Bia.Az

“İlhamə Quliyeva musiqi mafiyasının “baba”sı idi” – Elçin Məhərrəmovla MÜSAHİBƏ

Şou
 22-07-2023, 16:58     763

Lent.az-ın müsahibi gözəl ifaları, müəllifi olduğu mahnıları ilə həm məşhurların, həm də tamaşaçıların rəğbətini qazanmış bəstəkar-müğənni Elçin Məhərrəmovdur

- Elçin bəy, sizə bir neçə dəfə zəng etmək istədim. Hər dəfə köməkçiniz götürdü. Özünüzlə danışmaq mümkün olmurdu. Bu ulduz xəstəliyidir?

- Yox tanıyanlar bilir ki, sadə insanam. Sadəcə tanımadığım adamlara şəxsi nömrəmi vermirəm, özəl həyatıma hamını daxil etmək istəmirəm. Tanıdıqdan sonra yaxınlaşıram insanlara. Bundan sonra sizinlə dostlaşarıq yəqin.
- İstərdik mahnıları “YouTube”də milyonlarla baxış toplayan Elçini daha yaxından tanıyaq...
- Günüm səsyazma studiyasında və ya el məclislərində keçir. 1993-cü il 16 sentyabrda Bakıda doğulmuşam. Lap balaca olanda atamı, 16 yaşım olanda anamı itirmişəm. Ali musiqi təhsilim yoxdur. Konservatoriyada Xalq artistləri Samir Cəfərovdan, İlhamə Quliyevadan özəl dərslər almışam. İlhamə xanım hər kəsə dərs vermirdi. Məni çox sevirdi. Onunla tanış olmaq həyatımda böyük rol oynadı. Musiqi məktəbini fortepiano və muğam üzrə bitirmişəm. Musiqiyə həvəsim həmişə böyük olub. Özümü bundan başqa sahədə görmürəm. Düzdür ali musiqi təhsili vacibdir, lakin insanın gərək içində də istək, şövq olsun.

- Sənət yolunuz necə başladı?
- Deyirlər uşaqlıqdan yaxşı səsim olub. Utancaq olduğuma görə masanın altına girib oxuyurammış. O qədər yanıqlı oxuyurammış ki, nənəm eşidib ağlayırmış. 2010-cu ildə “Speys” kanalında “Pop Star” yarışmasına qatılmağımı həyatımın ən böyük uğuru hesab edirəm. Orda məktəb keçdim desəm, yalan olmaz. O zaman münsiflər heyətində İlhamə xanım da otururdu. Orada tanış olduq. İlhamə xanımın favoriti, toxunulmazı idim. Qaralamışdı məni. Yarışın qaydalarına əsasən, hər münsif bir nəfəri toxunulmaz elan edə bilirdi, İlhamə xanım düz 11 həftə məni toxunulmaz elan elədi. İlhamə xanımın mənə dəstəyi böyük olub.
- Yəqin ki, onunla işləmək asan deyildi.
- Bəli, asan deyildi, lakin onun dəstək verdiyi insana da zaval yox idi.  Mənimlə mahnı oxumağa hazırlaşırdı. Mahnı yazmışdım duet üçün. İlhamə xanımın ölümü ilə hər şey yarımçıq qaldı. İlhamə xanımın ölümü ilə onun səylə bağlı saxlamağa çalışdığı qapı açıldı və ondan sonra çox şey dəyişdi. Amma bu yaxşıya doğru dəyişiklik sayılmaz. İlhamə xanım musiqi mafiyasının babası idi. Yumruğunu masaya vurdumu, kimsə sözünün çevirmirdi, hər kəs yerini yurdunu bilirdi. Mənə deyirdi, ehtiyatlı ol, bura başqa dünyadır. Ayağının altını qazanlar, üzünə gülüb, paxıllığını çəkənlər çox olacaq. Zaman keçdikcə haqlı olduğunu anladım.

- Sizcə onun yerini indi kimsə tutub və ya belə biri var?
- Yox. Məncə kimsə tuta bilməz.
- Yəqin onunla maraqlı xatirələriniz var?
- Çox olub. Dadlı yeməkləri sevirdi, restoranlara yanında sevdiyi dostları ilə gedərdi, məni də çox aparıb özü ilə. Heç unutmuram, o vaxt “Zəngimcell” dəbdə idi, istədiyin melodiyanı telefona yükləyirdin. Zəng edən adam gözləyərkən o melodiyanı eşidirdi. Mən də bir xanım müğənni var idi, onun mahnısını qoymuşdum. Xəbərim yox idi ki, İlhamə xanımla araları dəyib. Bir də gördüm İlhamə xanım zəng edir. Telefonu açan kimi üstümə qışqırdı ki, o pozğunun səsini niyə qoymusan ora? Dərhal sil! Dedi və bağladı. Çox qorxdum. 17 yaşım var idi onda. Yadıma gəlir ki, həyəcandan əlim-ayağım əsmişdi. Sonra barışdıq.

