Bia.Az

Kreml meydan oxuyur: Putin NATO-nu hədələdi, Medvedev nüvə təhdidi yağdırdı - Rusiyanın sonu, yoxsa...

Gündəm
 1-08-2023, 18:35     286

Fikrət Yusifov: “Qərb Rusiyanın Ukrayna ilə bağlı bütün oyunlarını öncədən bilirdi”

Əli Orucov: “Putin nüvə silahına əl atmaqla yeni bir avantüraya getməz”

Rusiya-Ukrayna müharibəsinin fonunda dünyadan aldığı zərbələrdən faydalı nəticələr çıxarmaq əvəzinə, daha da aqressivləşir. Kreml rəhbərliyinin son günlərdəki davranışları onu deməyə əsas verir ki, Putin hakimiyyəti dünyaya növbəti dəfə meydan oxumağa başlayıb. “Rusiya NATO ilə birbaşa hərbi toqquşma istəmir, amma kimsə istəsə, Moskva buna hazırdır”.
Bunu Rusiya prezidenti Vladimir Putin iyulun 30-da deyib.
putun.jpg (62 KB)
O vurğulayıb ki, hər hansı bir ssenariyə hazırdır. Kremlin sahibi bu tip münaqişələrin qarşısının alınması üçün ABŞ-ın təşəbbüsü ilə xüsusi mexanizm yaradıldığını xatırladıb:
“Ölkəmizdə müəyyən departamentlərin rəhbərləri bir-biri ilə birbaşa əlaqə saxlayır və istənilən böhranlı vəziyyətlə bağlı məsləhətləşmək imkanına malikdirlər. Bu mexanizm tərəflərin birbaşa qarşıdurmaya getmək istəmədiyini göstərir. Ancaq bunun kimsə əksini arzulayırsa, buyursunlar, biz hazırıq”.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə iyulun 30-da dünyanı yenə nüvə silahı ilə “Rusiya ərazisinin bir hissəsi zəbt olunacağı təqdirdə nüvə silahından istifadə etməli olacaq”. Beləliklə, Rusiya o mesajı verir ki, əgər ona qarşı müqavimət davam edərsə, Ukraynada işğal etdiyi torpaqlardan qovularsa, Krımda əməliyyatlar başlayarsa, nüvə silahına əl atacaq və NATO ilə açıq toqquşmaya gedəcək. Bu, Kremlin qorxudan doğan təlaşı və hədəsidir, yoxsa qarşıda çox böyük bir müharibənin anonsudur? Bu deyilənlər baş verərsə, Rusiyaya nə vəd edir? Onun sonu olar, yoxsa dünya üçün fəlakətlər yaşanar?
fikret_yusifov.jpg (160 KB)
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Ukrayna ordusunun uğurlu əks-hücumları başlayan kimi Rusiya şantaja keçir:
“Rusiya Ukraynaya təcavüz etməklə bəlkə də öz tarixində ən böyük hərbi-siyasi yanlışlıqlardan birinə yol verdi. Hesablaya bilmədilər. Hesablaya bilsəydilər ən azından dünyanın ikinci ordusu “statusunu” saxlamaq naminə bu qədər “genişmiqyaslı” hərbi əməliyyatlara qərar verməzdilər. Qərb Rusiyanın Ukrayna ilə bağlı bütün oyunlarını öncədən bilirdi. Heç şübhə etmirəm ki, Qərb bunu bildiyindən 2012-2014-cü illərdə Rusiyanın Ukraynanın şərqini və Krımı işğal etməsinə elə də ciddi bir reaksiya vermədi. Çünki, Qərb bilirdi ki, Rusiya bununla durmayacaq və gec-tez Ukraynanı bütövlükdə işğal etmək üçün müharibəyə başlayacaq. İndi aydın olur ki, ABŞ kəşfiyyatı bu müharibənin nə vaxt başlayacağını, Rusiya ordusunun hansı istiqamətlərdən hücum edəcəyini və bir çox digər mühüm mətləbləri öncədən bilirmiş. Elə bunun nəticəsi idi ki, Rusiya Ukraynanın şərqini və Krımı işğal etdikdən sonra, Qərb Ukrayna ordusunu 7-8 il ərzində, əsaslı şəkildə, həlledici müharibəyə hazırlamağa başladı. Nəticələr göz qabağındadır. Dünyaya meydan oxuyan, Yaxın Şərqdə, Afrikada, MDB məkanında at oynadan Rusiya ordusu sən demə gövdəsi içəridən tam çürümüş bir böyük qovaq ağacı qədər yazıq bir görkəmdəymiş. Bu ordu Ukraynanı 3 günə fəth edib, onu özünə tabe etdirmək üçün yola çıxdı və çürüklüyü səbəbindən bu gün gövdəsi yerə gəlmək üzrədir.
