Bia.Az

Abdin Fərzəliyev zibildaşıyanı Mehman Səfərov "üfunət qoxuyur"

Fakt
 15-08-2023, 22:28     552

Abşeronda zibildaşıyanlar təzə, zibil problemi köhnə

Abşeron rayonunun qəsəbələrində zibil probleminin dözülməz həddə çatması barədə çox deyilib, çox yazılıb. Ancaq şikayətlərin çoxluğundan görünür ki, ən acınacaqlı vəziyyət Masazır qəsəbəsindədir. Qəsəbə sakinləri deyir ki, küçələr əməlli-başlı zibil deposunu xatırladır. Zibil qutuları aşıb-daşır, üfunətdən ərazidən küçədən keçmək deyil. Buna baxmayaraq, aidiyyəti qurumlar, xüsusilə, Masazır bələdiyyəsi heç tədbir görmür.
Sakinlərin sözlərinə görə, bir ildən çoxdur ki, bu problemlə üzləşiblər: “Əvvəllər bir-iki gündən bir ərazi təmizlənirdi. Amma bir ildən artıqdır ki, ərazi ən tezi 10 gündən bir təmzilənir. Bu müddət ərzində isə vəziyyət dözülməz olur. Üfunət iyindən evdə belə, otura bilmirik”.

Qəsəbəlilər bu məslədə bələdiyyə sədrini suçlu sayırlar. Azər Quliyev may ayından sədr kimi fəaliyyətə başlayıb. Ondan əvvəl isə bələdiyyə sədri Rüfət Fətullayev idi. İddialara görə, Rüfət Fətullayevin Azər Quliyevlə əvəzlənməsi Abdin Fərzəliyevin təşəbbüsüdür. Onun keçmiş bələdiyyə sədri ilə hansı probleminin olduğu bəlli deyil. Məlum olan odur ki, Abdin Fərzəliyev Rüfət Fətullayevlə işləmək istəməyib və onu özünə yaxın olan Azər Quliyevlə əvəzlənməsini həyata keçirib. Sakinlər deyirlər ki, bələdiyyə sədri zibil pulunu, bəzi evlərdən isə hətta üç ayın pulunu qabaqcadan yığdırıb. Amma zibil daşınmayıb. Axırıncı dəfə söz verilib ki, avqustun 14-də zibil təcrüd olunacaq. Hərçənd, bu dəfə də Azərin vədi yalan çıxıb. Bələdiyyə sədri deyib ki, “cəmi ay yarımdır işə başlamışıq (özünün sədrliyə başladığı vaxtdan ötən müddəti nəzərdə tutur), zibil maşınım çatmır, təzə maşınlar səfərbər etmişəm, yaxın günlərdə…”

Məsələ burasıdır ki, Abşeron Rayon İcra Hakimiyyətinin nəzdində yaradılmış “Abad Abşeron” adlı qurum təmizlik işini vaxtlı-vaxtında görmür, maraqları isə yerli bələdiyyələrlə toqquşur. Nəticədə dərəbəylik yaranıb. Bələdiyyə sədri Azər Quliyev də giley edir ki, zibil daşımağa məsul “Abad Abşeron”un rəhbəri Mehman Səfərov pulu yığıb, işi isə yükləyiblər Masazır bələdiyyəsinin üstünə.

Bu günlərdə iqtisadçı ekspert Samir Əliyev də paylaşımında bildirib ki, Abşeron RİH zibil daşınmasını inhisara alıb, başqa şirkətləri bu sektora buraxmır, özləri isə kefləri nə vaxt istəsə, o vaxt təmizlik işlərinə baxırlar. Zibilliyin bu həddə çatması isə xəstəlik mənbəyidir.

Abşeron İcra Hakimiyyətinin başçısı cənab Abdin Fərzəliyev vaxtilə büdcə talançılığına qol qoyan, ETSN-dən qovulan və bir daha həmin Nazirliyin strukturlarında işə götürülməyən şəxslərə “yaşıl işıq” yandıraraq, Mehman Səfərovu Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinə rəis, Namiq Xıdırovu isə bu şəxsə müavin təyin edib. Maraqlıdır ki, bu təyinatlardan sonra rayon ərazisindəki “JEK”lərin ərazilərdəki zibillərin daşımasına köməklik göstərilməsi məqsədilə, Abadlıq və Kommunal Xidmətlər İdarəsinin büdcəsinə hər ay 17 min manat məbləğində pul köçürülür.

Sabiq icra başçısı İradə Gülməmmədovanın hakimiyyəti zamanında zibillərin daşınmasına görə mənzil istismar sahələrinin əməkdaşları qeydiyyatda olan hər nəfərə görə 30 qəpikdən pul yığırdılar və bunun qarşılığında hər kəsə ödəniş qəbzi də verirdilər. Hətta, qeyri-yaşayış sahələrindən daşınan zibillərin hər kubuna görə 11 manatdan pul alınsa da, buna görə də ödəniş qəbzi verilirdi. Yaxud da ki, ödəniləcək məbləğ ümumi hesaba köçürülürdü. Bu gün baş verən odur ki, bütün bu kimi işlər Abadlıq və Kommunal Xidmətlər İdarəsi tərəfindən həyata keçirilsə də, atılan addımlara görə nə bir kimsəyə ödəniş qəbzi verilir, nə də ki, hansısa hesaba köçürmələr həyata keçirilir.

Hələ bunlar azmış kimi, rayon ərazisində tikinti işləri aparan hər bir şəxsin Abşeron RİH Aparatının Memarlıq və Tikinti Şöbəsinə rüsumdan əlavə ödədiyi qeyri-qanunu pulların bir qismi “rayon ərazisində həyata keçirilən təmizlik işlərinə köməklik göstərmək” adı ilə məhz Abadlıq və Kommunal Xidmətlər İdarəsinə verilir. Hərçənd, ərazidə elə nəhəng obyektlər vardır ki, Mehman Səfərovun onlardan “xəbəri yoxdur”.
Sakinlərə bələdiyyə ilə icra hakimiyyətinin vəzifə və səlahiyyət dartışması deyil, zibillərin, tullantıların daşınması lazımdır. Gördükləri odur ki, bələdiyyə üçün də, icra hakimiyyəti üçün də təmizlik prioritet məsələ deyil, onların həvəslə gördükləri əsas iş torpaq satmaq, fərdi ev və obyekt tikintisi üçün sərəncamlar vermək, parklarda gündən-günə attraksionların və ictimai iaşə obyektlərinin sayının artmasına rəvac vermək, uşaqların və ahılların istirahət yerlərini gənclərin qəlyan çəkdikləri əyləncə mərkəzlərinə çevirməkdir. RİH başçısı Abdin Fərzəliyevin saytlarda özünü təriflətdirdiyi mədhnamələrə, sosial şəbəkələrdə ünvanına yazılan haqlı iradların şiddətini azaltmaq üçün saxladığı trolların səy-səy kommentlərinə isə heç kəs inanmır./Nyus.Az/скачать dle 12.1