Bia.Az

Dünya mediasından

Dünya
 28-07-2023, 17:01     354

Vaxtilə Britaniya ordusunda və NATO qoşunlarında komandir heyətində xidmət etmiş polkovnik Həmiş de Breton-Qordon  “The Telegraph” qəzetində çıxan “Rusiyanın itkisi hər kəsin ağlına gətirdiyindən qat-qat çoxdur” başlıqlı məqaləsində yazır: “May ayında xəbərdarlıq etmişdim: Rusiyanın Ukraynada itkiləri Moskvanın bizi inandırmağa çalışdığından qat-qat çoxdur. Bunu həm Putinin “ət maşını taktikası”ndan, həm də Ukraynanın yüksək dəqiqlikli raketlərlə endirdiyi zərbələrdən görmək olur. Moskva öz itki sayını bir neçə min nəfər göstərir. Amma bu, açıq-aşkar təbliğata hesablanmış saxta rəqəmdir. Müstəqil KİV-lərin məlumatına görə, Ukrayna 2023-cü il iyunun 6-da əks-hücum əməliyyatına başlayanadək Rusiyanın müharibədə itirdiyi hərbçilərin sayı 40-55 min nəfər arasında olub. Bundan başqa 80 min nəfərə yaxın ağır yaralı qeydə alınıb… İl yarımdan da az müddəti əhatə edən bu itkilər yalnız Birinci Dünya müharibəsi illəri ilə müqayisəyə gəlir… Bəs Rusiya ictimaiyyəti bu qədər itkiyə niyə lazımi reaksiya vermir? Bəlkə ona görə ki, kütləvi surətdə qırılan Moskva, Sankt-Peterburq elitasının balaları deyil, əsasən Rusiyanın şərqində məskunlaşmış yoxsul etnik azlıqların nümayəndələridir?.. Düzdür, Putin rejimi efiri təbliğatla, dezinformasiya ilə o dərəcədə doldurub ki, müharibənin uğurla getdiyinə, “namərd Qərb”in tezliklə uduzacağına inanan az deyil. Amma istənilən halda həqiqət bir yol tapıb üzə çıxacaq, başqa cür ola bilməz. Yəqin ki, onda Rusiya ictimaiyyəti yuxudan ilan vurmuş kimi dik atılıb qalxacaq”. Həmiş de Breton-Qordon vurğulayır ki, Rusiya ictimaiyyəti hansısa məqamda bu müharibənin mənasızlığını dərk etməli, qırğına son qoymalı, canını tiranın cəngindən qurtarmalıdır.
Rusiyanın altı ildən çoxdur apardığı dezinformasiya kampaniyası ifşa edilib. 2016-cı ildən start götürmüş bu kampaniya internet məkanında, o cümlədən 300-dən çox sosial media quruluşunda, çox gizli, üstüörtülü aparılır. Kampaniyanı Amerikanın sosial şəbəkələrin təhlili üzrə ixtisaslaşmış “Graphika” şirkəti ifşa edib, ona şərti olaraq “Təkrar infeksiya” adı verib. “Graphika”nın hesabatına görə, rusiyalı hakerlər, trollar Kremlin uydurmalarını altdan-altdan şüurlara yeritməyə çalışır. Onların ABŞ-da 2016-cı ilin prezident seçkisinə müdaxilə etməyə cəhd göstərdiyi bildirilir, 2024-cü il seçkisində eyni cəhdi təkrarlayacağı da proqnozlaşdırılır. Qeyd olunur ki, rusiyalı dəstə amerikalı rəsmilərin adından dəfələrlə saxta açıqlamalar, sənədlər hazırlayıb, həmin uydurma sənəd və bəyanatları sosial şəbəkələrdəki saxta hesablarda yerləşdirərək yayıb. Hələlik kampaniyanı kimlərin idarə, yaxud icra etdiyi bilinmir. Lakin təbliğatın məzmunu, tonu onu deməyə əsas verir ki, kampaniyada əsas məqsəd adamları Rusiya hökumətini dəstəkləməyə yönəltmək, Kremli tənqid edənləri virtual hücumlara məruz qoyub sarsıtmaqdır.
Rusiya, Çin, İran “Threads”dən dezinformasiya məqsədilə istifadə edir. “Meta” texnologiya şirkəti “Threads” sosial şəbəkəsini iyul ayında işə salıb. Rusiya, Çin, İran hökumətlərinin nəzarətində olan media resursları dərhal bu yeni şəbəkəyə doluşaraq oradan saxta xəbər yaymaq üçün istifadə etməyə başlayıb. “Wall Street Journal” yazır ki, “Facebook”, “İnstagram”dan fərqli olaraq “Threads”də dövlət nəzarətindəki informasiya resurslarının hesabları xüsusi işarə ilə seçdirilmir və bu, avtoritarlara yeni platformada köhnə əməllərlə məşğul olmaq, yəni dezinformasiya yaymaq üçün münbit şərait yaradır. Rusiyanın RT telekanalı və “Sputnik” agentliyinin, Çinin CGTN telekanalı və “Sinxua” agentliyinin, İranın “Fars News” agentliyinin “Threads”dəki hesablar vasitəsilə yaydığı dezinformasiyalardan konkret misallar gətirən “Wall Street Journal” həmin hesabların bir neçə günə ümumilikdə 300 minə yaxın abunəçi topladığını da qeyd edir. “Meta”nın mətbuat katibi qəzetə deyib ki, tezliklə “Threads”də dövlətin nəzarət etdiyi media resurslarının hesablarının xüsusi işarə ilə seçdirilməsinə başlanacaq.
