Bia.Az

Borcla bala saxlayan Nemətin sürdüyü maşın – Foto

Cəmiyyət
 22-08-2023, 01:56     245

80-ci illərin sonunda başlayan Meydan hərəkatından populyarlaşan dövrünün məşhur Səttarxan zavodunun 26 yaşlı fəhləsi Nemət Pənahlı illərlə hansısa məsələ ilə bağlı gündəmə gəlir: Meydanın dağıdılması və ordan arvad paltarında qaçmağa çalışanlarla bağlı debatlarda, yaxud Surət Hüseynovun qiyamı (həmin vaxt necəsə Gəncəyə getmişdi) və sonra Prezident Administrasiyasında qısa müddətə çalışmasının səbəbləri xatırlananda yada düşür...

Sonuncu dəfə müsahibə zamanı stulda başaşağı dura bilməsi ilə gündəm olmuşdu, indi oğlunun adına rəsmiləşən, ancaq özünə aid olduğunu təsdiqlədiyi maşınının cərimə meydançasına aparılması ilə meydandadır.
Baş verən olayla bağlı müsahibə verib, yol polisini xeyli tərifləyib, deyib, məni tanıyırlar, heç bir problem yaratmırlar – yəni maşını cərimə meydançasına gedəsi olsa da, göz yumurlar. Ancaq Şamaxıdan qayıdanda Tiflis prospektində cavan uşaq tanımayıb, saxlayıb və maşını cərimə meydançasına yerləşdirib.
DYP-nin rəsmi açıqlamasında isə maşının 1100 manat cərimə borcu yığıldığı bildirilir. Maraqlıdır, belə çıxır ki, DYP onun cəriməlik maşınını idarə etməsinə şərait yaradıb və heç vaxt da “problem” olmayacaqmış – təsadüfən, Tiflis prospektində “sütül” yol polisi ortaya çıxmasaymış.
Bu açıqlamaya da DYP aydınlıq gətirməlidir: görək, hansı əsasla, hansı meyarla cərimə meydançasına getməli maşını onun idarə etməsinə yol polisləri göz yumublar? Yəni qanunlar “tanınmamışlara” aiddir, yollarda “tanınmışlar” toxunulmazdır?
Nemət Pənahlı bu cərimələrin ədalətsiz yazıldığını bildirməklə bərabər (nədənsə bu ədalətsizliklərlə bağlı məhkəməyə müraciət etməyib), deyib ki, maşının hətta sığortası da yoxdur, etdirə bilməyib, çünki pulu yoxdur.
Sitata baxaq: “6 uşağım var. Heç bir yerdən gəlirim yoxdur. Qohumdan, dostdan borc alaraq uşaqlarımı dolandırıram”.
Müsahibəsindən belə aydın olur ki, Nemət Pənahlı vaxtaşırı olaraq maşınından istifadə edir - elə cərimə meydançasına aparılanda da Gəncədən fırlanıb, Şamaxıdan qayıdırmış.
Qohumdan-dostdan borc alıb, bala böyüdən Nemət Pənahlının “Toyota Lənd Kruzer”ə sahib olmasının adını tapmaqda xeyli çətinlik çəkirəm. Bu maşının ən ucuzunun qiyməti 50-60 min manatdan başlayır və üzüyuxarı qalxır.
“Toyota Lənd Kruzer” bahalı olduğu qədər də xərcli maşındır: 100 km-ya ən azı 15-16 litr benzin yandırır. Yəni bu maşınla Gəncəyə gedib-gəlmək üçün ortalama 150 manatlıq yanacaq lazımdır.
Kimsə deyə bilərmi heç yerdə işləməyən, borc pulla ailə saxlayan Nemət Pənahlı bu maşınla necə hərəkət edə bilir? Axı bu avtomobilin aylıq yanacaq xərci ilə böyük bir ailə saxlamaq mümkündür.
“Toyota Lənd Kruzer”dən düşüb, “borcla ailə saxlayıram” sözünü dilə almağı necə bacarmaq olur?
Yeri gəlmişkən: Media Nemət Pənahlını Milli Dövlətçilik Partiyasının sədri kimi təqdim edir.
Milli Dövlətçilik Partiyası yeni qanuna görə 5 min üzvü olmadığını anlayaraq, Ədliyyə Nazirliyinə ləğv edilməsi ilə bağlı müraciət edib. 11 avqust 2023-cü ildə isə partiyanın müraciəti əsasında onun qeydiyyatı ləğv edilib.
Digər tərəfdən, Nemət Pənahlı 2011-ci ilin yanvar ayında silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda müqəssir bilinərək, 6 il müddətinə azadlıqdan məhrum edilib. O, 17 mart 2016-cı ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla əfv edilib.
Yəni partiya sədri deyil, ancaq “xuliqanlıq” maddəsi ilə həbsdə olub.
Belə...скачать dle 12.1