Bia.Az

General məhkəmədə “Tərtər işi”nin SİRRİNİ AÇDI

Cəmiyyət
 29-07-2023, 11:59     297

Mühakimə olunan Bəkir Orucovun iddiasına görə, 2017-ci ildə işgəncə olaylarından sonra hərbçilər düşmənin arxasına keçib orada əməliyyat keçirməkdən çəkinməyə başlayıb, qorxublar ki, onları da ermənilərlə təmasa girməkdə ittiham edərlər...

Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin sədrliyi ilə “Tərtər işi” üzrə həbs olunan 5 nəfərin - general-mayor Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
2021-ci ilin dekabrında Baş Prokurorluğun İstintaq İdarəsində “Tərtər hadisələri” ilə bağlı yenidən araşdırmalar başlanan zaman 2017-ci ilin mayında Beyləqanda da Azərbaycan Ordusuna qarşı baş verən cinayətlər araşdırılıb.
Bu iş üzrə 62 zərərçəkmiş, 21 şahid var. İlk dövrdə araşdırmalar “Tərtər işi” ilə eyni icraatda aparılsa da, bu ilin fevralında “Beyləqan hadisələri” üzrə 5 nəfər barəsində cinayət işi ayrılaraq, Bakı Hərbi Məhkəməsinə göndərilib. Hakim qarşısına Beyləqan korpusunun qərargah rəisi olmuş, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov və daha 4 nəfər - snayper bölüyünün komandiri Ziya Kazımov, Təhqiqat bölməsinin rəis müavini olmuş Rahib Məmmədov, İntiqam Məmmədov və Ülvi Rəşidov çıxarılıb. Təqsirləndirilən şəxslərdən mayor Ülvi Rəşidovla polkovnik-leytenant Ziya Kazımov barəsində məhkəmə dövründə həbslə əlaqəli olmayan qətimkan tədbiri seçilib.
Hazırda məhkəmədə təqsirləndirilən şəxslər ifadə verirlər.
Prezident təqaüdçüsü işgəncələrdə iştirak etmədiyini dedi, ifadəsindən imtina etdi
Sonuncu prosesdə Müdafiə Nazirliyinin 2-ci təhqiqat bölməsinin rəis müavini, ikinci korpus komandirinin hüquq işləri üzrə köməkçisi Rahib Məmmədov ifadə verib. Məlum olub ki, Rahib Məmmədov hərbi sahədə yazdığı dərsliklər bu gün də Azərbaycanının Ali Hərbi Məktəblərində tədris olunur, o prezident təqaüdçüsüdür. Rahib Məmmədov deyib ki, Rahib Bəşər imzası tanınır, 8 kitabın müəllifidir. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı və “Azərbaycan Bayrağı” ordeninin laureatıdır. Məhkəmədə sərbəst ifadə verərəkən Rahib Məmmədov deyib ki, işgəncələrin olduğu N saylı hərbi hissədə cəmi 15 dəqiqə olub. Həmin 15 dəqiqə onu həbsə gətirib çıxarıb. Gözləri dolmuş halda danışan təqsirləndirilən deyib ki, Baş Prokurorluqda ona təklif olunub ki, təqsirləndirilən İntiqam Məmmədovun əleyhinə ifadə versin. Ona istintaq zamanı istintaqçılar deyiblər ki, o da daxil bütün təhqiqatçılar guya hərbçilərə işgəncə veriblər. R.Məmmədov deyib ki, ibtidai istintaq zamanı müstəntiqlər onunla səmimi davrandıqlarından onu aldatdıqlarını başa düşməyib. Rahib Məmmədov məhkəmə heyətinin diqqətinə çatdırıb ki, ibtidai istintaqa verdiyi ifadəsindən imtina edir və məhkəmədə verdiyi ifadəsinin əsas götürülməsini xahiş edir. O kimsəyə işgəncə vermədiyini, ümumiyyətlə işgəncələrdə iştirak etmədiyini bildirib. İttihamı saxta və qondarma adlandırmaqla ona bəraət verilməsini xahiş edib.
Tərtə işi"ndə yeni həbslər var - ADLAR » Demokratik.Az
General ittihamları qəbul etmir, bəraət tələb edir!
Bundan sonra 2-ci Ordu Korpusunun Qərargah rəisi olmuş general Bəkir Orucov sərbəst ifadə verib. 
Bəkir Orucov digər təqsirləndirilən şəxsləri əvvəllər tanımadığını, Məmmədovu məhkəməyə gətirilərkən “varanok”da gördüyünü bildirib. Lələtəpə, Torpaqtəpənin alınmasına rəhbərlik etdiyini diqqətə çatdıran general həbsinin qanunsuz olduğunu, ittihamları qəbul etmədiyini açılayıb.
“Məni ”biz general həbs etmişik" demək üçün tutublar!"
