Bia.Az

Ukrayna dronları Moskvaya qədər necə uça bilir?

Gündəm
 10-08-2023, 09:04     332

Moskvaya dron hücumlarının artmasını Rusiyanın Ukrayna şəhərlərinə endirdiyi raket zərbələrinə cavab reaksiyası kimi dəyərləndirmək olar. Kiyev bu hücumlara görə məsuliyyəti öz üzərinə götürmür. Əməliyyat zonasından yüzlərlə kilometr uzaqda yerləşən Moskvaya dron vasitəsi ilə hücumların təşkili isə suallar yaradır.

Bu sözləri Axar.az-a hərbi ekspert Ədalət Verdiyev Moskva şəhərinə artan PUA hücumları ilə bağlı danışarkən deyib.
“Ağıla ilk olaraq gələn fikir budur ki, hücumlar Ukrayna ərazisindən təşkil edilir. Lakin Rusiya hava hücumundan müdafiə sistemlərinin min kilometr məsafə uçaraq, paytaxta qədər gələn PUA-ları erkən trayektoriyada aşkarlaya bilməməsi qəribə görünür. Odur ki, bu hücumların Rusiya ərazisində nəzarətin zəif olduğu məntəqələrdən həyata keçirilməsi ehtimalı da nəzərə alınmalıdır”, - Verdiyev bildirib.
Ekspertin sözlərinə görə, hücumların təşkilində məqsəd psixoloji təzyiq yaratmaqdır:
“Bu hücumların miqyası və hədəfə zərbə endirməsi Ukrayna ordusu üçün müharibədə ciddi üstünlük vəd etməz. Amma Moskvada yaşayan mülki əhali arasında panika, iğtişaş yarada bilər. Yəni hərbi əməliyyatların aparıldığı ərazidən bu qədər uzaq məsafədə təşkil olunan hücumlar Rusiyaya qarşı psixoloji təsir göstərməkdir. Bu, ictimaiyyətə Ukrayna üçün Rusiya ərazisində istənilən obyektin əlçatan olmasına dair mesajlar ötürmək məqsədi ilə həyata keçirilir”.
Hərbi ekspert qeyd edib ki, hücum edən PUA-larla bağlı məlumatlar az olduğundan onların tipini müəyyən etmək çətindir:
“Bu dronların markası açıqlanmır. Görüntüləri də mövcud olmadığına görə onların hansı tipə aid olduğunu təyin etmək mümkün deyil. Yalnız Moskva meri Sergey Sobyaninin verdiyi məlumatlardan bu PUA-ların zərbə dronları olduğunu təxmin etmək olar”.скачать dle 12.1