Bia.Az

Avropada bitməyən anti-Quran rəzaləti - 60 ölkə eyni vaxtda bu addımı atsa...

Siyasət
 25-08-2023, 11:54     320

İsveç və Danimarkada müqəddəs "Qurani-Kərim"ə qarşı həqarətlər davam edir. İslam dünyasından edilən etirazlar, hələ ki, nəticə vermir. Bu ölkələrin səfirlərini bir sıra müsəlman dövlətlərinin XİN-lərinə (Türkiyə, İraq, İran) çağırılması da nəticəsiz qalmaqdadır.
Avqustun 23-də Danimarkanın müvəqqəti işlər vəkili bir ayda dördüncü dəfə (18, 21, 22, 23 avqust) Türkiyə XİN-ə çağırılıb. Lakin belə görünür, müsəlman dövlətlərinin, onların yeganə vahid təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) daha sərt və sinxron tədbirlərinə ehtiyac var. 
“İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr "Qurani-Kərim"in təkrar təhqir edilməsi fonunda İsveç və  Danimarkadan malların alınmasına embarqo tətbiq etməyi nəzərdən keçirəcək”. Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib.
“İran İslam Respublikası adından İsveç və Danimarka hökumətlərinə və polisinə xəbərdarlıq etmək istərdim ki, İslam dünyası və İslam ümməti "Qurani-Kərim"ə qarşı davam edən təhqirlərə dözməyəcəklər”, - Abdullahiyan qeyd edib. Onun sözlərinə görə, İƏT ölkələrinin xarici işlər nazirlərinin görüşündə islam dünyası tərəfindən İsveç və Danimarka mallarına embarqo qoyulması ideyası səsləndirilib və bu məsələyə xarici işlər nazirləri tərəfindən baxılacaq. Bəs İƏT, nəhayət, embarqo ilə bağlı yekdil qərar qəbul edəcəkmi? Təsiri olacaqmı? Yaxud, məsələn, niyə 60 ölkə bu iki ölkədəki səfirlərini geri çağırmır və ya onların səfirlərini qovmur?
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əsgərov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, İƏT bununla əlaqədar hələ iyulun 31-də İƏT xarici işlər nazirləri şurasının növbədənkənar toplantısını çağırıb. O toplantıda bütün islam ölkələri XİN-lərinə tövsiyə olunub ki, ayrı-ayrılıqda AŞ-yə müraciət edib etiraz etsinlər. Eyni zamanda tövsiyə olunub ki, Danimarka və İsveçdən səfirlərini məşvərət üçün müvəqqəti geri çağırsınlar. Bundan başqa, qərara alınıb ki, İƏT XIN nazirlərindən ibarət nümayəndə heyəti yaradılsın və AŞ ilə Quranı yandırmağın qadağan olunması ilə bağlı danışıqlar aparmaq üçün Avropaya göndərilsin. Əlavə olaraq bütün İƏT üzv ölkələrdən AŞ-yə etiraz etmək, Quranın yandırılmasını qadağan edən qərarlar qəbul edənədək təzyiq göstərməyə çağırılıb. Türkiyə, İran, İraqın XİN-lərinin etirazları da həmin növbədənkənar toplantıda alınmış qərarlara uyğun atılır. İƏT-in bu tələblərinə cavab olaraq AŞ, İƏT ilə bu barədə danışıqlar aparmağa hazır olduğunu deyib və konkret təkliflər gözlədiyini bildirib. AŞ beynəlxalq münasibətlər katibliyi də etiraf edib ki, AŞ ölkələrində qanun icazə versə də, Quranın yandırılması düzgün deyil və bunun qadağan olunması üçün Quranın yandırılması kriminallaşdırılmalıdır, yəni cinayət hesab olunmalıdır. Amma bu barədə bütün AŞ üzv ölkələrində ayrı ayrılıqda qərar qəbul edilməlidir. Bildiyimə görə, hazırda bu istiqamətdə iş gedir və Quranın yandırılmasının cinayət hesab olunması barədə qanunun qəbulu yolları, onların konstitusiyaya uyğunlaşdırılması məsələsi müzakirə olunur. Əlavə edim ki, İƏT dövlətlərarası təşkilatdır və öz-özlüyündə üzv dövlətlər adından qərar vermək hüququna malik deyil. Odur ki, embarqo məsələsini də yalnız tövsiyə edə bilər".
Dünyanı tolerantlığa səsləyən Qərbin dini dözümsüzlüyü...
Kənan Rövşənoğlu
Dini mövzular üzrə ixtisaslaşan jurnalist Kənan Rövşənoğlu da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “İslam Əməkdaşlıq Təşkilatı 54 il əvvəl bugünkü günlərdə İsraildə məqsəd əl-Əqsa məscidinin fanatik protestant tərəfindən yandırılmasına və ümumilikdə İsrail-Fələstin münaqişəsinin həllini sürətləndirmək məqsədilə yaradılıb. Ancaq bu günə qədər İƏT-in ciddi bir təsiri olmayıb. Yalnız bir dəfə 1973-cü ildə ərəb ölkələri birləşərək Qərbə qarşı neft embarqosu tətbiq edib və müəyyən uğura nail olub. Ancaq ondan sonrakı tarixdə hər hansı ciddi bir nəticəyə səbəb olan addım ata bilməyib. Yəni