Arxiv

Oxunub:353 / 23 iy 20:45iqtisadiyyat, gundem

Dövlət Neft Fondu 6 aya 4 milyard manat xərcləyib



Dövlət Neft Fondu 6 aya 4 milyard manat xərcləyib

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 4,054 mlrd. manat, büdcə xərcləri isə 4 mlrd. 42,1 mln. manat təşkil edib.

ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, bu ilin ilk 6 ayı ərzində fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 812,1 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 802,1 mln. manat, akrhesabı ödənişlər 2,2 mln. manat, bonus ödənişləri 2,1 mln. manat və tranzit gəlirləri 5,7 mln. manat təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 241,9 mln. manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı fondun büdcədənkənar gəliri 8 013,4 mln. manat təşkil edib.

Hesabat dövrü ərzində, Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində 3 561,6 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 89,8 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 46,5 mln. manat vəsait ayrılıb. "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 17,2 mln. manat vəsait ayrılıb. 5,9 mln. manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib.

“Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 307,4 mln. manat vəsait ayrılıb. Bu ilin yanvar-iyun ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 13,7 mln. manat təşkil edib.

Bu il iyulun 1-ə fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 104,1 mln. ABŞ dolları) nisbətən 3,56% azalaraq 35 783,3 mln. dollara bərabər olub. İlin əvvəlinə nisbətən valyuta vəsaitlərinin azalmasının səbəbi valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlıdır.