Bia.Az

Vəndam bələdiyyəsinin sədrini də cəlilabadlı həmkarlarının aqibəti gözləyir - Asif Həşimov şəhid generalla uzaq qohumluğundan sui-istifadə edir

Cəmiyyət
 3-08-2023, 18:36     233



Məlum olduğu kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tikintiyə icazələrin verilməsi sahəsində baş verən korrupsiya hallarına qarşı keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - Baş memar Sahil Qənbərli, Cəlilabad bələdiyyəsinin sədri Mehdi Kərimov və rayonun Üçtəpə bələdiyyəsinin sədri Əmrah Quliyevin qanunsuz əməlləri ifşa edilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, həyata keçirilmiş tədbirlərlə Sahil Qənbərlinin Mehdi Kərimovla əlbir olaraq Cəlilabad şəhəri ərazisində torpaq sahələrinin ayrılması və sahibkarlıq obyektinin tikintisinə icazə verilməsi üçün vətəndaşlardan ümumilikdə 44 min manat məbləğində pul vəsaitini almasına əsaslı şübhələr müəyyən edilib və həmin şəxslər cinayət başında yaxalanıb.
Bundan başqa, Əmrah Quliyevin Üçtəpə kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair sənədin verilməsi vədi ilə vətəndaşların 3 min 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlar zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.
Göstərilən faktlarla bağlı başlanmış cinayət işi üzrə Sahil Qənbərli və Mehdi Kərimov müvafiq olaraq Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma), Əmrah Quliyev isə həmin Məcəllənin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Sahil Qənbərli və Mehdi Kərimovun barəsində məhkəmənin qərarilə həbs və vəzifədən kənarlaşdırma, Əmrah Quliyevin barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırma, istintaq orqanının qərarilə isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Belə görünür, Qəbələ rayonunun Vəndam bələdiyyəsinin sədri Asif Həşimovu da cəlilabadlı həmkarları Mehdi Kərimovun və Əmrah Quliyevin aqibəti gözləyir.
Xatırladaq ki, Asif Həşimovun qanunsuz əməlləri barədə saytımızda təqdim olunan tənqidi məqalədə onun bələdiyyə mülkiyyətində olan torpaqlara dair təkbaşına qərar verməsi, satmış olduğu torpaq sahələrinin torpaqayırma sənədlərinin Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274 – IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə, qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməməsi pislənilirdi. Həmçinin, Asif Həşimovun tarixi qəbristanlığın yerini dolduraraq mağaza tikməsi, rəhmətlik şəhid general Polad Həşimovla uzaq qohumluğu faktorundan sui-istifadə ertməsi qınanılırdı.
Bütün bu və digər məsələlərlə bağlı Asif Həşimovun özü ilə telefon əlaqəsi saxlayıb münasibətini öyrənmək istədik. Bildirdi ki, sözügedən qəbirstanlıq heç də tarixi, türk əsgərlərinin dəfn olunduğu məzarlıq deyil. Belə çıxır ki, orada basdırılanlar Anadaolu deyil, Azərbaycan türkləridirsə, qəbirlərini dağıdıb yerini doldurmaq olar?
Daha sonra torpaqların satılması məsələsinə gəlincə, Asif Həşimov redaksiyamızın əməkdaşlarını, dagha doğrusu, tənqidi məqalənin müəllifini torpaq və onunla bağlı münasibətlər sistemini tənzimləyən qanunları bilməməkdə suçladı.
Xob! Jurnalist ola bilsin ki, hər şeydən bir az başı çıxır, konkret sahənin spesifik xüsusiyyətlərini o sahənin mütəxəssisi daha mükəmməl bilir. Amma bir məsələ də var, ay hörmətli Asif müəllim!: Bilmək hələ bildiyinə əməl eləmək deyil. Bəyəm, Mehdi Kərimovla Əmrah Quliyev vəzifə səlahiyyətlərinin hüdudlarını, qulluq mövqelərindən sui-istifadənin nə demək olduğunu bilmirdilərmi?
İbrahim Hümbətov
скачать dle 12.1