Bia.Az

648 bal yığan abituriyent: “Arzum Qarabağda müəllim işləməkdir”

Cəmiyyət
 5-08-2023, 11:25     254

Şəmsiyyə Mustafayeva:  “Şuşaya getməyi çox istəyirəm və inşallah ki, bu istəyimə  də çatacam”
 
 Ali təhsil müəssisələrinə qəbul imtahanından 648 bal toplamış Şəmsiyyə Mustafayeva Mingəçevir Dövlət Universitetində təhsil almaq istəyir.
 
Yüksək nəticə göstərən Şəmsiyyə Mustafayeva ötən gün rektor Şahin Bayramovun qəbulunda olub. Görüşdə rektor gəncimizi, onun ailə üzvlərini və müəllimlərini uğurlu nəticə münasibətilə təbrik edib.
 
Ş. Mustafayevanın yüksək balla paytaxt deyil, bölgə universitetinin seçməsi çoxsaylı suallar və ehtimallar doğurur.  AzEdu.az saytı bu suallara cavab tapmaq məqsədilə Şəmsiyyə xanımla əlaqə saxlayıb, söhbətləşdi.
 
Müsahibəni sizlərə təqdim edirik:
 
 
- İlk növbədə özünüzü oxucularımıza təqdim etməyinizi istərdim...
 
 
- Mustafayeva Şəmsiyyə Mirağa qızı, Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin məzunuyam.
 
 
- Qəbul imtahanından bu qədər yüksək nəticə toplamağı gözləyirdinizmi?
 
 
- İmtahana ciddi hazırlaşırdım. 11-ci sinfə böyük ümidlərlə başlamışdım və bacaracağımı da bilirdim.
 
 
- Özünüz hazırlaşırdınız, yoxsa repetitor yanına getmisiz?
 
 
- Repetitor yanına getmişəm. 9-cu sinifdə sırf buraxılış fənləri üzrə hazırlaşdım, 10-cu sinifdən etibarən isə qəbul fənləri üzrə də repetitorlara müraciət etdim.
 
 
 - Bildiyim qədəri ilə fizika müəllimliyi ixtisası üzrə təhsil almaq istəyirsiniz. Bu istək sizdə nə zamandan yaranıb?
 
 
- Düzünü desəm, fizikanı 9-cu sinifə qədər sevməmişəm. Məndə fizikaya olan bu sevgini İlahə müəlliməm yaratdı. 10-cu sinifdən etibarən İlahə müəlliməmlə hazırlaşıram və mənə fizikanı sevdirən də məhz müəlliməm oldu.
 
 
 - Adətən yüksək nəticə göstərən abituriyentlər Bakıda fəaliyyət göstərən universitetləri seçir. Siz bu barədə heç düşünmədiniz? Mingəçevir Dövlət Universitetini seçməyinizin əsas səbəbləri nələrdir?
 
 
- Mingəçevir Dövlət Universitetini yaxından araşdırdım və burada bütün dərslərin yüksək səviyyədə keçirildiyini öyrəndim. MDU məzunu olan müəllimlər indi daha gözəl yerlərdə, yüksək vəzifələrdə çalışır. Düşünürəm ki, Mingəçevir Dövlət Universiteti heç də Bakıdakı digər universitetlərdən geridə deyil və gələcəkdə daha yüksək yerlərə çatacaq.
 
 
- Ötən gün MDU-nun rektoru Şahin Bayramovla görüşmüzünüz, təəssüratlarınız maraqlıdır...
 
 
-Şahin müəllim çox səmimi insandır. Məni təbrik etdi və düzgün seçim etdiyim üçün təşəkkürlərini bildirdi. Mən də Şahin müəllimə məni dəvət etdiyi, universitetlə yaxından tanış olmaq imkanı yaratdığı üçün təşəkkürümü izhar etdim.
 
 
- Ali təhsilinizi bitirdikdən sonra xaricə getmək istək və ya planlarınız varmı?
 
Hələ ki, bu barədə heçnə düşünməmişəm. Amma ən böyük arzum magistr səviyyəsini də bitirdikdən sonra Qarabağa gedib orada müəllimə kimi fəaliyyət göstərməkdi. Şuşaya getməyi çox istəyirəm və inşallah ki, bu arzuma da çatacam.
 
 
 - Son olaraq, həmyaşıdlarınıza tövsiyələriniz eşitmək istərdik...
 
- Özünüzə inanaraq oxuyun. Dərslərdən, imtahanlardan qorxmayın. İnsan inandıqdan sonra hər şeyə nail ola bilər.

скачать dle 12.1