Bia.Az

“Amerika diskotekaları bizim musiqi verilişlərindən daha tərbiyəlidir” - Alim Qasımov

Cəmiyyət
 5-08-2023, 11:17     243

“Yeni Müsavat”ın bu dəfəki qonağı öz səsi ilə eşidənləri heyran edən, bütün dünyaya Azərbaycan muğam sənətini tanıdaraq, milli mədəniyyətimizin dünyaya yayılmasında mühüm rol oynayan xalq artisti Alim Qasımovdur. Müsahibənin bir hissəsini təqdim edirik:

- Alim bəy əhvalınız necədir? Uzun zaman idi ki, sizinlə əlaqə saxlamağa çalışırdıq. Lakin hər dəfə ya ölkə xaricində olurduz, ya da ki, konsertlərə hazırlaşırdız.
- Sözün düzü, çox zaman özüm bəhanələr tapıb görüşlərdən qaçıram. Elə bilirəm ki, daha söhbət etmək, danışmaq məni çox yorub. Lakin sizi mənə çox təriflədilər, ona görə müsahibəyə razı oldum (gülür).
- Dünyanın bir çox ölkələrində olmusuz. Hansısa ölkə və yaxud, şəhər sizə möcüzəli təsir bağışlayıbmı?
- Kiçik, sakit və təmiz küçələri olan şəhərləri çox sevirəm. Xüsusilə evlərin, küçələrin güllərlə bəzədilməsinə valeh oluram. Belə yerlərə daha çox Avropada rast gəlmişəm. Bu cür şəhərlərin yollarında tıxaclar olmur, insanlar sakit tərzdə danışırlar...
“İndi çıxmışıq stula”
- Bardaş qurub oxumaqla səhnə mədəniyyətimizə yenilik gətirdiz. Bu ideya necə yarandı?
- Bir dəfə Belçikada konsertimiz var idi. Konsertdən əvvəl məşq edərkən gördük ki, səhnə hələ tam qurulmayıb, stullar belə yoxdur. Buna çox əsəbiləşdim. Lakin buna əhəmiyyət verməyərək yerdəcə bardaş qurub məşqimizə başladıq. İfa edəndə gördüm ki, belə daha rahatdır. İfaçılarımdan soruşdum, belə çalıb-oxuya bilərikmi? Hamının xoşuna gəlmişdi, dedilər, belə daha gözəldi. Baxdım ki, bu cür düzülmək səhnəyə də qədimilik çaları verir. Hətta sonradan stulları səhnəyə gətirəndə onları geri qaytardım və konserti bu cür təşkil etdik. O vaxtdan səhnədə bardaş qurub ifalarımızı yerinə yetirirk. Bəzən olur ki, hansısa muğamın zil yerində musiqiyə qapılıb kəskin hərəkətlər edirik. Belə anlarda stulda əyləşmək narahatlıq yaradır. Yerdə bardaş qurmaq bu baxımdan çox rahatdır.
“İlk dəfə Belçika konsertində səhnədə bardaş qurub oxumuşam”
Uşaqlıqda biz yerdə bardaş qurub süfrə açardıq. O zaman kasıbçılıq idi, stul nə gəzirdi. İndi çıxmışıq stula (gülür).
“Allaha yalvarışlar edir, əl hərəkəti ilə lazım olan notları tutmağa çalışırıq”
- İfa zamanı səhnəni unudur, öz dünyanızda, aləminizdə olursuz, sanki göylərdə uçursuz...
- Məsələn, maşını işə salanda birinci gərəkdir ki, açarı burasan, bir güzgüyə baxasan, qapını örtəsən və s. Mən də ifamı işə salmaq üçün özümdən asılı olmayaraq daxilimdə olan bacarığımı ortaya çıxartmağa çalışıram. Bu zaman səhnədə nə hərəkət etdiyimdən, necə göründüyümdən xəbərim olmur. Ola bilsin ki, kənardan hətta yersiz görünsün. Lakin hər bir hərəkətin öz məğzi, dəyəri var. Allaha sanki yalvarışlar edir, əl hərəkəti ilə lazım olan notları tutmağa çalışırıq. Bütün bunların hamısı vəhdət təşkil etməlidir. Yoxsa musiqinin “halı” yaranmaz.
- Adətən incəsənət adamları pərəstiş etdiyi sənətkarların yaradıcılığından nələrisə nümunə götürür. Bəs Alim Qasımov kimlərdən yararlanır?