O deyib ki, həbs olunduğu gün, 1 sentyabr 2022-ci ildə Baş  Prokurorluğun İstintaq İdarəsinə dəvət olunub. Səhər saat 10-dan axşam saat 8-ə qədər orada dindirilib. Həmin vaxt eynəyi də üzərində olmayıb. Buna görə də istintaqçıların yazdıqlarını oxuya bilməyib. İstintaq zamanı generalın vəkili də olmayıb. İdarədə hansısa sənədlərə imza atsa da,  bunların nə sənəd olduğunu da bilməyib. Sonradan istintaq zamanı dindirmə otağında olanlardan bir şəxsi Bakı Hərbi Məhkəməsində görüb. Orada bilib ki, həmin şəxs ona dövlət tərəfindən ayrılan vəkil imiş. Bəkir Orucov deyib ki, həmin şəxs istintaq zamanı, sonradan Bakı Hərbi Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilərkən ağzını açıb danışmayıb. Bəkir Orucov bildirib ki, həbsinin tək səbəbi general rütbəsinin olmasıdır. O deyib ki, iş üzrə zərərçəkənlərin, onların yaxlınlarının başını qatmaq üçün, “biz general həbs etmişik” demək üçün onu həbsə alıblar.
Bəkir Orucov deyib ki, nəinki işgəncələrin təşkil olunmasında, verilməsində iştirak etməyib, əksinə, 2-ci Ordu Korpusunda işgəncələrin dayandırılmasına nail olub. Onun Baş Qərargah rəisi olduğu 2-ci Ordu korpusunda 1 nəfər, 1-ci Ordu korpusunda isə işgəncələr nəticəsində 11 nəfər dünyasını dəyişib. Bəkir Orucov bildirib ki, əsgər və zabitlərin dindirilməsi prosesinə onların iştirakının yolverilməzliyi haqda korpus komandiri Mais Bərxudarova dəfələrlə bildirib: “Mən baş verənlərdən narahat idim. Tez-tez Mais Bərxudarova məruzə edirdim. Hər dəfə də baş verənlərdən narahatlığımı bildirirdim ki, bu deyilən məsələlər varsa, Hərbi Prokurorluq, yaxud da başqa qurumlar araşdırsın. Dedi ki, nazir Zakir Həsənov ona zəng vurub. Nazir Mais Bərxudarovdan Hikmət Həsənovun korpusunda baş verənlərdən nümunə götürməsini istəyib. Mais Bərxudarov mənə ”nazir dedi ki, nədən qorxursan, Hikmət kimi işləyin, hamısını ifşa edin" deyə son və qəti sözünü bildirdi".
B.Orucov deyib ki, hadisələr baş verərkən Müdafiə Nazirliyinin, Respublika Prokurorluğunun, Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri orada iştirak ediblər. Lakin bu gün həmin şəxslərdən heç biri istintaqa cəlb olunmayıb. Onun sözlərinə görə Baş Prokurorluğun İstintaq İdarəsində olarkən deyib ki, həmin hadisələrin üstündən 6 il ötdüyünə görə heç nə xatırlamır. Müstəntiq isə deyib ki, “biz də bilirik ki, sizlik bir şey yoxdur, başqalarının  ifadələri var, baş verənlər biz deyən - yəni müstəntiqin özünün dediyi formada olub, siz narahat olmayın”.
Tərtər işi” ilə bağlı yeni həbslər - Axtarışa Verilən Var - FED.az
General iddia edir ki, müstəntiq onun ilkin ifadəsini saxtalaşdırıb. İfadədə yazılıb ki, gizir Yusif Məmmədovla əsgər Cavidan Dadaşov düşmən tərəfə keçid edən zaman özü də orada postda olub. Bəkir Orucov deyib ki, bu yalandır və anten məlumatları, şahid ifadələri ilə təkzib olunur.
Bəkir Orucov deyib ki, hərbi hissədə Mais Bərxudarovun göstərişi ilə işgəncə otağı yaradılıb.
Mais Bərxudarov ona bildirib ki, bu otağın yaradılması müdafiə naziri Zakir Həsənovla Baş Qərargah rəisi Nəcməddin Sadıkovun göstərişidir və o, bu göstərişləri icra etmək məcburiyətindədir. Bundan sonra Ülvi Rəşidov həmin otağı təşkil edib...
Bəkir Orucov deyib ki, hərbi hissədə olarkən düşmənlə əlaqədə suçalanan  Yusif Məmmədovdan öyrənməyə çalışıb ki, bu nə oyundur:  Həmin vaxt Yusif Məmmədov onun yanına gətirilərkən əli-qolu açıq vəziyyətdə olub. Onun üz-gözündə hər hansı bir şişkinlik, xəsarət izi də görməyib. Yusif Məmmədov  ona deyib ki, o, heç bir xəyanət etməyib. Həmin gün gecəyarısı Ülvi Rəşidov ona zəng edərək bildirib ki, Adil Sabirli işgəncələr nəticəsində ölüb. Bu barədə Mais Bərxudarova zəng edib məruzə edib. Mais Bərxudarov isə ona deyib ki, narahat olmasın, o, səhər nazirliyinə gedəcək, orada bu barədə məruzə edəcək. Buna baxmayaraq o, səhər tezdən Füzuli rayon hərbi prokuroru Natiq Həsənovun yanına gedib və baş vermiş hadisə barədə məlumat verib. İstintaq materiallarında yazılır ki, bundan sonra Bəkir Orucov işgəncə otağını dağıdıb, işgəncə alətlərini də gizlətməklə iz itirib. Bəkir Orucov isə məhkəmədə bunu təkzib edib, deyib ki, həmin otaq onun göstərişi ilə yaradılmayıb ki, o da iz itirməklə məşğul olsun.
