Bia.Az

İrəvanda qarabasma: Bakının Ermənistandakı “gözü” və “qulağı” kimlərdir?

Cəmiyyət
 2-08-2023, 15:18     249

Erməni mediası iddia edir ki, belaruslar və ukraynalılar diplomatik desant kimi sərhədə gəlib və Azərbaycana məlumat ötürüblər; üç tanınmış politoloqun çarpaz baxışı...

Beləcə, rəsmi Paris kövrək sülh prosesinə zərbələr vurmağa davam edir. Bəllidir ki, iyulun 28-də Ermənistandakı 17 xarici səfir İrəvanın siyasi şousunda iştirakın təzahürü kimi “TIR”ların dayandığı sərhəd kəndinə baş çəkib. Bunlar Fransa, ABŞ, Rusiya, Britaniya, İran, Hindistan, Belarus, Ukrayna, Serbiya, Bolqarıstan, İspaniya, İtaliya, İraq, Polşa, Litva, İsveçrə və Rumıniyadır. Təəssüf ki, onların arasında Britaniya, Ukrayna, Belarus və Serbiya diplomatları da olub.
Ancaq erməni mediasının iddiasına görə, Ukrayna və Belarus səfirləri sərhədə “erməni xalqına dəstək ifadə etmək üçün yox, kəşfiyyat fəaliyyəti üçün, Bakı adından diplomatik desant kimi ora yollanıblar”. Guya onlara tapşırılıb ki, vəziyyəti qeydə alıb öz paytaxtlarına məlumat versinlər, oradan da məlumat operativ şəkildə Azərbaycana ötürüləcək. “Ermənistandakı belaruslar və ukraynalılar Bakının gözü və qulağıdır”, - deyə iddia olunur.
Belədirmi? Azərbaycanda bu fakt necə qiymətləndirilir? Ukrayna və Belarus səfirləri niyə hayların “dudkasına” gedərək, Azərbaycana qarşı bu oyunda rol alıblar? Məqsəd nədir? Onların sərhədə gəlməsini adi diplomatik protokol qaydası kimi dəyərləndirmək mümkündürmü?
Bakupost.az - "Onun əlləri dirsəyə qədər qana batıb" - Qabil  Hüseynli
 Qabil Hüseynli
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a dediyinə görə, ukraynalı səfirin sərhədə getməsi təəccüblü idi, amma Belarus gözlənilən idi, çünki Rusiyanın əmrində dayanan dövlətdir: “Əslində səfirlər bölgəyə gəlməklə bir növ Azərbaycana təzyiq xarakterli təəssürat yaratmış oldular. Əlbəttə ki, bir sıra ölkələrlə məlumatların mübadiləsi barədə rəsmi razılıq var. Ona görə Ukrayna, Britaniya səfirlərinin ötürdüyü informasiyalar Azərbaycana göndərilməklə müəyyən dəqiqləşdirmələr aparıla bilər. Lakin hər halda səfirlərin regiona gətirilməsində Ermənistanın rolu böyükdür və İrəvan təbliğat üçün onlardan istifadə edib, dünya ictimai rəyinə təsir etməyə çalışıb. Odur ki, o səfirlərin verdiyi informasiyanın əhəmiyyəti nə olursa-olsun, həmin diplomatların cərgəsinə qoşulmaqla Ermənistanın təbliğat aparatına köməklik göstəriblər. Yəni bu adamların xeyirdən çox ziyanı oldu”.
Qarabağda nə baş verir - politoloqdan mühüm AÇIQLAMA
Murad Sadəddinov
Politoloq Murad Sadəddinovun “Yeni Müsavat”a bildirdiyinə görə, bu səfirlərin sərhədə getməsində diplomatik protokol istər-istəməz öz təsirini göstərir. Onun fikrincə, bununla belə, həmin səfirlər Azərbaycanın onların dövlətləri ilə münasibətini nəzərə almalıydı. “Onu da bilməliydilər ki, əleyhimizə istifadə ediləcəklər. Bu səbəbdən səfərdən imtina etməliydilər. Aydın məsələ idi ki, erməni tərəfi bundan istifadə edəcək. Xüsusən də Azərbaycanın Ukraynaya humanitar dəstəyini düşünməliydilər. Ermənistan isə, təbii ki, öz maraqları üçün bu vəziyyətdən istifadə etdi”, - deyə ekspert belə düşünür.
Onun sözlərinə görə, səfirlərin sərhədə getməsinin mənası da yox idi: “Onlar nəyi müşahidə edirdilər? Axı müşahidə olunmalı heç nə yox idi. İstənilən ölkə dövlətin icazəsi olmasa yüklər buraxmır. Ağdam yolunu isə erməni tərəfi özü bağlayıb. Bu səbəbdən bizə heç bir irad ola bilməz. Sadəcə, ora gedən səfirlər buyurub 30 ildir blokada şəraitində olan Naxçıvanla bağlı mövqe bildirsinlər. İzah etsinlər ki, Ermənistan öhdəliyini niyə yerinə yetirmir...”

Ramiyə Məmmədova
Siyasi şərhçi Ramiyə Məmmədova erməni mediasının iddialarını ağlabatan saymır. Onun sözlərinə görə, blefdən ibarət olan bu məlumatlar jurnalist təxəyyülüdür: “Ermənistan tərəfi əvvəllər də iddia edirdi ki, avropalı revizorlar sərhəddəki vəziyyət haqda rəsmi Bakını məlumatlandırır. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyilənləri dolayısı ilə təsdiqləmişdi. Lakin söhbət Laçın istiqamətində avropalı müşahidəçilərin monitorinqlərindən gedirdi. İndi də belarus və ukraynalı diplomatlar barəsində oxşar iddialar səsləndirilir. Düşünmürəm ki, həqiqət payı var, olsa belə, əhəmiyyətsizdir. Onlar guya nəyi müşahidə ediblər ki, Azərbaycanla da bölüşsünlər?! Bizim gördüyümüzü onlar da müşahidə ediblər, yük maşınlarıdır, dayanıblar və Azərbaycan da buraxmır. Burada konfidensial informasiya yoxdur ki, Bakıya ötürülməsinə ehtiyacımız olsun. Sadəcə, bizə dost və tərəfdaş olan dövlətlərin səfirləri aydınlıq gətirməlidirlər ki, bu nə hərəkətdir? Nə demək istəyirlər?”
Ekspert hesab edir ki, ümumiyyətlə, Britaniyadan bəzən anlaşılmaz addımlar görə bilirik, vaxtaşırı Ukraynadan da xoşagəlməz mövqe olur: “Bir müddət Zelenskinin komandasından Danilov və Arestoviçin yersiz açıqlamaları olmuşdu. Amma bunu Kiyevin mövqeyi kimi qəbul etmirik. Lukaşenkonun da Azərbaycana münasibəti bəllidir. Görünür ki, Belarus və Ukrayna diplomatları protokol şərtlərindən kənara çıxa bilməyiblər. Serbiyaya gəlincə, enerji sahəsində əlaqələr göz qabağındadır, Azərbaycan Şərqi Avropanı və Balkan ölkələrini qazla təmin edir, rus qazından asılılığın azalmasında rolu var. Bununla belə serb səfir də ora gedib. Çünki bu ölkə Rusiya ilə müttəfiqdir və Moskvanın bu təxribatda gizli əlinin olduğunu nəzərə alsaq, Serbiya diplomatına təsir elementləri istisna deyil”.//“Yeni Müsavat”скачать dle 12.1