Bia.Az

“Kəndlilər heyvanı sulamağa su tapmır: Örüş, qışlaq, yaylaq əlindən alınıb” - ETİRAZ

Bölgə
 14-08-2023, 14:28     744

"Bu gün kəndli batmış bir təbəqədir. Kənd fəlakət həddindədir. Həmişə dönə-dönə deyirik ki, meliorasiya işinin düzgün təşkil olunmaması, kənd təsərrüfatı ilə bağlı dövlətin dəqiq konsepsiyasının olmaması, dəyər zəncirinin düzgün formalaşdırılmaması kəndli üçün çıxılmaz bir yola girmək deməkdir".

DİA.AZ bildirir ki, bu sözləri Yenisabah.az-a kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov deyib. Kəndlilərin ciddi su problemi yaşadığını bildirən ekspert bu məsələnin həllinin vacib olduğunu bildirib:

"Bu gün Rusiyadakı və Ukraynadakı vəziyyət bəllidir, Azərbaycan ənənəvi kənd təsərrüfatı bazarlarını demək olar ki, itirib. Bu, kənd təsərrüfatı məhsullarının satışında çox ciddi problemlər yaradır. Bu qədər keçən müddət ərzində təəssüf ki, hökumətimiz alternativ bazarlar düşünməyib, yaxud konserv zavodları, meyvə qurutma sexlərinin qurulmasına diqqət etməyib. Bu kimi məsələlər tənzimlənsəydi, satışa getməyən mallar heç olmasa, konservləşdirilsin, yaxud qurudulsun. Ona görə bu gün kəndli məhsulunu qəpik-quruşa satır, bu gün satılan malların 99 faizi maya dəyərinə, yaxud ondan aşağı qiymətə satılır. Bu məsələdə su problemi ən ciddi problem olaraq qalır. Kəndlilər heyvanı sulamağa belə su tapmırlar. Onların örüşünü, qışlağını, yaylağını əlindən alıblar. Ölkədə plansız və xaotik bir iş var. Mən özüm belə anlamıram ki nə istəyirlər".

Ekspertin sözlərinə görə, kənd təsərrüfatı sahəsində çalışan yüksəkvəzifəli şəxslər səriştəsiz olduğu üçün problemlər öz həllini tapmır:

"Gənc kadr adı ilə cəmiyyətə sırınan yeni kadrların ən böyük problemi dövlət təfəkkürlərinin olmamasıdır. Onların şirkət təfəkkürü var. Həmin kadrlar ən yaxşı halda, hansısa şirkətin meneceri ola bilərdilər. Nazir statusunda olan, yüksək vəzifələri tutan şəxslərdə həm də dövlət təfəkkürü olmalıdır, onların vizyonu daha geniş olmalıdır, millətin inkişafını daha yaxşı görməlidirlər. Belə şəxslər mütləq strateji düşünməlidir, 5-10 il sonranı proqnozlaşdırmalıdır. Təəssüf ki, "gənc kadr"larda bu xüsusiyyətlər yoxdur.

Onlar örüş sahələrini kəndlinin əlindən aldılar və orada taxıl, qarğıdalı əkdilər. Amma fərqində deyillər ki, ölkənin 42 faizi kənd təsərrüfatı ilə məşğuldur və onların suyunu kəsdinsə, elə bil başlarını kəsmisən. Onların quru statistikaları formaldır, ailə təsərrüfatlarının faizini onlardan soruşsanız, vəziyyətin nə yerdə olduğunu anlaya bilərsiniz. Halbuki ailə kiçik təsərrüfatları əhalinin 40 faizdən çoxunu təşkil edir.

Bir çox yerdə nəinki əkini sulamağa, heç heyvana verməyə də su tapılmır və kəndlilər çox vaxt suyu maşınlarının arxasında daşıyırlar ki, heyvanının qabağına su qoya bilsin. Melorasiya ilə bağlı görülməli bir çox iş var idi, lakin heç biri görülmədi".

Ş.Nəcəfov qeyd edib ki, vəziyyət bu cür davam edərsə, kəndlilər ya paytaxta, ya da xarici ölkələrə üz tutacaq:

"Növbəti illərdə kəndlərdən şəhərə çox böyük axın olacaq. Onlar şəhərə, yaxud başqa ölkələrə axın edəcəklər, çünki artıq kənddə yaşamağın heç bir anlamı yoxdur. Kəndli üçün təsərrüfatla məşğul olmağın heç bir dəyəri qalmayıb. Gəlib paytaxtda əl əməyini günü 15-20 manata satsa, ondan daha faydalı olacaq. Çünki indiki vəziyyətdə kəndli yüklü miqdarda borcun altına girir, ailəlikcə zəlil olur, ilin sonunda da borcla çıxır. Müşahidə aparsaq görərik ki, bu gün kəndlilərin 70-80 faizi banklara borcludur. Onlar ən cüzi problemlərini belə bankdan faizlə pul götürərək həll etməyə məcbur olurlar. Bu gün kəndlərdə ayı 30 faizə sələm verənlər var. Dünyada belə bir şey yoxdur. Kəndli 100 manat sələmə pul götürür, ay sonu 130 manat qaytarır. Onlar beləcə xəstəsini, dolanışığını yola verməyə çalışır".
скачать dle 12.1