Bia.Az

Tanrı Sizi qorusun, Rasim bəy!

Cəmiyyət
 8-08-2023, 01:54     1 418

Qnun haqqında saatlarla, günlərlə danışmaq, yazmaq olar. Əziz oxucum, bu yazını sadə bir jurnalistin dünyaca məşhur bir kino ulduzu barədə iltifatı, mədhiyyəsi, təmənnalı münasibəti kimi yox, uzun illər müşahidələrinin nəticəsi olan səmimi bir yazı kimi qəbul etməyinizi rica edirəm. O, zəngin təfəkkürünün məntiqiliyi, natiqliyi, əməldə fəzilətçilik və xeyirxahlığı, fəaliyyətdə mübarizliyi və tükənməz səbri sayəsində həm sənət, həm də insanlıq zirvəsini fəth edib. Bu zirvə yalnız müdriklik səlahiyyəti verilən insanlara nəsib ola bilər. O, bir çoxunun dərdinə dərman, ürəyinə təpər, işinə yarayan, insanın düşüncəsinin aydınlığını, şəffaflığını, saflığını sevən ziyalımızdır. Belə adamlarla ünsiyyətdə onun münasibətini üzünün zəif, təlatümsüz təbəssümündən sezmək olur. O, heç kəsə ağır söz deməz, yaraya köz basmaz. Rasim bəy yaxşı bilir ki, tikanlı söz qəlbi qırır, sındırır, insanın ruhi-aləmini zədələyir.

Bəli, söhbət Rasim Balayevdən gedir. O Rasim Balayevdən ki, sözünün qədir-qiymətini bilir. O Rasim Balayevdən ki, sözü zərgər dəqiqliyi ilə seçir və onu hədəfə vurur. O Rasim Balayevdən ki, sözünün ağasıdır. O Rasim Balayevdən ki, sözü ilə əməli həmişə üst-üstə düşür. İllər keçdikcə, zaman dəyişdikcə, hamı zamana uyğun hərəkət etməyə çalışır. O isə dəyişməzdir. Ona görə də Rasim bəy daim qərarlı, sakit, iradəli, səriştəli və seçmək qabiliyyətinə malik, seçdiyini sevən, ona vurulan, ona tapınan bir adamdır, adamlar adamı...

O, hadisələri saf-çürük etməyi, onun səbəblərini aşkara çıxarmağı, çevik hərəkətlə ona cavab verməyi bacaran ictimai xadimdir. Bu çeviklik ona cəsarət, güc, şərəf verir. Həqiqətən Rasim bəy sadə, təbii bir insandır. O da var ki, onun haqqında yazmaq, danışmaq çətindən də çətindir. Cünki  Rasim Balayev haqqında deməyə söz həddən artıq çoxdur. Onun şəxsiyyəti haqqında o qədər faktlar var ki, insan bilmir hansını desin, hansını yazsın. O, xeyirxahlığı, prinsipiallığı və mərhəmətliliyi özündə təcəssüm etdirən nurlu bir simadır. Onun zəkası, istedadı, həyat tərzi, dünyaya və özünə münasibəti, sözün həqiqi mənasında, ilahilərə məxsusluğu təzahür etdirir.

Burada bir haşiyə çıxmaq istəyirəm. Dahi şairimiz Nizami Gəncəvinin “Xeyir və Şər” mənzum hekayəsindəki ibrətamiz faktlar diqqəti daha çox cəlb edir. Onun “Yeddi gözəl” poemasında Cin şahzadəsinin söylədiyi bu hekayətdə xeyirlə şərin mübarizəsi əks etdirilir. Əsərdə Xeyir, kürd və kürdün qızı xeyirxah qüvvələr, xeyirxahlığı təmsil edən surətlərdir. Şər isə burada pisliyi, mənfiliyi əks etdirir.

Susuz səhrada Xeyir bir içim su üçün Şərə yalvarır, ona qiymətli ləl təklif edir. Lakin Şər öz adı kimi iş görərək nəinki Xeyirə su vermir, əksinə, gözlərini də çıxararaq onu tək-tənha qoyub gedir. Xeyiri bir kürd qızı xilas edir. Gözlərini isə qızın atası sağaldır. Xeyir bunların yanında qalaraq bir ailə kimi yaşayır. Kürd ona öz doğma övladı kimi münasibət göstərir, qızını da Xeyirə verərək bütün var-dövlətini onun sərəncamına verir. Xeyir, kürd və kürd qızı arasında olan münasibətlər təmənnasız olub, əsl xeyirxahlıq nümunələridir. Onların hər birinin xeyirxahlığı cavabsız qalmayıb, digəri tərəfindən yüksək qiymətləndirilir.