müsəlman ölkələrinin birgə addım ata bilməməsi qeyri-adi hadisə deyil. O ki qaldı konkret olaraq Danimarka və İsveçdə "Quran-Kərim"in yandırılmasına, hər kəs anlayır ki, bu, müəyyən radikal qrupların təxribatçı addımdır. Burada yeganə qınaq doğuran məsələ adıçəkilən ölkələrin dövlət orqanlarının bu cür provokativ hərəkətə adekvat cavab verməməsi və faktiki olaraq göz yummaqla şərait yaratmalarıdır. Düzdür, son həftələrdə İsveç və Danimarka hökumətləri xarici işlər nazirləri və baş nazir səviyyəsində hadisəni pisləyib. Ancaq gedişat göstərir ki, təxribatçılari bu cür qinaqlarla dayandırmaq mümkün olmayacaq. Bu səbəbdən də daha qətiyyətli addım atılmalıdır. Ancaq bu məsələdə hədəf o ölkələr və ya xalqlar deyil, təxribatçılar və onlara göz yuman hökumət qurumları olmalıdır. Ancaq düşünürəm ki, müsəlman ölkələrinin özlərinin daxilində olan problemlər onların bu kimi məsələlərdə daha qətiyyətli addımlar atmasına mane olur”. 
Vüsalə Əhmədova: “İldə bir neçə bank müflis elan olunaraq bağlanacaqsa...”
 Vüsalə Əhmədova 
Beynəlxalq hüquq üzrə mütəxəssis, iqtisadçı Vüsalə Əhmədova də bizimlə söhbətdə dedi ki, bundan əvvəl də  İslam Əməkdaşlıq Təşkilatının tələbi ilə Quranın yandırılması ilə bağlı məsələ BMT-nin İnsan Hüquqları Şurasının növbədənkənar sessiyasında səsverməyə çıxarılıb: “Quranı hədəf alan və ”dinə nifrət" olaraq xarakterizə edilən hücumların pislənməsini tələb edən qanun layihəsi 28 səs lehinə, 12 səs əleyhinə, 7 bitərəf qalmaqla qəbul edildi. Qərarda dinə nifrət və təbliğat aktlarının qarşısının alınmasına və həmin aktları təşkil edən şəxslərin mühakimə olunmasına mane ola biləcək boşluqları doldurmaları üçün dövlətlərə öz yerli qanunlarına yenidən baxmaları tələb olunurdu. Yəni daha dəqiq qeyd etsək, bu şəxslərin cəzalandırılması yalnız ölkənin yerli qanunları ilə mümkündür. Ölkələrin qanunverici orqanlarının BMT-nin İnsan Hüquqları Şurasının rəyini diqqətə alıb-almayacağı isə məlum deyil. Bundan əlavə, səsvermənin nəticələrinə baxsaq görərik ki, Qərb ölkələrinin əksəriyyəti qərarın əleyhinə səs verib. Buradan belə nəticə çıxarmaq olar ki, Qərb ölkələri üçün “ifadə azadlığı” daha prioritet təşkil edir. Düşünürəm ki, müsəlman ölkələrinin dövlət səviyyəsində sərt reaksiyaları davam etdiyi müddətcə, Qərb ölkələrində bu qəbildən aksiyalar da davam edəcək. Hazırda İslam Əməkdaşlıq Təşkilatı səviyyəsində, İsveç və Danimarkadan idxal olunan mallara embarqo qoyulması ideyasının səsləndirildiyi qeyd edilir. Ümumiyyətlə, hər hansı bir vətəndaş səviyyəsində edilən etiraz aksiyasına dövlət səviyyəsində sərt reaksiya verilməsi doğrudurmu? Öncəliklə bu suala cavab tapmalıyıq.
Nəzərdə tutulan embarqonun mümkün iqtisadi nəticələrinə gəlin nəzər yetirək. Məsələn, Danimarkanın əsas ixrac məhsulları dərman preparatları, dondurulmuş donuz əti və neft məhsullarıdır. 2021-ci il üzrə bu ölkənin ixracı 125.20 milyard dollar təşkil edib hansı ki, ixracda əsas payı Qərb ölkələri tutur. İsveçdə bir qədər fərqlidir, yenə də ümumi vəziyyət oxşardır. İsveçin əsas ixrac məhsulları dərman preparatları, neft məhsulları, avtomobillər, digər mühərrikli nəqliyyat vasitələri, avtomobil hissələri və elektronik cihazlardır. Ölkə 2021-ci ildə toplam 189.84 milyard dollar ixrac həyata keçirib, hansı ki, ixracda əsas payı Qərb ölkələri və ABŞ tutur. İsveçin ixrac həyata keçirdiyi müsəlman ölkələri isə sırasıyla Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və İrandır. Bu ölkələrin də toplam ixracı ortalama 2 milyard dolları keçmir, onun da 1.577 milyard dolları Türkiyənin payına düşür. İdxal həyata keçirdiyi yeganə müsəlman ölkəsi yenə də Türkiyədir, 2022-ci ildə bu ölkədən idxalı 1.544 milyard dollar təşkil edib. Belə görünür ki, müsəlman ölkələrinin toplanıb İsveç və ya Danimarkaya iqtisadi sanksiya tətbiq etməsi bu ölkələr üçün ciddi iqtisadi nəticələr doğurmayacaq. Düşünürəm ki, hər-hansı bir etiraz aksiyası ölkələr arasında iqtisadi sanksiyalara və ya diplomatik əlaqələrin kəsilməsinə rəvac verməməlidir"./“Yeni Müsavat”/скачать dle 12.1