Qərb Ukraynanın yanındadır və onun qələbəsi üçün ardıcıl şəkildə bütün imkanları bir araya gətirir. Müharibə başlayandan Qərb üst-üstə Ukraynaya 100 milyard dollar ətrafında hərbi yardımlar göstərib. Qərb üçün bunu etmək o qədər də çətin deyil. Çünki, Rusiya kimi ölkələrdən fərqli olaraq, Qərbin vəsait problemi yoxdur. Əgər Qərb indiyə qədər bu məqsədə 100 milyard dollar xərcləyiblərsə, deməli, lazım gələrsə, əlavə 100 milyard dollar da xərcləyəcəklər. Və ən əsası budur ki, Qərb heç vaxt havayı pul xərcləmir. Əgər söhbət yüz milyardlarla ölçülən xərclərdən gedirsə, deməli Qərb hər şeyi əvvəlcədən zərgər dəqiqliyi ilə hesablayıb. Hadisələrin indiki gedişi bu deyilənlərin doğruluğunu göstərir.
Ukrayna ordusu indi genişmiqyaslı əks hücuma keçir. Rusiya ordusu geri çəkilir. Başqa yol yoxdur. Qərbin optik dəqiqliklə işləyən silahları qarşısında Rusiyanın istifadə etdiyi silahların əksəriyyəti keçmişdəki “dayan doldurum” səviyyəsindədir. Rusiyanın yeganə silah üstünlüyü uzaqvuran raketlərlə bağlıdır. Müasir müharibəni isə hərbin bir qolunda olan silahlarla udmaq mümkün deyil. İstifadə olunan bütün silahlar qarşı tərəfin silahları ilə uyğun səviyyədə olmalıdır. Bunlar Rusiya isə ordusunda yoxdur. Ən əsası - Rusiya ordusunda ruh yüksəkliyi yoxdur. Orduya çağrılanların böyük əksəriyyəti bu müharibənin işğalçı mahiyyətini dərk edib, onun tezliklə başa çatmasını arzulayırlar və onlar üçün müharibənin kimin qələbəsi ilə başa çatmasının elə bir əhəmiyyəti yoxdur. Onların bir istəyi var – necə olursa-olsun evlərinə sağ-salamat dönsünlər. Ukrayna ordusunda isə vəziyyət tamamilə başqadır. Ukrayna ordusu ölkəsinin torpaqlarını işğaldan azad etmək uğrunda fədakarlıqla vuruşur. Fərqli situasiyalardır. Bir sözlə, Rusiya bu işğalçı müharibəni başlayanda artıq onu uduzmuşdu. Bu gün Ukrayna ordusu Qərbin ssenarisi ilə idarə olunan bu müharibədə Rusiyanın məğlubiyyətini rəsmiləşdirməklə məşğuldur. Əslində Rusiya məğlub olduğunu çoxdan anlayıb, lakin özünü saldığı bu oyundan çıxmağın yollarını tapa bilmir. Rusiya üçün yeganə çıxış yolu məğlubiyyəti etiraf edib, Ukrayna torpaqlarından geri çəkilmək olsa da o, belə addımı atmağa özündə cəsarət tapa bilmir. Çünki Rusiya hakimiyyəti yaxşı bilir ki, bu müharibədə yüz minlərlə itki verib uduzmaq onun üçün nə deməkdir. Rus xalqı bunu bağışlamaz! Odur ki, məğlubiyyətin bir addımlığında olan Rusiya bu gün vəziyyətdən qurtulmaq üçün çaba göstərir və daha çox Jirinovski kimi danışan Medvedyev kimilər tez-tez Qərbi atom silahı ilə təhdid edirlər. Lakin belələri çox yaxşı bilirlər ki, bu silahdan istifadəyə cəhd göstərirlərsə, nələr baş verəcək. Onlar eyni zamanda bilirlər ki, bu məsələlər artıq çoxdan ABŞ-n nəzarətindədir.
Bu günlərdə ABŞ prezidenti Co Baydenin Rusiyanın Ukraynada törətdiyi cinayətlər barədə sübutları Beynəlxalq Cinayət Məhkəməsinə vermək barədə qərar qəbul etməsi də Qərbin hansı istiqamətdə hazırlıqlar gördüyünə bir sübutdur. Qərb Putin hakimiyyətinin sonunun yaxınlaşdığını görür. Rusiya isə bu gün meydanda suda boğulmaqdan qorxub, saman çöpündən yapışan bir personajı xatırladır”.
