Bia.Az

Azərbaycanda alim vəfat edib - FOTO

Cəmiyyət
 19-07-2023, 16:45     201

Tanınmış geomorfoloq alim, Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Rəfael Abdullayev vəfat edib.

Bu barədə institutdan məlumat verilib.

Qeyd edək ki, Rəfael Seyfəl oğlu Abdullayev 1949-cu ildə Qax rayonunun İlisu kəndində anadan olub. 1968-ci ildə Bakı Politexniki Texnikumunu “Sənaye və mülki tikinti” ixtisası üzrə bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsinə qəbul olub və 1974-cü ildə oranı müvəffəqiyyətlə bitirib. 1974-1975-ci illərdə Uzaq Şərqdə qiymətli metalların səpinti yataqlarında təcrübə mübadiləsi keçib və hərbi xidmətdə olub.

1984-cü ildə aspiranturanın qiyabi şöbəsinə daxil olub, 1988-ci ildə “Kiçik Qafqazın çay dərələrinin inkişaf tarixi və formalaşma xüsusiyyətləri” mövzusunda dissertasiya işini müdafiə edərək geomorfologiya və təkamül coğrafiyası ixtisası üzrə coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 1968-ci ildən etibarən Coğrafiya İnstitutunun “Geomorfologiya” şöbəsində müxtəlif vəzifələrdə çalışıb. 2021-ci ildən başlayaraq Geomorfologiya və təbii risklər şöbəsinə rəhbərlik edib.

Çoxsaylı elmi hesabatların, müxtəlif məzmunlu xəritələrin, eləcə də Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda 60-dan artıq məqalənin müəllifidir. Onun mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edən elmi nəticələri müxtəlif xəritələrdə, məqalələrdə və kitablarda öz əksini tapıb. Coğrafiya İnstitutunun Elmi Şurasının üzvü olub. Fəal elmi fəaliyyəti ilə Azərbaycan geomorfologiya elminin inkişafına vicdanla xidmət edib. Çöl-ekspedisiya tədqiqat işlərinin təşkilatçısı və rəhbəri olub.




скачать dle 12.1