Bia.Az

Rüşvətxor Okampo barəsində şok faktlar: 2 dəfə Ermənistana səfər, seksual manyak, milyoner məmur...

Cəmiyyət
 18-08-2023, 19:05     372

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) ilk prokuroru (ittihamçı) Luis Moreno Okampo (2003-2012) ermənilərin sevimlisinə çevrilib. Niyəsi bəllidir: O, qondarma "Dağlıq Qarabağın prezidenti" Arayik Arutyunyanın sifarişi ilə hazırda Qarabağda baş verənləri "soyqırım kimi" dəyərləndirib. Ermənilər bu faktdan anti-Azərbaycan kampaniyası aparmaq üçün geninə-boluna istifadə edirlər. BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Luis Moreno Okamponun hazırladığı sənədə istinad etdi.

Bolqarıstanın ingilisdilli "sofiaglobe.com” saytı Luis Moreno Olamponun kimliyi ilə bağlı elə bir araşdırma aparıb. Saytın təqdim etdiyi məqalə belə adlanır: "Controversial former prosecutor justified Putin’s narratives" (Mübahisəli keçmişi olan prokuror Putinin uydurmalarına bəraət qazandırdı). 

Elə məqalənin özü çox şeydən xəbər verir. Bu adam Putinə bəraət qazandırmış biridir. BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında bu fakt mütləq və mütləq vurğulanmalı idi. Təəssüf ki, bizim diplomatlar belə bir məqamı, daha doğrusu fürsəti əldən verdilər. Ancaq hələ də gec deyil. Ermənilər ilk fürsətdə yenidən Luis Moreno Okampona istinad edəcəklər. Bax onda "sofiaglobe.com” saytında Luis Moreno Okamponun ifşası ilə bağlı gedən məqamları bir-bir ortaya qoymaq lazımdır. Bu faktlar bizə imkan verir ki, ermənilər bir daha Luis Moreno Okamponun adını belə dilə gətirməyə cəsarət etməsinlər...

Bəs Luis Moreno Okampo Putinin hansı uydumasına bəraət qazandırıb? Əsas məsələ budur. Sayt bu suala belə cavab verir: "Okamponun ortaya atdığı saxta uydurmalar Rusiya tərəfindən 1/4 əsrdən çoxdur ki, Moldovanın, Gürcüstanın, indi isə Ukraynanın və Azərbaycanın bir hissəsinin işğalına haqq qazandırmaq üçün istifadə olunur”.

Məqalənin müəllifi İqor Çalenko yazır ki, separatçıların nəzarətində olan ərazilərin sakinlərinin "soyqırımı” ilə bağlı ritorikadan Kreml müntəzəm olaraq postsovet ölkələrinin bir hissəsinin işğalına və ya onları nəzarət altında saxlamasına haqq qazandırmaq üçün istifadə edir: 
"İndi Kreml Cənubi Qafqazda və beynəlxalq mediada oxşar tezisləri açıq şəkildə sifariş edilmiş "ekspert rəyləri” vasitəsilə təbliğ edir, məsələn, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Moreno Okamponun hesabatı belə bir xarakter daşıyır... Cənab Okampo kimdir? Nə üçün bütün sivil dünya zəhərli kremlpərəst siyasətçilərdən çəkinərkən, keçmiş prokuror birdən birə onların xahişinə cavab vermək qərarına gəldi?”...

Məqalədə qeyd olunur ki, "Forbes”, "Washington Post”, "CNN” və "ABC News” kimi beynəlxalq səviyyəli media orqanları Luis Moreno Okamponu dəfələrlə tənqid edib. 2008-ci ilin sentyabrında Böyük Britaniyanın "The Telegraph” qəzetində dərc olunan məqalədə Okamponun Cənubi Afrikaya səfəri zamanı yerli jurnalisti cinsi əlaqəyə məcbur etdiyi iddia edilirdi. "Prokuror həmin jurnalistin avtomobilinin açarlarını götürür və yalnız cinsi əlaqəyə girməyə razılıq aldıqdan sonra açarı qaytarır”, deyə məlumatda bildirilir. 

Okampoya qarşı ifadəni onun həmkarı, BCM prokurorluğunun mətbuat katibi Kristan Palme verib. Okampo sonradan onu işdən çıxarıb. "The Telegraph” yazırdı: "Bu qanunsuzluq məhkəmənin mövqeyinə ciddi zərbə vurdu”. Həmin iddiaya görə, Okampo cinayət məsuliyyətinə cəlb edilməyib.

Milyoner məmur
2017-ci ildə "Mediapart”dan olan Fransanın siyasi araşdırmaçı jurnalistləri Okamponun ofşor şirkətlərini müəyyən etdilər: "Okampo BCM-nin baş prokuroru olduğu dövrdə dünyanın ən məşhur vergi cənnətlərində adı hallanan şirkətləri idarə edirdi. Ofşor zonadakı maliyyə fəaliyyəti ilə bağlı suala cavab olaraq, keçmiş yüksək çinli prokuror BCM-dəki maaşının "kafi olmadığını” söyləmişdi.

"Mediapart”ın yazdığına görə, BCM-dən ayrıldıqdan sonra Okampo anlaşılmaz dərəcədə böyük aktivlərə sahib idi: Onun Haaqadakı daşınmaz əmlakı (1,2 milyon avro), Argentinada beş mülkü (2,2 milyon dollar) və bankda ən azı 1 milyon dolları üzə çıxdı.

