Bia.Az

Şenderoviç: Rusiya sürətlə “37-ci il”ə gedir

Dünya
 11-08-2023, 01:57     337

“Cəmiyyətin qorxaqlığı və 2000-ci illərin əvvəllərindən bu yana yürüdülən məqsədyönlü repressiyalara haqq qazandırılması Rusiyanı bugünkü günlərinə gətirib çıxardı”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlərin müəllifi rusiyalı müxalif publisist Viktor Şenderoviçdir.

Onun sözlərinə görə, hələ 2023-cü bitməmiş ötən illə müqayisədə ən azı 4 dəfə çox dövlətə xəyanət işi başlanıb. Bu, Sovet İttifaqındakı rəqəmlərdən (Stalindən sonrakı dövrdə) belə çoxdur.

“Onilliklər boyu çoxumuz “şükür 37-ci il deyil” söyləmi ilə özümüzə təsəlli verdik. Doğrudur, bədnam 1937-ci il dərhal gəlməyib. Lakin (unutmayaq ki-red.) ondan əvvəl uzun bir dövrdə, 20 il bolşevik diktaturasında, yüz minlərlə insan qurban verilmişdi. Bütün bunlar isə milyonlarla insanın öldürülməsinə yol açan kütləvi terrora çevrildi”,-deyə Şenderoviç söyləyib.

Onun sözlərinə görə, Putin Rusiyası indi bu yolu inamla tutub və ölkə tamamilə Stalinist şərtlərə və siyasi sui-qəsdlərə gəlib çıxıb. Lakin bu da birdən-birə baş vermədi. Bütün bunların əsası Putinin birinci və ikinci prezidentlik dövrlərində qoyulub.

“İndi də “xalq düşmənləri”nin qohumları da hücuma məruz qalır və uzun müddət heç nə ilə qorunmur. Artıq erkən Putin dövrünün “ailəyə toxunmaq olmaz” göstərişi keçmişdə qalıb. Buna misal olaraq həbsdə olan İvan Jdanovun atası və çeçen müxalifətçilərinin anası Zarema Musayevanı göstərmək olar”,-deyə Şenderoviç bildirib.

Yazıçı vəziyyətin daha da pisləşəcəyinə əmin olduğunu ifadə edib: “Bu, hələ başlanğıcdır. Şimali Koreya hələ çox uzaqdır və getməli olan çox yol var. Lakin Rusiya Avropadan Şimali Koreyaya qədər yolun təxminən yarısını keçib”.скачать dle 12.1