Bia.Az

Paşinyanın itirdiyi tarixi şans, Azərbaycan və Türkiyəni münaqişəyə cəlb etmək cəhdləri…

Siyasət
 29-07-2023, 16:05     331

Ermənistanın kənar, üçüncü qüvvələri bölgəyə cəlb etməkdə məqsədi Azərbaycanla sülh müqaviləsinin imzalamaqdan yayınmaqdır. Eyni zamanda, İrəvan bununla Azərbaycan və Türkiyəni başqa ölkələrlə münaqişəyə cəlb etməyə çalışır”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. Politoloqun fikrincə, indiyədək Azərbaycanla problemlərin kökündə dayanan ən böyük səbəblərdən biri Ermənistanın həyata keçirdiyi siyasi xətt olub:

“Ermənistan bu gün öz ərazilərini başqa dövlətlərə peşkəş edib. Gümrü şəhərində Rusiya hərbi bazası var, onun Türkiyə və İranla sərhədlərini də ruslar qoruyur. İrəvan Avropa İttifaqının mülki missiyası adı altında Qərb cəsus şəbəkəsini ərazisinə doldurub. Qafan şəhərində İranın konsulluğu yerləşir. Yəni, Ermənistan öz ərazilərini bütün dünyaya peşkəş etmiş ölkədir”.

Tural İsmayılovun sözlərinə görə, Nikol Paşinyan üçün tarixi şans yaranmışdı, lakin bundan imtina edib:
“O, Ermənistanı müstəqil edib, Azərbaycan və Türkiyə ilə partnyorluq edən regional dövlətə çevirə bilərdi. Amma təəssüf ki, Paşinyan bu şansdan imtina edib. Ona görə də Ermənistan hazırda gah Rusiya, gah da Qərbdən, Fransadan gələn tapşırıqlarla regionda gərginlik yaratmağa çalışır. İrəvan bu kimi addımları ilə həmçinin Azərbaycan və Türkiyəni üçüncü ölkələrlə münaqişəyə cəlb etməyi düşünür. Bu isə təhlükəli gedişdir. Ermənistanın əsas hədəflərindən biri Azərbaycanın qlobal siyasi güc və nüfuzunu azaltmaqdan ibarətdir. Bunun üçün də bütün beynəlxalq təşkilatlar və imkanı çatan bütün ölkələrdən istifadə etməyə çalışır. Amma onların bu cəhdləri də uğursuz olacaq. Ermənistanın bu kimi təhlükəli və məkirli gedişləri iflasa uğrayacaq. Azərbaycan bölgədə əsas söz sahibidir. Ona görə də Bakının atdığı addımları hansısa üçüncü ölkələr sabotaj edə bilməz”.
Qeyd edək ki, proseslərin gedişi Ermənistanın bölgəyə üçüncü ölkələri cəlb etməkdə maraqlı olduğunu göstərir. Belə ki, Ermənistanda rus hərbi bazası var. Lakin bununla yanaşı, İrəvan Aİ mülki missiyası adı altında Qərb qüvvələrini də bölgəyə cəlb edib. İstisna deyil ki, İrəvan gələcək perspektivdə də bu istiqamətdə fəaliyyətini genişləndirsin.
скачать dle 12.1