- Bu barədə çox sənətçinin adını çəkə bilərəm. Məsələn, mənim ustadım Ağaxan Abdullayev olub. Daha sonra Nəriman Əliyevdən, Vahid Abdullayevdən dərslər almışam. Asəf Zeynallı adına musiqi ocağında dərs alanda təkcə ustadlarım deyil, digər muğam sənətkarlarının da dərslərinə girir, muğam haqqında daha yeni bir məlumat əldə etməyə çalışırdım. Məsələn, Seyid Şüşinskinin, Zülfü müəllimin, Mütəllim Mütəllimovun dərslərini izləyirdim. Hətta adını indi çəkmədiyim sənətkarlar var ki, mən onların yaradıcılığından xeyli bəhrələnmişəm. Bu, məndən asılı deyil, qulaq o ifaları eşidir, beyin onu qəbul edərək yaddaşa salır və hansısa konsert və ya ifada özünü göstərir. Dəfələrlə olub ki, öz ifamdakı yeniliklərə məətəl qalmışam ki, bu hardan ağlıma gəldi. Təhlil edəndə görürəm ki, bu ifanı hansısa sənətçidən eşitmişəm. İş təkcə bununla bitmir, bir də görürsən, dünya musiqisindən, şərq dünyasından hansısa nəfəs ifaya gəlib çıxır. İncəsənət məhz bu baxımdan “incə sənət”dir, onun şaxələri çoxdur.
“Məni təhqir edirdilər ki, niyə belə oxuyursan...”
“Muğam ifaçılığından 3 qiymət almışdım”
- Dünyanı heyrətə salan Alim Qasımov vaxt var idi ki, imtahanlardan kəsilmişdi, onu təhsil ocağına qəbul etmirdilər...
- Baxmayaraq ki, sovet dövrü idi, lakin onda da musiqi ilə bağlı təhsil ocaqlarında pul mühüm rol oynayırdı. Mənim səsim var idi, lakin orta məktəb təhsilimin səviyyəsi demək olar ki, sıfır idi. Elmi cəhətdən çox geridə qalırdım. Lakin ifa istedadıma görə mənə güzəştə getmək olardı. Əksinə, mənə ixtisasdan 3 yazıldı. Heç olmasa 4 də yazmadılar.
Sonra gəldim Asəf Zeynallı adına texnikuma. Orda məndən 2500 manat istədilər. Məndə bu qədər pul hardan idi... Məcbur qalıb əsgərlik hesabıma sürücülük məktəbinə daxil oldum.Lakin sonradan qohumlarımın tanışlığı ilə məni məktəbə qəbul etdilər. Və ixtisasımdan “5” aldım. Təbii ki, o “5”i mən öz sənətimlə almışdım. Yadımdadır, ədəbiyyat imtahanında Səməd Vurğundan nəsə düşmüşdü, onu da bilmədim. Lakin tapşırıldığımdan bu dəfə mənə güzəştə getdilər (gülür).
- İndinin özündə də bəzən istedadlı gəncləri imtahanlardan uzaqlaşdırmaq üçün qəsdən ixtisas qiyməti aşağı yazılır. Digər fənlərə baxan komissiya üzvləri də bunu bəhanə edib aşağı qiymət verməyə çalışır.
- Deməzdim belədir, indi vəziyyət bir qədər fərqlidir. Milli Konservatoriyada istedadlı, potensiallı gənclərə kifayət qədər güzəştlər edilir.
- Sizin ifanızda muğam və aşıq sənətinin sintezi olan “Şirvan şikəstəsi” çox fərqlidir
- Tarixin bütün dövrlərində yeniliklər tənqid olunub, onlara qarşı gəlinib. 
- Kimsə bu cür yenilikləri uda bilir, kimisi isə dözməyib içəridən coşaraq üsyan edir. Lakin “bu olar, bu olmaz” fikri yanlışdır. Hər kəsin öz düşüncəsi, dünya görüşü, baxışı var. 
- Amma gəlin etiraf edək ki, yeni gələn gənc nəsil bu cür yenilikləri görüb sənəti elə bu cür də qəbul edir.
- Tamamilə razıyam. Bu gün bayağı musiqilər baş alıb gedir. Bu cür musiqilərin yolu, görkəmi çox az olmasına baxmayaraq biz onları efirlərə, radiolara ötürməkdən çəkinmirik. Bu, yolverilməzdir. Təəssüflər olsun ki, hazırda efirlərimizdə səslənən musiqilərin 70-80 faizi bayağı musiqilərdir. Onsuz da insanlar restoranda, məclislərdə olanda o cür bayağı musiqiləri eşidir. Bunu daha efirə də çıxartmağın nə mənası, anlamı var? Axı bütün tamaşaçıların zövqü eyni deyil. Cəmiyyətimizdə əsl, keyfiyyətli musiqi eşitmək istəyən xeyli insanlarımız var. Lakin indi onlar da bu cür musiqiləri dinləməyə məcburdurlar. Efirlərdə ancaq toyxana gedir. Bu, biabırçılıqdır.
- Sanki palatka toylarıdır...
- Ondan da pisdir. Palatka toyları onların yanında ən məşhur konsertlərə bənzəyir. Amerikanın diskotekaları bizim efirlərdə gedən musiqili verilişlərdən daha tərbiyəlidir.
- Belə çıxır ki, mətbuatı izləmirsiz?
- Qətiyyən xeyrскачать dle 12.1