Bia.Az

Ərzağın bahalaşacağı anonsu verilir: Hökumət önləyici tədbirlər planlaşdırırmı? - rəy

Gündəm
 10-08-2023, 08:53     310

Hökumət inflyasiyanı azaltmaq tədbirlərini intensivləşdirdiyi bir vaxtda qlobal ərzaq bazarlarında heç də xoş olmayan proseslər getməyə başlayıb

Dünyanın əksər ölkələrində inflyasiyanın azalması müşahidə olunur: ABŞ, Avropa İttifaqında qiymətlər ucuzlaşır, hətta Çin deflyasiya problemi yaşayır. Lakin Azərbaycanda inflyasiyanın azalma sürəti çox zəifdir.
Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda qiymətlər 2022-ci ilin yanvar-iyun aylarına nisbətən 12,7 faiz bahalaşıb. Bu zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları 15,1 faiz (bilavasitə ərzaq məhsulları 15,9 faiz), qeyri-ərzaq məhsulları 11,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər  10,5 faiz bahalaşıb. İyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,9 faiz azalıb, əvvəlki ilin iyun ayına nisbətən 10,6 faiz təşkil edib.
Azərbaycan Maliyyə Nazirliyi bildirir ki, dünya iqtisadiyyatında inflyasiya təzyiqinin və qlobal siyasi-hərbi gərginliyin davam etməsi gələcək iqtisadi perspektivlər üzrə qeyri-müəyyənliyi artırıb. 
Azərbaycan hökuməti ilkin proqnozlarında 2023-cü ildə orta illik inflyasiyanı 6,9 faiz səviyyəsində nəzərdə tutsa da, may ayında yenidən baxılma zamanı bunu faktiki göstəricilər, gözlənilən meyillər nəzərə alınmaqla 10,4 faizədək artırıb. 
Ötən il Azərbaycan hökuməti bəyan edib ki, ölkədə inflyasiyanın sürətlənməsində idxal inflyasiyası aparıcı rola malikdir. Bu zaman idxal inflyasiyasını artıran əsas amil kimi ərzaq məhsulları çıxış edir. Lakin ötən ilin mayından bu ilin iyuluna qədər qlobal ərzaq bazarlarında qiymət azalması prosesi getsə də, Azərbaycanda bu, demək olar ki, hiss olunmayıb. Ötən ildən qiymətləri bahalaşan ərzaq məhsullarının çox cüzi bir hissəsində qiymət azalması müşahidə olunur.
Maraqlıdır ki, Azərbaycan hökuməti inflyasiyanın azalma sürətini qənaətbəxş hesab etmir. Bu barədə Prezident İlham Əliyev 6 ayın sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında danışıb. Prezident deyib ki, inflyasiyanın ikirəqəmli olması hökuməti düşündürməlidir: “Ümid edirəm ki, ilin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər. Burada təbii səbəblərlə yanaşı, subyektiv səbəblər də vardır. Onlar daha ciddi araşdırılmalıdır və ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər verilməlidir. Çünki Azərbaycanın bütövlükdə iqtisadi potensialı və iqtisadi sahədə əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyəsində olması, əlbəttə ki, arzuolunan deyil”.
Ardınca iyulun 15-də Baş nazir Əli Əsədov Azərbaycanda inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə İşçi qrupun yaradılması barədə sərəncam imzalayıb.
İyulun 21-də  Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun sədrliyi ilə İşçi qrupun ilk iclası keçirilib. Açıqlanan məlumatdan aydın olur ki, iclasda istehlak səbətinə daxil olan məhsul və xidmət növü üzrə qiymətlərin, o cümlədən kənd təsərrüfatı və sənaye məhsullarının istehsalçı qiymət indekslərində dəyişmələrin daha dərindən araşdırılması, ticarət tərəfdaşlarında inflyasiya, eləcə də idxal inflyasiyası ilə bağlı olaraq idxal olunan məhsulların qiymət indeksləri və daxili bazarda qiymətlərə təsiri, inflyasiyanın artırıcı və azaldıcı faktorları və həyata keçirilən antiinflyasiya tədbirləri, habelə sağlam rəqabətin qorunması, daxili bazarda qiymətlərlə manipulyasiyaya yol verilməməsi və antiinhisar tədbirlərinin gücləndirilməsi məsələləri geniş müzakirə olunub. İclasın yekununda müzakirə olunan məsələlər barədə aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.
İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, qlobal səviyyədə inflyasiyanın azalma sürəti ilə Azərbaycanda qeydə alınan sürət arasında fərq var: “Dünyadakı zəifləmə tempinə baxanda və Azərbaycana baxanda görürük ki, bu gözlənilənə uyğun olmayıb. Hökumət də bunun azalacağını gözləyirdi, lakin daha az azalıb və hökumətin proqnozlaşdırdığı rəqəmdən daha yüksək olub”.
İqtisadçı bildirib ki, inflyasiyanın artımı sadəcə dünyada baş verən iqtisadi proseslərlə əlaqədar deyil. Onun sözlərinə görə, ölkədə baş verən subyektiv səbəblər də inflyasiyanı artıran amillərdir: “Hazırda dünyada da ciddi inflyasiya var. Ölkə başçısı ilk yarımillik müşavirədə də inflyasiya ilə bağlı öz fikirlərini dedi. Yəni burada müxtəlif amillər mövcuddur ki, onlar inflyasiyanın artımına səbəb olur. Həm də ölkə daxilində iqtisadiyyatın strukturunda ortaya çıxan məsələlər var. Ölkəyə mal gətirən bir neçə böyük oyunçu var və onlar çox ləng şəkildə qiymət azalmasını əks elətdirirlər. Rəqabət mühiti zəif, idxalda ciddi monopoliya olduğuna və bir neçə qrupun əlində ciddi təmərküzləşmə getdiyinə görə burada belə problemlər baş verir”.
Yuxarıda da qeyd etdik ki, Azərbaycanda inflyasiyaya ən çox artırıcı təsiri idxal olunan ərzaq məhsulları göstərir. Rəsmi statistikaya əsasən 2023-cü ilin may ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 2,1 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 17,2 faiz, 2023-cü ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,8 faiz artıb.
Dünyada ərzağın bahalaşması hansı risklər yaradır? » Newscenter.az
Hökumət inflyasiyanı azaltmaq tədbirlərini intensivləşdirdiyi bir vaxtda qlobal ərzaq bazarlarında heç də xoş olmayan proseslər getməyə başlayıb. Belə ki, iyul ayında 2023-cü ildə ilk dəfə qlobal ərzaq qiymətlərində artım qeydə alınıb. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının hesablamalarına əsasən qlobal ərzaq qiymətləri indeksi iyulda 123,9 bənd təşkil edib. Bu isə iyunla müqayisədə 1,3 faiz artım deməkdir. İllik ifadədə isə qiymətlər 11,8 faiz aşağıdır. 
Ümumi ərzaq qiymətlərinin bahalaşmasında aparıcı rol bitki yağlarının qiymətindəki 12,1 faizlik artıma aiddir. Bu zaman günəbaxan yağı 15 faiz bahalaşıb ki, bunda da Ukraynadan məhsulların dünya bazarına çıxarıldığı Qara dəniz Taxıl dəhlizinin fəaliyyətinin dayandırılması əsas səbəbkardır. Palma, soya və raps yağı isə istehsalçı ölkələrdə məhsuldarlığın aşağı düşməsi üzündən bahalaşıb. 
İyulda buğda qiymətləri son 9 ayda ilk dəfə artım nümayiş etdirib: 1,6 faiz. Bunun səbəbi kimi FAO Şimali Amerikada davam edən quraqlığı, həmçinin Ukrayna məhsulu ilə bağlı qeyri-müəyyənliyi göstərir. 
