Bia.Az

Rusiya seçkilərində müharibə damğası

Dünya
 2-08-2023, 15:33     255

Sentyabrın 10-u Rusiyada vahid səsvermə günüdür. Həmin gün müxtəlif səviyyələrdə seçkilər olacaq: parlamentin aşağı palatasına – Dövlət Dumasına əlavə seçkilər keçiriləcək, 26 bölgədə başçı (qubernator), 16 bölgədə qanunverici (nümayəndəlik) orqanların üzvləri seçiləcək.

Hazırda Rusiya Federasiyası 89 subyektdən ibarətdir. Onların 6-sı Ukrayna torpağıdır.
Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını zəbt edərək onu Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub.
2022-ci ilin fevralında Rusiya “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” rejimlərini müstəqil dövlətlər kimi tanıyıb, Ukraynada total hərbi əməliyyatlara başlayıb. Bu əməliyyatlar nəticəsində Zaporojye və Xerson vilayətlərinin böyük hissəsi də ələ keçirilib. Oktyabrda Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinin Rusiyanın tərkibinə keçdiyi bəyan olunub.
Rusiyanın müxalif “Verstka” xəbər saytının bildirdiyinə görə, prezident Vladimir Putinin adamları kimi tanınan namizədlər seçkiqabağı təşviqat zamanı mümkün qədər Ukrayna müharibəsindən danışmamağa çalışırlar. Çünki danışanda rəsmi mövqeni – Putinin mövqeyini müdafiə etməlidirlər, belə bir mövqe isə, “Verstka”nın yazdığına görə, indi əhali arasında o qədər qeyri-populyardır ki, hakimiyyətə bağlı namizədlər müharibədən danışa-danışa olan-qopan elektoratı da itirəcəklərindən qorxurlar.
Hətta hakim Vahid Rusiya Partiyasının Ural vilayətindəki təmsilçiləri “Verstka”ya təşviqat vərəqələrini məhv etdiklərini söyləyiblər: “Uralda heç kəs müharibəni dəstəkləmir. Burada üzərinə “Z” işarəsi (Ukraynadakı işğalçı müharibənin simvolu – red.) həkk olunan avtomobilə də rast gəlmək mümkün deyil. Ona görə müharibəyə dəstək verən namizədin yerli seçkilərdə səs qazanmaq şansı yoxdur”.
“Verstka”nın əldə etdiyi məlumata əsasən, mühüm postlara iddia edən, xüsusi diqqət mərkəzində olan namizədlər qarşısında Ukraynaya təcavüzü açıq şəkildə dəstəkləmək tələbi qoyulub: “Ona görə müharibə mövzusundan yayınmaq bir qayda olaraq daha az tanınmış iddiaçılara nəsib olur”.
Rusiyada seçkilərin monitorinqini aparan “Qolos” qeyri-hökumət təşkilatının həmsədri Stanislav Andreyçuk “Verstka”ya deyib ki, müharibə mövzusuna ictimai reaksiyalar çoxları üçün gözlənilməz olub: “Ukrayna torpaqlarının zəbt edilməsində rolu olan elit hərbi bölmədə xidmət keçmiş deputat, Vahid Rusiya Partiyasının üzvü Sergey Sokol döyüşdən qayıdaraq Sibirin cənubunda yerləşən Xakasiya Respublikasının başçısı postuna namizədliyini irəli sürüb. Amma məhz bu mərhələdə o, müharibə mövzusunda daha yumşaq danışmağa, hərbi gödəkcəni atıb seçicilərin qarşısına mülki geyimdə çıxmağa başlayıb”.
Novator.az bildirir ki, “Verstka”nın yazdıqları Böyük Britaniyanın “The Telegraph” qəzetinin də diqqətini çəkib. Qəzet vurğulayıb ki, “Verstka”nın məlumatı Rusiyada Ukrayna müharibəsinə ictimai dəstəyin necə azaldığını çox yaxşı göstərir: “Bir sıra Qərb analitikləri indiyədək müharibədə ölən və yaralanan rusiyalıların sayının 200 mindən çox olduğunu bəyan edir. Rusiyanın başqa bir müxalif saytının Sibirin Kemerovo vilayətindən yaydığı xəbərdə isə deyilir ki, vilayət xəstəxanalarında həkimlər saysız-hesabsız yaralı əsgəri müalicə etmək üçün gecə-gündüz çalışır və artıq bəziləri buna fiziki, psixoloji cəhətdən tab gətirə bilməyib işdən çıxır”.
Mənbələr: Telegraph.co.ukVerstka.mediaскачать dle 12.1