Xeyirin yaxşı işləri bununla bitmir. O, öz ölkəsinə qayıdarkən adına uyğun hərəkət edərək xəstə şah qızını sağaldır, heç bir təmənna güdmür. Ona var-dövlət təklif edən şaha Xeyir belə söyləyir:

Heç şeydə yox gözüm qoca dünyada,
Mənim verəcəyim dərman-dava da
Allah rizasına veriləcəkdir.

Mənfur Şərin isə əsərdə aqibəti öz xasiyyətinə uyğun olur, onun xəyanət üzərində qurulan səadəti heçə dönür, puç olur.

Hekayə şərin, zülmün uzun sürməyəcəyinə, xəyanətkar adamın gec-tez cəzaya çatacağına oxucunu inandırır. İnsan səadətinə yüksək qiymət verən şair xoşbəxtliyin qədrini bilməyi, insanlara bir-birinə arxa, dayaq olmağı, həyatı gözəlliklər və dünya nemətlərindən birlikdə faydalanmağı tövsiyə edir.

Hekayədə bir daha təsdiq olunur ki, xeyirxahlıq, yaxşılıq, düzlük, ədalət zərbələrə məruz qala bilər, əzilə bilər, lakin heç vaxt məhv edilə bilməz. Vicdanı pak, nəfsi təmiz olan insanlar heç vaxt xeyiri məhv etməyə qoymazlar. Bəşəriyyət həmişə insanlığa bəla kəsilmiş şərə qarşı mübarizə aparmalı, xeyirxahlığı, ədaləti yaşatmalı, şəri, zülmü məhv etməlidir.

Həmişə bu məsəli çəkəndə istər-istəməz Rasim bəyin həyatda etdiyi saysız-hesabsız yaxşılığı yada düşür. Xalqımızın ən gözəl xüsusiyyətlərindən olan insana yaxşılıq etmək, qayğı göstərmək  Rasim Balayevin əqidə manifestidir. Onun yaxşılıq etdiyi insanların sayını müəyyənləşdirmək çox çətindir. O, insanlara qayğı göstərir, onların işinə yarayır. Bu, onun həyatını mənalandırır, dəyərini, qiymətini yüksəldir.  Rasim Balayev, sözün həqiqi mənasında, bir çox insan üçün ümid və inam yeridir.

Bəli, Rasim Balayev kimi adamlar elədikləri yaxşılıqlarda, başlarını sığalladıqları yetimlərin dualarında, qollarından tutub qaldırdıqları kimsəsizlərin ruhlarında yaşayıblar, yaşayırlar… Rasim bəy də bax beləcə ömür sürən ziyalı- sənətkardır. O, hədisz dərəcədə sadə, alicənab, təvazökar, müdrik insandır.

Tarixdə nə baş verirsə, onu insan edir. İnsanın yaratdığı böyük dəyərlərə qiymət verərkən biz tarixdən kənara çıxırıq. K.Yaspers yazırdı: “Biz insanı özünün yaratdığı nəhəng əməllərdə görərkən tarixin sərhədini keçirik; bu əməllərlə insan varlığı tapıb başa düşür və onu başqaları üçün də əlçatan edir”.  Rasim Balayevin həyatinın, fəaliyyətinin özəyini məhz bu ali məqam əhatə edir.

 Rasim Balayev bütün zamanlarda öz ləyaqətini, izzəti-nəfsini qoruyub saxlaya bilib. Görkəmli Azərbaycan alimi Nəsrəddin Tusinin belə bir fikrini yada salmaq çox vacibdir: “Başqasına etdiyin yaxşılığı unuda bilərsən, ancaq sənə edilən yaxşılığı unutmamalısan”. Bu fikir həmişə mənim qəlbimdə yaşayır. Ona görə də  Rasim Balayevin etdiyi yaxşılıqları, qayğıkeş əməlləri, xeyirxah və inamlı işləri onu insanların qəlbində daim ucaldır, zirvələrə qaldırır. Onun insanlara həmişə səmimi, xeyirxah və qayğıkeş olması bizim üçün əbədi bir örnəkdir.