Düyünün qiymətindəki 2,8 faizlik artım isə Hindistanın bu məhsulun ixracına qoyduğu qadağa ilə bağlıdır. Nəticədə düyü qiyməti 2011-ci ildən bəri ilk dəfə 19,7 faizlik illik artım göstərib.
İyul ayında şəkər qiymətləri 3,9 faiz, süd məhsulları 0,4 faiz, ət isə 0,3 faiz ucuzlaşıb.
Avqustun 8-də qlobal bazarlarda düyünün qiyməti rekord həddə çatıb. "Bloomberg"in yaydığı məlumata görə, Tailand Düyü İxracatçıları Assosiasiyası ölkənin istehsalı olan ağ düyünün 1 tonunun qiymətinin 648  dollara yüksəldiyini elan edib. Bu, 2008-ci ildən bəri ən yüksək göstəricidir. Bu növ düyünün qiymətindəki belə artım qlobal düyü bazarında 50 faizlik bahalaşmaya gətirəcək.
Bahalaşmanın əsas səbəbi kəskin quraqlıq üzündən qlobal bazarın ikinci böyük satıcısı olan Tailandda düyü istehsalının azalmasına gətirib çıxarmasıdır. Belə ki, Tailand hökuməti fermerlərə bu il yalnız bir dəfə düyü əkməyi məsləhət görüb. Əl-Nino cərəyanının təsiri ilə başlayan quraqlıq nəticəsində Tailandda əsas düyü əkinlərinin yerləşdiyi ərazilərə 40 faiz az yağıntı düşüb. Buna görə də hökumət fermerləri daha az su tələb edən bitkiləri becərməyə çağırıb. 
Bundan əvvəl ən böyük düyü ixracatçısı olan Hindistan əsas növlərin ixracını dayandırıb. Tailandda az məhsul toplanması şəraitində qiymətlər sürətlə artır. Son on gündə ağ Tailand düyüsünün qiyməti 572 dollardan 648 dollara qədər artıb.
Digər neqativ proses taxıl bazarında gedir. Belə ki, Rusiya Taxıl sazişindən çıxdıqdan sonra bu ölkədən taxıl almaq istəyənlərin sayı sürətlə azalır. "Reuters"in sahə şirkətlərinə istinadən yaydığı məlumata görə, iyulun ortalarından etibarən Rusiya iri şirkətlərin işləmədiyi xırda daşıyıcıların kiçikölçülü və köhnə gəmilərini icarəyə götürməyə məcbur olub. Bunun nəticəsində belə icarələrin sayı illik ifadədə iki dəfə artaraq 257-yə çatıb. 
"Reuters"ə danışan şirkət təmsilçiləri sifarişlərin daha da artacağını gözlədiklərini bildiriblər. Çünki yeni mövsümün aktiv ixrac dövrü başlayır. Taxıl sazişindən sonra Rusiyanın aqrar ixracının maliyyələşməsində iştirak edən “Rosselxozbank”ı "JPMorgan" bankının sistemindən kənarlaşdırıblar. Bu isə Rusiyadan məhsul alan şirkətlərin işini daha da ağırlaşdırır. Buna görə də böyük şirkətlər Rusiyadan alışları dayandırırlar. 
İxracdakı problemlər Rusiya üçün gəmi icarəsi haqqının yüksəlməsinə səbəb olur. İri şirkətlərin imtinası ilə üzləşən Moskva daha kiçik və tanınmayan şirkətlərin əsasən köhnəlmiş donanmasından istifadə edir. Bu isə ixrac həcmlərində, həmçinin ixrac olunan məhsulun qiymətində hiss olunacaq. 
Ekspertlərə görə, yeni şərtlər dünya bazarında buğdanın bahalaşmasına gətirib çıxara bilər. /“Yeni Müsavat”/скачать dle 12.1