Bia.Az

Jurnalistlər “putyovka” ilə niyə dincələ bilmir? - Mətbuat Şurası məsələ qaldıra bilər

Cəmiyyət
 10-08-2023, 08:45     283

Ölkədə əksər peşə sahibləri - həkimlər, dəmiryolçular, polislər, müəllimlər, neftçilər və s. - həmkarlar ittifaqı xətti ilə güzəştli qiymətlərlə istirahət mərkəzlərində dincələ, məzuniyyətini keçirə bilirlər. Bir çox peşə sahiblərinin özlərinin ayrıca istirahət mərkəzləri var. Dünyada ən ağır və təhlükəli, həmçinin gəlirləri az olan peşələrdən biri də jurnalistikadır. Ancaq Azərbaycanda jurnalistlərin özlərinin nə ayrıca istirahət-yaradıcılıq mərkəzi var, nə də onlar yollayışla (“putyovka”) güzəştli qiymətlərlə dincələ bilirlər. Bu məsələ bir neçə dəfə gündəmə gəlib, ancaq həllini tapmayıb.
Hazırda media reyestri mövcuddur. Həmçinin, media sektorunda təkmilləşmə, nizamlanma prosesi gedir. Bu mərhələdə jurnalistlərin istirahəti üçün güzəştli şərtlərlə, “putyovka” təminatı məsələsi həllini tapa bilərmi? Mətbuat Şurası bu məsələni qaldıra bilərmi?
Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) rəhbəri Müşfiq Ələsgərli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu məsələ əslində Jurnalistlərin Həmkarlar İttifaqının işidir:  “Qəbul olunmuş prinsiplər budur ki, jurnalistlərin əmək hüquqlarının qorunması, əmək şəraitinin yaxşılaşdırılması ilə bağlı mübarizə aparmaq, onların istirahət hüquqlarının təmin olunmasına çalışmaq kimi məsələlərin həlli yolunda çalışmalı olan qurum JuHİ-dir. Bizdə bu qurum mövcuddur, mən də bu qurumuna rəhbərlik edirəm. Amma istirahət yerlərinin, sanator-müalicə yerlərinin təşkil olunması ilə bağlı addımlar ata bilmirik. Niyə? Çünki istirahət, müalicə mərkəzlərinə yollayışların verilməsi üçün mərkəzləşmiş qaydada Həmkarlar İttifaqı Konfederasiyanın üzvü olmalısan ki, oradan da yollayışlar göndərilsin. İndiyə qədər biz bu işi qurmamışıq. Bunun da səbəbləri var. İndiyə qədər media sahəsində bir xaotik durum var idi. Jurnalist kimdir, nə qədər jurnalist var, bunu müəyyənləşdirmək olmurdu. Hər hansı bir addım atanda ora iddia edənlərin sayı çox olurdu. Bir nümunə olaraq deyim. Tutaq ki, 2013-cü ildə jurnalistlərə mənzil vermək təşəbbüsü çıxdı, Prezidentin sərəncamı ilə mənzillər verildi.
Müşfiq Ələsgərli
Müşfiq Ələsgərli: “Artıq bu məsələyə başlamışıq, işimizi yenidən nəzərdən keçiririk”
Bunu da hər kəs bilir ki, Azərbaycanda informasiya məkanının yükünü çəkən KİV-lərin və real jurnalistlərin sayı azdır. Amma dırnaqarası jurnalistika ilə məşğul olanların sayı həddən artıq çoxdur. Orta hesabla Azərbaycanda 20 mindən yuxarı jurnalist vəsiqəsi daşıyan şəxs olduğu deyilirdi. Amma biz hamımız bilirdik ki, bu real rəqəm deyil. Bunların içərisində real jurnalistika ilə məşğul olanlar həmin o statistikada göstərilən jurnalistlərin heç 10 faizi qədər deyil. Halbuki jurnalistikanın, informasiyanın yükünü, ölkənin informasiya təminatını həyata keçirən 10 faiz idi. Amma jurnalistikaya verilən imtiyazlardan istifadə edənlər isə həmin 20 minə daxil olanlar idi. Mənzillərə də haqqı olanlarla yanaşı, haqqı olmayan minlərlə insan özünü jurnalist elan etdi. İstirahət müəssisələrinə yollayışlar alınsa, bura minlərlə insan iddia edəcəkdi. Belə problemlər vardı. Köhnə media qanunvericiliyi imkan vermirdi ki, jurnalistikada həmin çərçivəni qurasan, standartları müəyyənləşdirəsən”.
JuHİ rəhbəri əlavə etdi ki, Azərbaycanda 2022-ci ildə “Media haqqında” yeni qanun qəbul  olundu və həmin qanuna uyğun olaraq Azərbaycanda media reyestri tətbiq olundu: “Media Reyestrinin yaradılması imkan verir ki, artıq jurnalistika ilə gerçək məşğul olan şəxslərin çevrəsi müəyyənləşsin. Bu xaotik durum aradan qalxandan, jurnalistlərin sayı bilinəndən sonra bu sahədə çalışan adamların kimliyi bilinəndən sonra müəyyən güzəştlərin, imtiyazların  tətbiq olunması asanlaşacaq. Bu imtiyazların tətbiq olunmasına artıq başlanıb. Misal üçün, MEDİA Agentliyi İpoteka Fonduna müraciət edərək jurnalistlərin güzəştli ipoteka götürməsi üçün işlər görüb. Kimlər ki media reyestrində