orucov.jpg (88 KB)
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Rusiyanın çox ağır vəziyyətə düşdüyünü, hətta bir sıra ölkələrin silahlarına ehtiyacının yarandığını düşünür:
“Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibədə uğursuzluğa düçar olması və bunun fonunda daxildə günbəgün dərinləşən hərtərəfli böhran Putin iqtidarını çıxılmaz vəziyyətə salıb. Odur ki, aqressiya da, şiddət də artmaqdadır. Müharibənin ilk günlərindən Putinin reytinqi və təcavüzə haqq qazandıranın faiz göstəriciləri çox yüksək idisə, indi bunun tam əksidir. Rusiya təkcə Ukraynada deyil, ümumilikdə beynəlxalq miqyasda tam fiaskoya uğrayıb. Hətta o dərəcədə ki, Şimali Koreyadan imdad umur. Dünyada silah ixracında ikinci olan Rusiyanın hazırda İran və Çinin silahlarına ciddi ehtiyacı yaranıb. Rusiyanın bu gün hərbi və siyasi qüdrəti sahib olduğu nüvə silahındadır. Nüvə silahı həm də təhdid və şantaj silahı kimi toxunulmazlığına təminat vasitəsinə çevrilib. Putin NATO-nu da nüvə silahı ilə qorxudaraq çəkindirməyə çalışır. Zatən Rusiya hibrid müharibə aparır. Ukraynada istifadə olunan silah sursat, hərbi ləvazimatlar, təlimatçılar NATO ölkələrinin istehsalıdır. Alyans Ukraynaya kəşfiyyat məlumatları ötürür, Qərbə böyük həcmlərdə maliyyə və humanitar yardımlar göstərir. NATO özü də Rusiya ilə birbaşa toqquşmaya maraqlı və həvəsli deyil. Bu Putin hakimiyyətinə siyasi manipulyasiya etməsinə və rus milli ruhunun xarici müdaxilə təbliğatına qarşı fokslandırılmasına imkan verərdi. NATO hədəflərinə demək olar ki çatıb. Rusiya hərbi-siyasi güc kimi Alyansın beynəlxalq münasibətlər sistemindəkidə fəaliyyətinə, roluna heç bir maneə və rəqabət yarada biləcək halda deyil. Eyni zamanda Moskvanın ənənəvi təsirində olduğu siyasi coğrafiya tədricən əlindən çıxır. O cümlədən, Cənubi Qafqazda və Orta Asiyada yeni aktorlar fəallaşmaqdadır. Odur ki, tükənən Rusiyanın əlacı və istinad edə biləcəyi təkcə bir vasitə qalır, o da nüvə silahıdır. Dünya ictimaiyyəti Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Medvedevin dəfələrlə səsləndirdiyi nüvə təhdidinə o qədər də ciddi yanaşmasa da, lakin bunun təhlükəli şantaj olduğunun da fərqindədir. Medvedev Krımı Rusiya ərazisi hesab edir. Halbuki nə beynəlxalq hüquq, nə də dünya dövlətləri Krımı Rusiyanın ərazisi kimi qəbul edir. Rusiya hakimiyyəti hədə qorxu ilə qanunsuz ilhaq etdiyi Krım yarımadasını əlində saxlamağa çalışır və anlayır ki, Ukrayna yarmadasız müharibəni durdurmayacaq. Bir məsələni də qeyd edim ki, Putin avantürist siyasətçidir.
Özünü və hakimiyyətini qorumaq üçün hər cür avantüraya gedə bilər. Əksər analitiklər və siyasilər Putinin Ukraynaya təcavüzünü proqnozlaşdırmırdı və bunu intihar, yaxud da ağılsızlıq hesab edirdi. Amma bu baş verdi. Məncə, Putin nüvə silahına əl atmaqla yeni bir avantüraya getməz. Bu planetimiz üçün də fəlakət olardı.
Hesab edirəm ki, Rusiyadakı mütərəqqi qüvvələr və ayıq düşünən insanlar dəhşətli nəticələri olacaq belə bir aktın reallaşmasına imkan verməzlər”.//Yeni Müsavat”/\скачать dle 12.1