İsveç Rusiyanın dezinformasiya təbliğatının hədəfinə çevrilib. Məqsəd İsveç dövlətinin “Quran”ın yandırılmasına dəstək verdiyi təəssüratı yaratmaq, NATO üzvlüyünə namizəd olan bu ölkənin imicini korlamaqdır. İsveçin mülki müdafiə naziri Karl-Oskar Bolin mediaya açıqlamasında deyib ki, Kremlin dəstəklədiyi subyektlər fəal şəkildə bu mövzuda manipulyasiyalar edərək guya müqəddəs kitabın təhqir olunmasının arxasında İsveç dövlətinin dayandığı haqda iftira yayır: “Belə iddialar tam əsassızdır. Rusiyanın bu iftirası çaşqınlıq yaratmağa, İsveçin beynəlxalq imicini zədələməyə hesablanıb”. İsveçin baş naziri Ulf Kristersson da məsələyə münasibət bildirib. O, vurğulayıb ki, İsveçin hüquq mühafizə orqanları icazəni “Quran”ın yandırılmasına yox, ictimai toplantıların keçirilməsinə verir. Sərbəst toplaşmanın konstitusiyada təsbit edilmiş hüquq olduğunu xatırladan baş nazir bildirib ki, dövlət yalnız bu və digər hüquqlara, o cümlədən ifadə azadlığına təminat verir, amma heç bir etirazın arxasında dayanmır.
Dünyanın 186 mərkəzi bankının yalnız 24-nün rəhbəri qadındır. Onların ikisi 2023-cü ilin yayında irəli çəkilib: iyunda Hafizə Qaye Erkan Türkiyə Mərkəzi Bankının, iyulda Mişel Bullok Avstraliya Ehtiyat Bankının rəhbəri təyin olunub. “Bloomberg” agentliyi yazır ki, son on ilə nəzər salanda dünyada mərkəzi bank rəhbəri olan qadınların sayının vur-tut bir-iki nəfər çoxaldığı aydınlaşır: “Mərkəzi bank rəhbəri postuna irəli çəkilən xanımların sayı artırılmalıdır. Bütün karyerası boyu onu kişilərin əhatə etdiyini vurğulayan Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqardın da dediyi kimi, bank rəhbərləri postunda gender bərabərliyinin təmin olunması yalnız yaxşı nəticələr verə bilər”. “Bloomberg” bildirir ki, mərkəzi banklarda gender bərabərliyi prinsipinə getdikcə daha yaxşı əməl olunsa da, irəliləyiş mərkəzi bankların rəhbərliyində yox, daha aşağı vəzifələrdə, icra orqanlarında, tabeli qurumlarında qeydə alınır. Mövcud göstəriciləri, tendensiyaları təhlil edən “Bloomberg” belə bir qənaətə gəlir ki, mərkəzi banklar, ümumiyyətlə dünyanın maliyyə qurumları gender bərabərliyinə nail olmaq üçün hələ uzun yol qət etməlidir.
Tehran rejimi İsrailin Bakıdakı səfirliyinə qarşı hücumun baş tutmamasının acığını İrandakı azərbaycanlılardan çıxır. İsrailin “Yerusəlim Post” qəzeti yazır ki, iyulun 10-da Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti Bakıda terror cəhdinin qarşısının alındığını elan edəndən sonra İranın əxlaq polisi Güney Azərbaycan şəhərlərində küçələri dolaşa-dolaşa hicab qaydalarına riayət olunmasını yoxlamağa başlayıb. 2022-ci ilin sentyabrından İranda başlanan və bir neçə ay davam edən etiraz aksiyaları zamanı əxlaq polisinin fəaliyyətini dayandırdığı deyilirdi. Lakin 2023-cü ilin iyul ayının ortalarında Qərb mediasında əxlaq polisinin fəaliyyətini bərpa etdiyi haqda məlumat yayılıb. “Yerusəlim Post”un əxlaq polisinin Güney Azərbaycanda hicab qaydalarına riayət olunmasını yoxlamağa başladığı barədə xəbəri bundan bir neçə gün sonraya təsadüf edir. Lakin “Yerusəlim Post” hesab edir ki, məsələ hicabda deyil, rejim bu yolla azərbaycanlıları kollektiv şəkildə cəzalandırmaq istəyir, səbəb isə azərbaycanlıların İsrail səfirliyinə qarşı terrora imkan verməməsidir. Qəzetin rəyinə görə, xaricdə azərbaycanlılara əli çatmayan Tehran rejimi qəzəbini İran dövlətində yaşamağa məhkum olmuş azərbaycanlılara yönəldib.скачать dle 12.1