qeydiyyatdan keçib, onlar sosial ipotekadan istifadə edəcəklər. Həmçinin, Agentlik müəyyən tibb müəssisələri ilə danışdı ki, reyestrdə qeydiyyatdan keçmiş jurnalistlər güzəştli tibbi müayinə və müalicə ala bilsinlər. Yəni artıq media ilə bağlı yeni qanun qüvvəyə minib, artıq jurnalistikada əməyi, fəaliyyəti olan şəxslərin çevrəsi müəyyənləşir. Bu zaman güzəştlərin tətbiqi də asanlaşır. Biz də JuHİ olaraq artıq qanunla bizə verilmiş səlahiyyətlərin icrasını həyata keçirə biləcəyik. Bundan sonra artıq çoxsaylı təşəbbüslərimiz olacaq. Eləcə də, əmək hüquqlarını qorumaq da asan olacaq. Artıq bu məsələyə başlamışıq, işimizi yenidən nəzərdən keçiririk. Yaxın vaxtlarda ciddi dəyişikliklərin şahidi olacağıq”.
Rəşad Nəsirova yeni vəzifə verildi
Rəşad Nəsirov: “Hər bir media qurumu özü ilk həmkarlar təşkilatını yaratmalı, bundan sonra...”
Məsələ ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Nəsirov da “Yeni Müsavat”a cavab verib. O qeyd edib ki, “Həmkarlar ittifaqlarında birləşmək hüququ” haqqında Qanuna görə işçilər, pensiyaçılar, təhsil alan şəxslər heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər: “Jurnalistlər media reyestrindən keçsə də, bütün jurnalistlər bir qurumda fəaliyyət göstərmir, ona görə də hər bir sayt, TV, qəzet özünün ilk həmkarlar təşkilatını yarada bilər. Düzdür, AzTV, İTV, "Azərtac"ın həmkarlar təşkilatı var. Amma bu bütün media qurumlarına şamil edilmir.  Jurnalistin çalışdığı qurumun həmkarlar təşkilatı yoxdursa, indiki halda biz onları o “putyovka” ilə təmin edə bilməyəcəyik. Həmkarlardan aylıq iki faiz üzvlük haqqı alınır, nə tələb olunan iki faizi ödənilir, nə də hər hansı bir həmkarlar təşkilatının üzvüdürlər. Həmkarlar İttifaqı təşkilatlarından yollayış alan vətəndaşlar yollayışın dəyərinin 15-20%-ni ödəyir, qalan 80-85% Həmkarlar İttifaqı təşkilatının büdcə vəsaitləri hesabına və ya DSMF-dan bu məqsədlər üçün ayrılmış büdcə vəsaitləri hesabına maliyyələşir. Yollayışların sayının 10%-i vətəndaşlara tam güzəştlə pulsuz verilir. İstənilən işçi yollayış almaq üçün müəssisənin Həmkarlar İttifaqı Komitəsinə müraciət edə bilər. Müəssisədə həmkarlar ittifaqının üzvü olmayan işçilərin Həmkarlar İttifaqına üzvlük haqqı vəsaitləri hesabına alınmış yollayışları almaq hüququ yoxdur. Yəni hər hansı bir qurumda həmkarlar ittifaqı təşkilatı yoxdursa, orada çalışan, sığorta haqqı ödəyən işçilərin yollayış almaq imkanları yoxdur. Belə ki, mövcud qanunvericiliyə əsasən yollayışlar vətəndaşlara bir qayda olaraq iş yerində, həmkarlar ittifaqı təşkilatları xətti ilə verilir. Burada, yaşa görə pensiya alanlar, pensiyaya çıxmamışdan əvvəl işlədikləri müəssisənin Həmkarlar İttifaqı Komitələri tərəfindən yollayış almaq hüququna malikdirlər. Əlilliyə görə pensiya alan şəxslər yollayış almaq üçün  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və onun yerli qurumlarına müraciət etməlidirlər. Peşə xəstəliyi və ya istehsalatda bədbəxt hadisə nəticəsində əlil olmuş şəxslər, cavabdeh müəssisə tərəfindən yollayışla təmin olunurlar. Pensiya yaşına çatmamış keçmiş əməkdaşların pensiya yaşına çatanadək yollayışdan istifadə etmək hüququ yoxdur".
Qurum rəsmisi əlavə edib ki, Həmkarlar ittifaqı təşkilatlarının olduqları bütün müəssisə və təşkilatlarda işçilərin yollayışların verilməsi barədə məlumatları var: “Xüsusən də işləyənlərin sayının çox olduğu təhsil işçiləri ən çox yollayışlarla təmin olunanlar kateqoriyasıdır. Həmkarlar ittifaqı təşkilatı olmayan müəssisə, təşkilatlarda işləyənlərin faktiki olaraq yollayışla təmin olunmaq imkanı yoxdur. Bunun üçün onlar istədikləri həmkarlar ittifaqı təşkilatında birləşə bilərlər. Misal üçün, jurnalistlər jurnalistlərin həmkarlar ittifaqı təşkilatında birləşə bilərlər. Vətəndaşların yollayışlardan istifadə hüququndan yararlanması üçün həmkarlar ittifaqında birləşmələri gərəkdir. Bu, həmçinin həmin şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının qorunması və qanuni mənafelərinin müdafiəsi üçün təminatdır”./muavat.com/скачать dle 12.1