Cinayət var, cəza yoxdur
BCM-nin prokuroru olduğu 9 il ərzində Okampo yalnız bir cinayət işi bağlayıb. Nüfuzlu "The Financial Times” bu barədə 2017-ci ildə yazmışdı: "Onun məhkəmədəki 9 illik fəaliyyəti uğurdan daha çox mübahisə ilə yadda qaldı. BCM-si Konqodakı hərbiləşdirilmiş qrupun lideri Tomas Lubanqa ilə bağlı ilk hökmü yalnız 2012-ci ildə, Okamponun gedişindən bir neçə ay əvvəl verilib. Və bu hökm də qalmaqalsız ötüşmədi.
Uşaqları döyüş əməliyyatlarına cəlb edən Lubanqanın işi 2006-cı ildən Okampo tərəfindən araşdırılıb. Almaniyanın "Spiegel” nəşrinin məlumatına görə, prokurorun günahı ucbatından "iş demək olar ki, iki dəfə dağılıb”. Fransız media layihəsi olan "Zero Impunity” BCM-nin keçmiş əməkdaşına istinad edərək, bu işin araşdırılması zamanı Okamponun bir çox cinayətlərə məhəl qoymadığını bildirdi: "Konqolular üçün əhaliyə ən çox əziyyət verən ən dəhşətli pozuntular zorlama və quldurluqdur. Bununla belə, milislərin törətdiyi bütün seksual zorakılıqlar pərdə arxasında qalıb”.

Nəticədə, Okamponun təcavüzkarlarla əlbir olduğu iddiası ilə Lubanqa heç vaxt cinsi təcavüzdə ittiham olunmadı.

2015-ci ildə qazanc naminə peşəsinin dəyərlərinə xəyanət etdiyi iddia edilən keçmiş BCM prokuroru liviyalı milyarder Həsən Tatanakinin maraqlarının müdafiəçisi oldu. Sonuncu hərbi cinayətkarı, Liviyanın qeyri-qanuni silahlı qruplaşmalarının lideri Xəlifə Haftarın dinc sakinləri öldürməkdə günahlandırıldığını və digər insan haqlarının pozulmasını dəstəkləyib. 2017-ci ildə "Spiegel” Okamponun bu iş üçün 750.000 dollar qonorar aldığını bildirmişdi...

2010-cu ildə Okampo İrəvana BCM-nin prokuroru statusunda gəlib və Ermənistanın eks-prezidenti Serj Sarkisyanla görüşüb. O, 5 ildən sonra ölkə rəhbərliyinin dəvəti ilə "Soyqırım cinayətinə qarşı” forumunda iştirak etmək üçün yenidən İrəvana səfər edib.

2023-cü il iyulun 29-da Qarabağdakı separatçıların rəhbəri Arayik Arutyunyan "ekspert rəyi” almaq üçün keçmiş prokurora müraciət edib. 9 il ərzində BCM-nin bir işini araşdıran prokuror cəmi 9 gündə Qarabağdakı vəziyyəti "nizama sala” bildi.

Əslində, keçmiş prokurorun 28 səhifəlik hesabatı sadəcə bir təbliğat ideyası naminə, Rusiyanın marionet separatçılar vasitəsilə təsir göstərməyə çalışdığı digər postsovet respublikalarında Kremlin maraqlarını təmin etmək üçün yazılıb...

Sabir prokurorun "bu, Artsaxın 120.000 əhalisi üçün humanitar fəlakətdir”, deyir. Ukraynanın "Beşinci Kanal"ının məlumatına görə, "Qarabağdakı erməni anklavının real əhalisi 40.000-dən çox deyil”.

Ukrayna mediası yazır ki, "Putin Gürcüstandakı osetinlər və abxazlarla, Krımda və Donbassda rus dünyasının tərəfdarları ilə bağlı olduğu kimi, Qarabağdakı erməni marionet separatçılarından öz məqsədləri üçün istifadə edir”.

"Newsweek”in Rumıniya versiyasına görə, separatçı əhval-ruhiyyə ilə oynamaq və Ukraynada əvvəllər yerli əhalinin "soyqırımı” ilə bağlı saxtakarlığı təbliğ etmək Moskvaya təkcə Cənubi Qafqazda deyil, həm də Ukraynada hərbi mövcudluğunu saxlamağa imkan verir. Eləcə də Gürcüstanın separatçı regionunda, Cənubi Osetiyada və ya Rusiyanın nəzarətində olan Moldovanın şərq bölgələrində bunu mümkün edir”.

Okamponun nahaq yerə yüksək ictimaiyyətə çatdırılan hesabatını beynəlxalq hüquq üzrə aparıcı ekspert, iddia edilən soyqırımlarla bağlı ittihamlar üzrə ixtisaslaşmış Rodni Dikson da şərh edib.

Diksonun fikrincə, hesabat təkcə qərəzli mahiyyəti ilə seçilmir, həm də "soyqırım” anlayışını şərh etməkdə tamamilə səriştəsizdir və "faktlara” münasibətdə "açıq selektiv” yanaşma nümayiş etdirir.

Elbəyi HəsənliSürixскачать dle 12.1