Bəkir Orucov deyib ki, bu gün Yusif Məmmədov bəraət alaraq xidmətə qayıtsa da, onun saxta ifadələri əsasında işgəncələrə məruz qalan, sağlamlıqlarını itirən hərbçilər var.
Bəkir Orucov deyib ki, onun hərbi prokurora məlumatından sonra Adil Sabirlinin ölüm faktına görə araşdırma başlayıb, ekspertiza təyin olunub. Ekspert də rəy verib ki, Adil Sabirli işgəncə nəticəsində aldığı xəsarətlərdən dalağı partlayıb və dünyasını dəyişib. Lakin Hərbi Prokurorluq Adil Sabirlinin işgəncə ilə öldürülməsi faktına görə dərhal cinayət işi başlamalı olduğu halda yalnız 9 aydan sonra belə bir cinayət işi başlanıb.
B.Orucov deyib ki, Adil Sabirlinin ölümündən sonra onun göstərişinə əsasən digər hərbi hissələrdən dindirmək üçün gətirilənlər geri qaytarılıb. Bununla o, faktiki olaraq işgəncələrin qarşını almış olub.
Bundan əvvəlki məhkəmə proseslərində ifadə verənlər deyirdilər ki, Adil Sabirli işgəncə ilə öldürülərkən korpus komandiri Mais Bərxudarov məzuniyyətdə olub. Bu isə bütün diqqəti 2-ci Ordu Korpusunda rəhbər vəzifəli şəxs olan general Bəkir Orucova yönəldirdi. Yəni, Mais Bərxudarov məzuniyyətdə olubsa, onu Bəkir Orucov əvəz etməli idi.
Bəkir Orucov ifadəsində göstərib ki, Adil Sabirli ölən gün  korpus komandiri məzuniyyətdə olmayıb. O, mayın 6-da deyil, mayın 8-də məzuniyyətə çıxıb. Bu isə o deməkdir ki, Adil Sabirli öldürülərkən Mais Bərxudarov iş yerində olub, müvafiq olaraq məsuliyyət də korpus komandiri kimi onun üzərində olub.
Bəkir Orucov bildirib ki, ona qarşı ssenari Füzuli Hərbi Prokurorluğunda yazılıb. Həmin ssenari də Baş Prokurorluq tərəfindən davam etdirilib. İttiham aktında yazılıb ki, onun Nəcməddin Sadıkovla yaxın münasibətləri olub. B.Orucov məhkəmədə deyib ki, hamı Nəcmədin Sadıkovun sözü keçdiyinə görə onunla yaxın münasibətdə olmaq istədikləri bir vaxtda, o, belə bir təşəbbüs göstərməyib. Telefonla belə Nəcməddin Sadıkovla danışmayıb. Əgər belə bir yaxınlığı olsaydı, korpus komandiri kənardan gətirilən Mais Bərxudarov deyil, o, təyin edilərdi. Təqsirləndirilən şəxslərdən İntiqam Məmmədovun ifadəsinə diqqət çəkən Bəkir Orucov deyib ki, ondan Respublika Prokurorluğunda tələb olunub ki, Mais Bərxudarovun adını çəkməsin, əvəzində Bəkir Orucovun adını çəksin. Bəkir Orucov deyib ki, gizir Turan Ənvərlini öyrədərək onun üzünə qoyublar: “Faktiki isə gizir yalan danışır, şər atır”.
Bəkir Orucov ibtidai istintaq dövründə adından yazılan ifadədən imtina edib.
Orucov məhkəmənin diqqətinə çatdırıb ki, baş verənlərdən sonra onun rəhbərliyi ilə 2-ci Ordu korpusunda düşmənə qarşı gerçəkləşən ardıcıl əməliyyatlara son verilib. Çünki hər kəs düşmənin arxasına keçib orada əməliyyat keçirməkdən çəkinməyə başlayıb. Düşünüb ki, geri qayıdandan sonra “düşmənlə əlaqədə” suçlanıb işgəncələrə məruz qalan hərbçi yoldaşları kimi istintaqa cəlb edə bilərlər.
Bundan sonra sənədlərin tədqiqi mərhələsi başlayıb. İş üzrə sənədlər araşdırılarkən Bəkir Orucovun vəkili deyib ki, Hərbi Prokurorluğun bu işlərdən məlumatsız olduğu deyilir. Lakin iş materialları arasında Füzuli Hərbi Prokurorluğunun Adil Sabirlinin ölümü ilə bağlı sənədlər, rəylər, protokolları var. Elan olunan sənədlərdən biri də Bəkir Orucovun mayın 30-da DTX-yə baş verənlərlə bağlı məktubu olub.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”скачать dle 12.1