- Bayaq adını çəkdiyiniz və buna bənzər yarışmalarda qalibiyyəti istedad yoxsa pul təyin edirdi?
- Böyük pullar oynayırdı ortada. Sosial şəbəkələr yox idi deyə, heç kim çəkinmirdi. İştirakçılar populyarlaşmaq üçün xeyli pullar sərf etdilər. İlhamə xanımın dediyi kimi, pulun, arxan, dayağın yoxdursa irəli getmək olmur bu sənətdə. Necə ki mən. Dayağım olsaydı, daha yüksək yerlərdə olardım.
- Mahnılarınızda yanğı, kədər, həsrət var. Sanki həyatınızdan ağır sevgi acısı, ayrılıq keçib... 
- İnanın ki, mən hələ sevgi nədir, aşiq olmaq nədir bilmirəm. Təbii ki, bəyəndiklərim, münasibət qurduğum xanımlar olub. Amma bu hər kəsin dediyi o dəli eşq olmayıb. Müşahidə edirəm. Dostların, tanışların həyat hekayələrindən mahnılarım yaranır.
- Son zamanlar “Nankor adam” adlı mahnınız çox sevilir. Amma mahnı sanki hansısa bir kişiyə yazılıb…
- Düzgün müşahidə etmisiniz. Yaxşılıq edib, sonra kürəyimə bıçaq vuran bütün nankor dostlara mesajdır. Sırf bir nəfərə yox, həyatımda olub dəstək olduğum, lakin hədəfə çatdıqdan sonra mənə nankorluq edən adamlara həsr olunub. Söz və musiqi özümündür.

- Mahnının sözlərində deyilir ki, danışsam rəzil olarsan. Sirləri açmaqla hədələyirsiz?
- Yox, sirr tutanam. Sinəmdə o qədər sirr yatır ki... Amma hər kəs də ayağını düz atmalıdır. İkinci şans vermirəm.
- Subay qızları maraqlandıran sual. Sevgiliniz varmı?
- Yoxdur.
- Mahnılarınızı kimlər oxuyub?
- Damla, Könül Kərimova, Mətanət İskəndərli, Günay İbrahimli, Nurlan Təhməzli, Aysun İsmayılova, Sevinc- Sevinc bacıları, Xatun, türkiyəli müğənni Adil Karaca. İndi populyar olan müğənnilərin böyük əksəriyyəti. Yeri gəlmişkən Könül Kərimova ilə bir duetimiz olmalıdır. Könül xanım bilirsiniz ki, hər kəslə duet oxumur.
- Onda bahalı bəstəkarsınız?
- Demək olar ki hə. Havayı mahnı verdiklərim də olub. Amma məndən hit mahnı gözləyən müğənni bir qədər “tərləməlidir”.
- İndi şou-biznesdə, mahnı bazarında bir mahnının təqribi qiyməti nə qədərdir?
- Müəllifə və mahnıya baxır. Aranjeman, studiya xərcləri və s. daxil 3 mindən 5 minə qədər ola bilir. 
- Sifarişlə mahnı yazarkən əsas nəyə fikir verirsiniz?
- İstəyən adam sifariş verə bilər, amma hamıya mahnı yazmıram. Səsinə, tərzinə baxıram. Mahnı yazdığım adamla öncə 1-2 saat söhbət edirəm. Ruh halını tanımağa çalışıram, kəşf edirəm onu. Savaşdan çıxan müğənniyə toy mahnısı vermirəm. Sevgi savaşını nəzərdə tuturam. Xəyanətə uğrayan adam şən mahnını necə yaxşı oxuya bilər? Və ya adam var, şən mahnı istəyir. 

- Mahnı yazmaq asandır, yoxsa oxumaq?
- Oxumaq  asandır. Yazmaq ruh halıma bağlıdır. Bəzən 5 dəqiqəyə melodiya yaranır, bəzən 4-5 ay istədiyim alınmır.
- Bəstəkarlardan mahnılarınıza fikir bildirənlər olub?
- Tənqid edən olmayıb. Tərif də olmayıb amma. Bu camiədə heç kəs öz eqosunu basdalayıb gəlib deməz ki, sən yaxşı yazırsan. 


скачать dle 12.1