Bia.Az

Ölkədə ən çox ucuzlaşan və bahalaşan ərzaqların adı açıqlandı - SİYAHI

Sosial
 22-07-2023, 17:45     347

Ötən iyun ayında ərzaqların qiymətində ucuzlaşma müşahidə olunub.

Musavat.com bildirir ki, Dövlət Statistika Komitəsinin açıqladığı hesabata görə iyunda əvvəlki aya nəzərən ərzaq məhsulları, içkilər və tütün məmulatları 2,1 faiz ucuzlaşıb.

Belə ki, 2023-cü ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 97,9 faiz, əvvəlki ilin iyun ayına nisbətən 111,5 faiz təşkil edib.

Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, çörəyin, unun, təzə balığın, sterilizə olunmuş üzlü südün, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, əriyin, gilasın, çiyələyin, bananın, xiyarın, pomidorun, bibərin, badımсanın, göy lobyanın, sarımsağın, soğanın, kartofun, yerkökünün, mərcinin, bahalaşma isə əsasən yumru düyünün, mal və qoyun ətinin, xamanın, zeytun yağının, limonun, kələmin, çuğundurun, şəkər və şəkər tozunun, kola içkisinin, limonadın qiymətlərində müşahidə olunub.

Hesabata əsasən tərəvəzlərin istehlak qiymətləri aylıq müqayisədə 12,6 faiz, meyvələrin qiyməti 3,5 faiz, yumurtanın qiyməti 1,5 faiz, kərə və bitki yağlarının qiyməti 1,1 faiz, çörək, çörək məmulatları və yarmalar 0,5 faiz, balıq və balıq məhsulları 0,4 faiz, çay, qəhvə, kakao 0,1 faiz ucuzlaşıb.

Qənd, cem, bal, şokolad və konfetlər 0,3 faiz, mineral sular, sərinləşdirici içkilər və şirələr isə 0,2 faiz bahalaşıb.

Digər ərzaq məhsullarının qiymətlərində isə ciddi dəyişikliklər baş verməyib. Belə ki, 2023-cü ilin iyun ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin iyun ayına nisbətən 110,3 faiz təşkil edib.

İyun ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından bahalaşma isə əsasən velosipedlərin, sabunların, şampunların, ucuzlaşma isə kəsilmiş taxtaların, yazı kağızlarının və planşet tipli kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.скачать dle 12.1