Bia.Az

“Şəxsən Akif İslamzadəni heç vaxt kənarda görməmişəm, o, hər zaman qiymətləndirilib” - Aqil Abbas

Cəmiyyət
 14-08-2023, 17:03     219

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev müğənni Akif İslamzadənin “Şöhrət” ordeni ilə təltif olunmasıyla bağlı sərəncam imzalayıb.

Xatırladaq ki, Akif İslamzadə və Xalq artisti Rasim Balayev eyni vaxtda, 8 avqust 1948-ci ildə dünyaya gəliblər.

Rasim Balayev 75 illik yubileyi münasibətilə “İstiqlal” ordeni ilə təltif olunduqdan sonra cəmiyyətdə tənqidlər səsləndi ki, bəs Akif İslamzadə kimi sənətkar niyə kənarda saxlanıldı?

Əksəriyyət bunu onunla əlaqələndirdi ki, guya Azərbaycan hökuməti müxalif keçmişinə görə Akif İslamzadəyə fərq qoyur, onu Rasim Balayevdən ayırır, ona qiymət vermir. Amma cəmi bir neçə gün çəkmədi, Akif İslamzadə də dövlət, Prezident tərəfindən qiymətləndirildi.

DİA.AZ bildirir ki, mövzu ilə bağlı millət vəkili Sabir Rüstəmxanlı Musavat.com-a danışıb:

“Bir vaxt yazmışdım ki, mən ömrüm boyu müxalifətçi olmuşam, özüm-özümə də müxalifətçiyəm. Çünki dünyanın hər yerində sənət adamları öz taleyinə müxalifdir, o ki qaldı hökumətə. Akif İslamzadə uzun müddətdir ki, oxumur, amma gənclik illərində qısa müddət oxudu, bununla da özünə bu gün də solmayan, azalmayan şöhrət qazandı. Camaat onu çox sevir. Mahnıları da daim səslənir, repertuardadır. Onun yaradıcılığının bu cür dəyərləndirilməsi çox yaxşı haldır”.

Millət vəkili Aqil Abbas isə qeyd etdi ki, Akif İslamzadə hər zaman xalqın, hökumətin diqqətində olub:

“Onun mahnıları daim televiziyalarda, radiolarda səslənir, eşidilir. Şəxsən Akif İslamzadəni heç vaxt kənarda görməmişəm, o, hər zaman qiymətləndirilib. Prezident də Akif İslamzadəni tanıyır, onun sənətini sevir, dəyərləndirir, indi də “Şöhrət” ordeni ilə təltif edib. Bu münasibətlə onu ürəkdən təbrik edir, uzun ömür arzulayıram.

Akif İslamzadənin Azərbaycan mədəniyyətində, musiqisində qeyri-adi yeri var. Onu heç kim əvəz edə bilməyəcək, necə ki, Rəşid Behbudovu, Müslüm Maqomayevi, Vaqif Mustafazadəni, Rafiq Babayevi əvəz edə bilmirlər. Bu cür sənətkarlar yüz ildən bir dünyaya gəlir”.

Qeyd edək ki, Akif İslamzadə Musavat.com-a açıqlamasında “Şöhrət” ordeni ilə təltif olunmasını böyük sevinc və təəccüb hissilə qarşıladığını, bunun üçün Prezidentə, Azərbaycan xalqına dərin təşəkkürünü bildirib.
скачать dle 12.1