Bia.Az

Şopenhauerin Xoşbulaqdakı restoranı

KÖŞƏ YAZARLARI
 20-07-2023, 12:17     2 184

Həmişəki kimi, görünməmiş hadisə olubdur: bir icra hakimini uzun illər rayonu sökəndən sonra işdən çıxarıblar və qəfildən bunun saysız əmlakları tapılıb. Az qala respublikanın yarısı buna və qahımlarına məxsus imiş. (Qalan yarısı da MTN generalı Akif müəllimin idi, lakin onu cəsur hüquq-mühafizə orqanlarımız çoxdan müsadirə etmişlər, kasıblara paylamışlar. Məsələn, bu dəqiqə Çovdarovun Kürdəmirdəki villasında kinoklub açılıbdır, camaata Rac Kapurun “Avara” filmini nümayiş edirlər. Axşam seansında. Gündüz seansında baş rolda Zinət Amanın oynadığı “Əbədi məhəbbət nağılı” filmi göstərilir).

İndi keçmiş icrabaşı and içib aman edir, daş atıb (əlim dinc durmadı, az qaldım “Daşkəsəni atıb” yazım) başını tutur, deyir o mülklər başqalarına məxsusdur, mənim heç bir köşküm də yoxdur. Az qalır desin küçədə qalıram. Lakin mülklərin siyahısı o qədər dəqiqliklə, adresi-filanıyla verilib ki, istər-istəməz camaatda şübhə yeri qalmır. İcrabaşının bəzi əski-üskü dostları, yoldaşları da elə buna ilişirlər, deyirlər siyahını haradan almısınız. Sanki bunlar dövlət sirridir.
Əlbəttə, elə dövlət sirri kimi zaddır. Bizdə dövlət qulluqçularının, məmurların, deputat və nazirlərin əmlakı gizli saxlanılır. Nə gəlir deklarasiyası var, nə vergi bəyannaməsi. İstədiyin qədər rüşvət al, villa tik, maşın əldə et, bunun hamısı xalqa gizli qalacaqdır. Düzdür, həmişə belə deyildi, lap qədim əyyamlarda bəzi xətakar jurnalistlər müəyyən dövlət resurslarından əmlakların kimə məxsus olduğunu öyrənə bilirdilər. Lakin sonradan hökumət bütün bu cür informasiyaları gizlətdi. Ta o vaxtacan ki, məmur rəhbərliyin gözündən düşür. Yalnız həmin anda mülklər qəfil aydınlığa çıxır. Elə bil adam işləyəndə ətrafında duman, qatı bulud varmış, birdən bulud dağılır.
Əslində düşündürücü sual da elə budur: niyə əlaqədar orqanlar, məsələn, baş prokurorluq və vergi idarəsi hansısa məmurun saysız-hesabsız əmlak əldə etməsinə uzun zaman göz yumur? Əgər adi bir adam, olsun Bakının Zirə kəndindən Hüsü müəllim, evinin yanına daş töküb həyət tualeti qayırmaq istəsə, dərhal idarələr tökülüşüb gələcək. Ekskavatorla, tankla, zirehli maşınlar, aviasiya və dronla. Tualeti uçurub böyrü üstdə qoyacaqlar, həmin anda xalqa sayt vasitəsilə hesabat da veriləcəkdir: “Bu gün Zirə kəndində vətəndaş Hüsü müəllimə məxsus qanunsuz tualet tikintisi tərəfimizdən aşkar edilmiş, dərhal müvafiq tədbirlər görülərək sökülmüşdür. Zəhmətkeşlərimizdən xahiş edirik böyük və kiçik ehtiyaclarını həyətdə ağacın dibinə ödəsinlər. Hüsü müəllimin gələcək taleyi bizi maraqlandırmır. Bir də qanunsuz tikiliyə cəhd etsə, onu özüyeriyən artilleriya qurğusu ilə vurub baş-get edəcəyik”. Sitatın sonu.
Bütün bunların fonunda uca millətimizin deputat sayını, konstitusiyanı, hətta Nazirlər Kabinetinin taleyini müzakirə etməsi gülməlidir. Guya bizdən soruşan varmış... Deputat sayı 125 oldu, ya 225 oldu, dəxli nədir ki? Onsuz axırda deputatların hamısını əlahəzrət seçici özü müəyyən edir. Konstitusiyaya heç indiki vəziyyətində əməl eləyən yoxdursa, referendumla dəyişəndə öpüb gözlərinin üstünə qoyacaqlar? Yox. Britaniyada heç konstitusiya yoxdur, guya bizdən pis yaşayırlar?
Şəxsi iradənin bütün qanunlardan üstün sayıldığı şəraitdə yaşayırıq. Hətta ola bilər Artur Şopenhauer özünün “Dünya iradə və təsəvvür kimi” əsərini Azərbaycanı nəzərdə tutaraq yazmışdır.
Yazını da elə Artur müəllimdən icra başçılarımız haqda sitatla bitirirəm: “Pul, var-dövlət dəniz suyu kimidir, içdikcə daha çox susayırsan”.
Zamin HACIскачать dle 12.1