Cari ilin birinci yarımilliyində Azərbaycanın buğda idxalının 66,3 %-i, arpa idxalının 81 %-i, qarğıdalı idxalının isə 66 %-i bu ölkədən olub. Avqustun 23-dən Rusiyada arpa, buğda və qarğıdalı ixracı üzrə gömrük rüsumları artırılıb. Bundan bir həftə əvvəlki tarixlə müqayisədə bir ton buğdanın ixrac rüsumu 15 % artırılaraq 4 min 269,9 rubl, arpanın ixrac rüsumu 95,7 % artırılaraq 860,3 rubl, qarğıdalının ixrac rüsumu isə 14,7 % artırılaraq 2 min 495,3 rubl olub.

Maraqlıdır, Azərbaycanda taxılın və çörəyin qiymətində bahalaşma gözlənilə bilərmi?

DİA.AZ-ın məlumatına görə, “Cümhuriyət”-ə açıqlamasında iqtisadçı Eyyub Kərimli bildirib ki, Rusiyanın ixrac rüsumlarını artırması ölkəmizdə taxıl və unun qiymətinin artmasına səbəb ola bilər:

"Ötən il də Rusiya taxıl idxal rüsumlarını 2 dəfə artırdı. Hər 6 aydan bir 10 faiz tətbiq edirdi. Bu da sözsüz ki, qiymətin artmasına müəyyən təsir etmişdi. Bilirsiniz ki, taxıl idxalı əsasən Rusiyadandır və ölkəmizin istehlakının 40 faizi bu ölkənin payına düşür. Bu baxımdan əlbəttə, Rusiyanın ixrac rüsumlarını artırması ölkəmizdə taxıl və unun qiymətinin artmasına səbəb ola bilər.

Düşünürəm ki, bu, haradasa 5 faiz civarında baş verə bilər. Rusiya Ukrayna ilə müharibəyə başladıqdan sonra bir neçə dəfə bu addımı atmışdı. Çünki Rusiya başqa ölkələrə taxılını sata bilmir, embarqo qoyulub. Həm rə Rusiyada rubl dəyərini itirir. Bu baxımdan da, taxılın ixrac rüsumları rublla hesablanacaq. Ona görə hesab edirəm ki, qiymət artımına əhəmiyyətli təsir olmayacaq".

Onun sözlərinə görə, Rusiya sanksiyalara görə əsas bazarlarını itirmək istəmir:

"Məsələn, hazırda Rusiyadan idxal olunan bir sıra məhsullarda qiymətin ucuzlaşdığını görə bilərik. Məsələn, bitki yağının qiymətində ilin əvvəli ilə müqayisədə ucuzlaşma var. Düşünmürəm ki, tezliklə bahalıq müşahidə edilsin. Çünki Rusiya başqa ölkələrə nəsə sata bilmir. Ona görə hesab edirəm ki, qiymətləri artırmaqla məhdud bazarını itirmiş olar. Rusiya sanksiyalar səbəbindən geniş bazarlara malik deyil. Ən çox MDB bazarına çıxış əldə edə bilir. Buna görə də böyük qiymət artımına getməz ".
скачать dle 12.1