Bia.Az

“Təəssüf ki, bəzi məhkəmələr icra hakimiyyətinin əlində bir cəza aparatı kimi işləyir” - ETİRAZ

Siyasət
 12-08-2023, 18:43     260

"Azərbaycanda söz və fikir azadlığına dözümsüzlük müşahidə olunur. Bəzi məmurlar onların qeyri-qanuni hərəkətlərini ifşa edən jurnalistlərdən özlərini qorumaq üçün hüquq-mühafizə orqanlarındakı yaxınlarından istifadə edirlər. Təəssüf ki, bəzi məhkəmələr icra hakimiyyətinin əlində bir cəza aparatı kimi işləyir. Siyasi və şəxsi sifarişlərin nəticəsində Konstitusiya pozulur, qanunsuz qərarlar çıxarılır. Halbuki klassik şəkildə məhkəmənin əsas vəzifəsi ədalət mühakiməsini həyata keçirməkdir”.

DİA.AZ bildirir ki, bunu TNS-ə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu jurnalist Heydər Oğuzun 6 ay islah işlərinə məhkum edilməsinə dair məhkəmə hökmünə münasibət bildirərkən deyib.

Sərdar Cəlaloğlu vurğulayıb ki, Heydər Oğuza 6 ay ərzində islah işlərinin verilməsi ilə bağlı məhkəmə hökmünün heç bir hüquqi əsası yoxdur: “Bilirsiniz ki, Heydər Oğuz ölkədəki neqativ sosial hallara qarşı çox prinsipial mövqe nümayiş etdirən jurnalistlərdəndir. O, Azərbaycan ədəbiyyatında özünəməxsus tərzi olan şəxslərdən biridir. Onun bir çox bədii əsəri yüksək sənətkarlıq nümunəsidir.

Heydər Oğuz haqqındakı qərarla bu məhkəmə özünü ifşa edib. Qanunsuz hökmlər əslində hakimlərin vicdanlarına qarşı çıxardıqları hökm kimi dəyərləndirilməlidir. Ümid edirəm ki, gələcəkdə Azərbaycanda ədalətli, müstəqil məhkəmə sistemi formalaşacaq. Ölkəmizdə söz və fikir azadlığına görə insanların qeyri-qanuni cəzalandırılırmasına son qoyulacaq".

Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri Etibar Məmmədov isə TNS-ə bildirib ki, bu hökm Azərbaycanın ən peşəkar və ədalətli jurnalistlərdən biri olan Heydər Oğuzu qaralama kampaniyasının tərkib hissəsidir.
Etibar Məmmədov deyib ki, Heydər Oğuza qarşı qərəzli və şər-böhtan xarakterli bir şikayət edilib: “Çox təəssüf ki, heç bir əsas olmadan gülünc məhkəmə hökmü çıxarılıb. Heydər Oğuzun ifadə etdiyi adi sözlər böhtan kimi qiymətləndirilib. Onun haqqında əmək, islah işlərinə cəlb olunma ilə bağlı məhkəmə hökmü birmənalı şəkildə qərəzli və qanunsuzdur. Hesab edirəm ki, Azərbaycan mediasında ən ciddi jurnalistlərdən biri, cəsarətli yazar, həmçinin məntiqinə və bacarıqlarına görə çoxlarından fərqlənən peşəkar media adamı haqqında belə qərarın verilməsi qətiyyən doğru deyil. Düşünürəm ki, tezliklə bu qərəzli məhkəmə hökmü ləğv edilməlidir".

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Sara Əzimova tanınmış jurnalist Heydər Oğuzu məhkəməyə verib. Əzimova iddia edir ki, Heydər Oğuz ona böhtan atıb. Bir neçə ay davam edən məhkəmə prosesindən sonra bu il iyulun 21-də Suraxanı Rayon Məhkəməsi Heydər Oğuza 6 ay islah işləri cəzasının təyin olunmasına dair hökm çıxarıb. Tanınmış jurnalist barəsində çıxarılan hökmün sifarişli və ədalətsiz olduğunu, onun əməlində cinayət tərkibinin olmadığını bildirir. Heydər Oğuz qeyd edir ki, onu Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovla bağlı kəskin tənqidi yazılarına və çıxşlarına görə kimlərsə “cəzalandırıb”. Jurnalist bəraət almaq üçün apellyasiya şikayəti verib.
скачать dle 12.1