Bia.Az

“Bu proses Moskvada razılaşma əldə olunana qədər davam edəcək” - SENSASİON DETALLAR

Siyasət
 19-07-2023, 16:04     201

“Biz Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanma perspektivlərindən danışanda daha bir prinsipial məsələni də unutmamalıyıq. Sülh müqaviləsi harada bağlanacaq? Ermənistan və erməniçilik böyük güclərin əlində dəyənək olaraq qalmaqdadır. Qərb dövlətlərinin və ABŞ-ın Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək istiqamətində səyləri artdıqca Rusiyanın buna qarşı müqaviməti də çoxalacaq”.

Bu fikirləri Musavat.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov deyib.

O bildirib ki, Rusiya bu regionu öz nüfuz dairəsi hesab etməkdə davam edir:

“Ermənistan isə hələ ki, Rusiyanın forpostu olaraq qalır. Paşinyan hakimiyyətinin qərbyönümlü olması vəziyyəti əsaslı surətdə dəyişə bilmir. Bu baxımdan Rusiya Brüsseldə, Vaşinqtonda və istənilən Avropa İttifaqı dövlətində sülh müqaviləsi ilə bağlı danışıqların təşkilinə qısqanclıqla yanaşır. Çünki Qərb və ABŞ-ın əsas məqsədi Cənubi Qafqazda Rusiyanın təsirini azaltmaqdır. Rusiya isə əksinə, regionda daha da möhkəmlənmək istəyir”.

Sahib Məmmədov xatırladıb ki, Ermənistan Rusiyanın müttəfiqidir və onunla hərbi blokda birləşib:

“Rusiyanın Azərbaycanla da müttəfiqlik müqaviləsi var. Gürcüstana münasibətdə bir neçə birtərəfli addımın atılması, o cümlədən viza rejiminin aradan götürülməsi, aviareyslərin bərpası və uçuşların sayının artırılması kimi addımlar da Cənubi Qafqazda mövqeləri qorumaq və daha da möhkəmlənmək istiqamətində səylərin davamıdır. Brüssel görüşündən sonra Rusiyanın aktivləşməsi, o cümlədən diplomatik səviyyədə açıqlamaların artması da fikrimcə, bununla bağlıdır. Yəqin ki, bu proses Moskvada növbəti üçtərəfli görüşlə bağlı razılaşma əldə edilənə qədər bu və ya digər şəkildə davam edəcək”.

STM icraçı direktorunun sözlərinə görə, bütün maraqlı tərəflər bu münaqişədən öz xeyrinə bəhrələmək istəyir:

“Bizə sülh müqaviləsi, onlara isə regionda təsir imkanlarını artırmaq lazımdır. Moskva hesab edir ki, 44 günlük müharibənin dayandırılması və üçtərəfli bəyanatın imzalanması onun sayəsində baş tutub. Odur ki, sülh müqaviləsi də Moskvada bağlanmalıdır. Bu, yalnız məkan mənasını vermir.

Məsələ burasındadır ki, Qarabağdakı separatçı-terrorçu tör-töküntülər ipə-sapa yatmır. Onların Əsgəran-Ağdam yolunu bağlaması, Azərbaycanın humanitar dəhliz təklifinə, həmçinin Brüssel tərəfindən dəstəklənən təşəbbüsə dirəniş göstərməsi gərginliyi tətikləyir. Belə olduğu təqdirdə qarşıda hansı hadisələrin baş verəcəyi barədə suallar ortaya çıxır”.

Sahib Məmmədov bildirib ki, separatçılar özbaşına deyil:

“Mən Rusiyanın fəallaşması və bu fəallığın Moskvada növbəti görüşün vaxtının təyin olunmasına qədər davam edəcəyini öncədən bildirmişəm. Qarabağda olan qanunsuz birləşmələrin silahlı insidentləri, separatçıların aksiyalar keçirməsi, Ağdam-Əsgəran yolunu bağlaması həm də Ermənistana və baş nazir Paşinyana təzyiq üçün atılan addımlardır. Baş verənlər Azərbaycanın antiterror əməliyyatına başlaması zərurətini bir daha ortaya qoyur”.скачать dle 12.1