Bia.Az

İranın qonşularla NƏ DƏRDİ? - İNCƏLƏMƏ

Siyasət
 21-08-2023, 10:04     253

Panfarsizmi dövlət ideologiyası səviyyəsinə qaldırıb, irqi siyasəti idarəçilik alətinə çevirmiş İran heç kimlə yola getmir.

Dünyada başqa dövlətə ölüm arzulayıb, onu özünə düşmən sayan ikinci belə bir hakimiyyət və ideologiya mövcud deyil. 1979-cu il fevral inqilabının ilk illərində “İsrailə ölüm!”, “Amerikaya ölüm!“, “İngiltərəyə ölüm!”, “Şurəviyə ölüm!” deyib, qarğış edən bu hakimiyyət bir müddət sonra sonuncu iki sloqanı yığışdırdı. İlk iki şüar isə hələ də söylənilir.

İranda əvvəllər, inqilabın ilk illərində, elə indi də elə düşünürlər ki, ölkəni qarışdıran “ingilis barmağı”dır. Yəni ölkə kənardan qarışdırılır. Rejim hakimiyyətə etiraz edənləri, bir qayda olaraq, qərbin casusu sayır.

İlk baxışda İranı əsasən ABŞ, İsrailin qarışdırması barədə iddialara haqq qazandırmaq da olar. Ancaq bu məqamda ölkənin ətrafına və əməkdaşlıq etdiyi dövlətlərə nəzərə salmaq və sonra mülahizə yürütmək gərəkdir.

İran hakimiyyətin qonşu dövlətlərin, Ermənistan istisna olmaqla, hamısı ilə ciddi problemi var. Rejimin Pakistan, Əfqanıstan, Türkmənistan, Azərbaycan, İraq, Türkiyə, Küveyt, BƏƏ, Bəhreyn dövlətlərinin hər biri ilə ayrı-ayrılıqda çox ciddi problemi var.

Əsas sual budur: İranın, yaxud oradakı mövcud hakimiyyətin qonşularla problemlərinin əsasında nə durur?

Tehran rejimi özünü Səfəvilər və Qacar türk dövləti kimi aparmağa çalışır. Hər iki dövlət imperiya idi. Ancaq fars şovinistlərinə və ya panfarsistlərə aid deyildi. Yaxud, türk düşmənlərinin dediyi kimi, pantürkist də deyildilər. Onlar ərazi və inzibati idarəetmə imperiyası qurmuşdular. Bu, panfarsçıların düşündükərindən və həyata keçirmək niyyətində olduqlarından tamam fərqli bir haldır. Min ilə yaxındır panfarsistlər regionda ağalıq uğrunda mübarizə aparırlar. Bunu islam, daha doğrusu, şiəliklə pərdələməyə çalışırlar.

İrandakı rejimin başlıca bəlası da budur. O, bu yolla ərəblərdən, türklərdən ötən illərin heyfini alır. Məsələn, sasanilərin qisasını ərəblərdən, səlcuqların heyfini türklərdən almağa çalışır, pakistanlı və əfqanıstanlılarla isə Tehranın “böyük qardaş olması”nı qəbul etmədiyi üçün kin saxlayır.

Bu qisas və kin panfarsizmi içindən yeyir. Ona görə qonşu dövlətlərlə xoş davrana bilmir.

İranın keçmiş Prezidenti Həsən Ruhaninin siyasi məsələlər üzrə müşaviri Həmid Əbutalebi bu günlərdə ölkəsinin bəlalarından danışıb. O, rəsmi Tehranın Moskvaya yönəlik xarici siyasətini kəskin tənqid edərək, deyib: “İranın yaxın tarixdə başına gələn bəlaların başında Rusiya durur”.

Keçmiş müşavir BMT Təhlükəsizlik Şurasının İranın atom-nüvə proqramı ilə bağlı qəbul etdiyi 3 qətnamənin lehinə Rusiyanın da səs verdiyini vurğulayaraq, deyib: “Rusiya BMT Təhlükəsizlik Şurasında İranı məhv edib. Pilotsuz təyyarələrlə İslam Respublikasını Ukrayna böhranına daxil edib”.

O, tarixə nəzərə salaraq, İran paytaxtını Rusiyanın işğal etdiyini söyləyib: “Rusiyadan başqa dünyanın hansı ölkəsi ölkəmizin paytaxtını işğal edib? Rusiyanın xərclərini İran xalqı ödəməlidir? Bizim indi problemimiz olan Ukrayna harada idi? Ukrayna ilə çox yaxşı münasibətlərimiz olub”.

Keçmiş müşavir İranın ali rəhbəri Seyid Əli Xamneyini Rusiya hakimiyyətinin yaxın tərəfdaşı hesab edir. Qeyd edək ki, İran lideri Vladimir Putinin Ukraynaya qarşı müharibəsini də dəstəkləyib. O, bunu Qərbə və NATO-ya qarşı olduqları üçün etdiklərini bildirib.

Əbutalebi Xamneyinin adını çəkmədən deyib: “Onlar NATO-nun genişləndiyini deyirlər. NATO ilə sərhədimiz təzə çəkilir? Hələ inqilabdan əvvəl bizim sərhəddə Türkiyədə NATO-nun ən böyük hərbi bazası var idi. NATO qəflətən problemimiz oldu? NATO-nun genişlənməsi – ruslara doğru deməkdir. Rusiyanı müdafiə etməliyik? Ruslar bizi qoruyur?”

Həmid Əbutalebinin fikrincə, İranın xarici siyasətində milli maraqlar öz yerini itirib: “Strukturlar və agentlər strateji qarışıqlıq böhranını həll edə bilmirlər”.

Bu açıqlama sübut edir ki, İrandakı hakimiyyətin düşməni xaric ölkələr deyil. Rusiya isə 300 ilə yaxındır indiki İranın ərazisində mövcud olmuş türk dövlətlərinə qarşı müharibə aparıb. İndiki rejimlə Moskvanı birləşdirən başlıca amil bu düşmənlik olub. Başqa sözlə, İran Ukraynada NATO-ya qarşı deyil. O, yenə paniranist düşüncəsinin əsiridir. Türkiyənin regiondakı nüfuz və artan rolunu həzm edə bilmir. Oyunçu olduğunu nümayiş etdirir. Ukraynada Rusiya tərəfdən çıxış etməklə özünü göstərir.

İrandakı hakimiyyətin düşməni İsrail deyil. Çünki onun İranla heç bir əlaqəsi yoxdur. ABŞ-ın da İranla münasibətləri və əlaqələri yox dərəcəsindədir. O zaman sualın cavabı budur: İran dövlətinin başlıca düşməni panfarsizm və paniranizmdir. Tehran hakimiyyəti indi və gələcəkdə bu hikkədən xilas ola bilməzsə, heç vaxt səmimi qəbul olunmayacaq. Tehrandakı rejimi bir çox hallarda bu şovinist ideologiya ilə dövlət maraqlarını qarışdırır. Elə bəlası da burada başlayır. İran üçün xilas panfarsçılıq və şovinistlikdən imtinadan başlayır.

Sədrəddin Soltan - Pressklub.azскачать dle 12.1