Rasim Balayev həddən artıq tələbkardır. O, biganəliyi xoşlamır. Elinin-obasının qədrini biləndir, xalqa xidməti həyatının məna və məqsədi hesab edir. Rasim Balayev saf əqidəsi və məsləki olan sənət adamıdır. Onun əqidəsi həmişə humanizmə, həqiqətə, ədalətə söykənib. O öz müdrikliyi, zəkası, dünyanı dərketmə qabiliyyəti ilə həmkarlarından fərqlənən sənətkardır, xalq adamıdır, ən əsası vətəndaş-ziyalıdır.

Antik dövr filosofu Epikürün şagirdlərindən onları müəllimə bağlayan nədir, – sualına şagirdləri belə cavab veriblər: “Bizi Epikürə bağlayan onun həmişə özü-özünə bərabər olmasıdır”. Bu epitet tamamilə Rasim Balayevə aiddir: o həmişə özü-özünə bərabərdir, təkrarsızdır – həmişə Rasim BalayevdirRasim Balayev həmçinin insanlığı, şəxsiyyəti, səmimiyyəti uca tutub qiymətləndirən, onu qorumağı bacaran nadir şəxsiyyətdir. O, adamlar arasında özünün xoş olduğu ən ülvü keyfiyyətləri ilə seçilən-sayılan nüfuz sahibidir. Təbiətən sakit, mülayim, həddən artıq nəvazişli və qayğıkeşdir.

Sokratdan soruşardılar: “İnsanda ən çox nəyi qiymətləndirirsən?” Filosof tərəddüd etmədən “İnsaniyyəti, insana layiq keyfiyyətləri”- deyə cavab verərdi. Hər bir insan üçün insaniyyətə tam sahib olmaq ən böyük şərəfdir. Məhz Rasim Balayevlə təmasda olarkən həmişə onun söz-söhbətlərindən, davranışından, özünə münasibətdə belə bir ilahi fikir nur kimi ətrafa yayılır: “İnsanlar, adam olun, bu Sizin birinci vəzifənizdir!”. Rasim Balayevin anlatmaq istədiyi saf əqidə və məslək məhz budur!

Rasim Balayev rahat həyat sürmək üçün kiməsə, nəyəsə əyilən deyil. Həm də var-dövlət toplamaq üçün yox. Cünki Rasim Balayevin həm maddi, həm də mənəvi xəzinəsi bir çox həmkarlarından üstündür. Rasim Balayev az qala məhv olmaq dilemması ilə üz-üzə qalan milli kinomuzun ehtiyacı olan adamdır. O, məhz bu ehtiyacı duyub bu işə girişib və milli kino sənətimizi o cətinliklərdən qurtarmağa çalışır. O, sözdə, əməldə, davranışda, düşüncədə, fikirlərdə əsl ziyalı - sənətkar olmagı nümayiş etdirir. O, bu zirvədə uca, əzəmətli, qədd-qamətlidir! Və bu qamət, bu vüqar, bu əzəmət ona həmişə yaraşıb, yaraşır və yaraşacaqdır...

***

Rasim Balayevin daha bir yaxşı keyfiyyəti isə jurnalistlərin də ürəyini fəth edə bilməsidir. Heç zaman onlardan "qaçmır". Onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır. Həm də dəqiqliyi, obyektivliyi, qərəzsizliyi çox sevir və hamıya da bunu tövsiyə edir. Deyir ki, ağa ağ, qaraya qara demək lazımdı. Yalan məlumatlar cəmiyyətə, insanlara zərər gətirər.

Dünən Prezident İlham Əliyevin sərəncamı ilə Xalq artisti Rasim Balayev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edilib. Həm də bu gün böyük sənətkarın anadan olmasının 75 illiyi tamam olur. 
Jurnalist həmkarlarım adından hər iki şad xəbər münasibətilə onu səmimi qəlbdən təbrik edir, uzun ömür, can saglıgı arzulayır və milli kinomuzun inkişafı naminə yola davam deyirik.

Allah təaladan istəyimiz odur ki, Rasim Balayev kimi insanları pənahında saxlasın. Bizim xalqın, Vətənimizin belə qeyrətli, dəyanətli, mərd insanlara ehtiyacı var. Tanrı Sizi qorusun, Rasim bəy! Tanrı Türkü qorusun! Amin!!!


BİA.az
скачать dle 12.1