Bia.Az

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür

Bia Tv
 25-04-2020, 16:09     756

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdürBu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

"bia.az" xadırladır ki, Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Çox erkən yaşlarından musiqilə maraqlanıb. Musiqi məktəbində nəfəs aləti truba sinfini bitirib.

Albert Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib. Hərbi xidmətə gedənə qədər ailəsinə kömək etmək üçün işləyib. 1987-ci ildə Aqarunov hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. 1989-cu ildə ordu sıralarından tərxis olunaraq Bakıya dönüb, Suraxanıda maşınqayırma zavodunda işləyib.

Qarabağ müharibəsi başlayarkən Aqarunovun evə gələrək cəbhəyə könüllü yazılması xəbərini ailəsinə bildirməsi ailəsində ani çaşqınlıq yaradıb. Onun ailə üzvləri bu xəbəri birmənalı qarşılamayıb. Ailəsi bu yaşda Aqarunovun həyatını riskə atmasını istəməyib və dolayısı yolla onu müharibəyə getmək fikirdən çəkindirməyə çalışsa da, Aqarunov cəbhəyə yollanıb.

Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb.

1992-ci il may ayının 8-i Şuşaya ilk girməyə cəhd edən erməni tankına flaqman tank kimi şəhərə asılmalı olan "fəxri" erməni bayrağı verilib. Bu tankın komandiri erməni tankçısı olan Qaqik Avşaryan idi. Lakin Avşaryanın 442 nömrəli tankı Şuşaya girməyə cəhd elədiyi anda Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulur. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Şahen Sarkisyan elə ilk və son atəşdən maşının kabinəsində məhv edilir. Ermənilər Qarabağ müharibəsindən sonra Avşaryanın yanmış T-72 tankını bərpa edib, onu tünd yaşıl rəngə boyayıb, onun 442 nömrəsini ağ rənglə gövdəsində yazıb, təpənin başında Şuşaya tuşlanmış vəziyyətdə qoyublar.

A.Aqarunov Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurub. Buna görə bu metod döyüş yoldaşları tərəfindən "yəhudi buterbrodu" adını alıb. Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoyublar.

Aqarunov 1992-cu ilin mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub. Aqarunov mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxır. Əvvəlcə tankı düzgün istiqamətə yönəltməsi üçün mexanikinə göstəriş verir. Daha sonra öldürülmüş şəhidlərə tərəf qaçır və cəsədləri kənara çəkən zaman erməni snayperinin gülləsinə tuş gəlir.

A.Aqarunov Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Onun dəfn mərasimində molla və ravvin eyni vaxtda dua oxuyub. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb.

Bakıda vaxtilə təhsil aldığı 154 nömrəli məktəb və Nərimanov rayonunda küçə hazırda onun adını daşıyır. Məktəbin önündə büstü qoyulub.

2017-ci ildə Albert Aqarunovun Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşadığı binada xatirə lövhəsinin açılış mərasimi keçirilib. 2019-cu ilin noyabrında Bakının Nərimanov rayonunda xatirəsinə heykəl ucaldılıb.скачать dle 12.1