Bia.Az

Brüsseldə müzakirə olunanlar - Şarl Mişel açıqladı

Gündəm
 16-07-2023, 14:36     355

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlama verib.

Yenipress.az xəbər verir ki, Şarl Mişel açıqlamasında deyib:

- Prezident Əliyev və baş nazir Paşinyanla altıncı görüşü indicə yekunlaşdırdıq. Bizim müzakirələrimiz yenə də səmimi, dürüst və məzmunlu oldu. Görüşümüz mayın əvvəlindən Ermənistan və Azərbaycan liderləri, baş nazirlərin müavinləri və xarici işlər nazirləri arasında Brüsseldə, Kişineuda, Vaşinqtonda, Moskvada, həmçinin sərhəddə intensiv və məhsuldar keçirilən yüksəksəviyyəli görüşlər silsiləsinin davamı oldu.
Biz Ermənistan ilə Azərbaycan arasında danışıqların ən əhatəli və mürəkkəb mərhələlərindən birini keçirik. Mən liderləri sülh prosesinə güclü sadiqliklərinə görə təqdir etdim. Mən onları normallaşma yolunda qəti və dönməz irəliləyişi təmin etmək üçün daha cəsarətli addımlar atmağa çağırdım. Baxmayaraq ki, görüşümüz gərginliyin artması fonunda baş tutdu, mən siyasi müzakirələrdə və səylərdə mühüm irəliləyiş olduğunu qeyd etdim.
Biz gündəlikdə olan bütün məsələləri müzakirə etdik.
Suverenlik və ərazi bütövlüyü. Ermənistan və Azərbaycan liderləri Ermənistanın 29,8 min kvadratkilometr, Azərbaycanın isə 86,6 min kvadratkilometr olmaqla ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdıqlarını bir daha qəti şəkildə təsdiqlədilər.
Sərhədlərin delimitasiyası. Hər iki lider delimitasiya üçün siyasi çərçivə kimi 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə birmənalı sadiqliklərini bir daha təsdiq etdilər.
Mən hər iki sərhəd komissiyasının 12 iyul tarixli iclasını alqışladım. Bu komissiyaların nizamnaməsi və sərhədlərin müəyyənləşdirilməsinin əsasları ilə bağlı müzakirələrdə irəliləyiş əldə edilib.
Ən mühümü isə odur ki, liderlər komissiyaların işini intensivləşdirmək və sürətləndirmək barədə razılığa gəliblər.
Kommunikasiyalar. Bu məsələyə gəldikdə, tərəflər son iki ay ərzində regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpasına yönəlmiş müzakirələrdə də aşkar irəliləyişə nail olublar. Biz suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə cavab verən gələcək nəqliyyat razılaşmalarının şərtlərini müzakirə etdik.
Dəmir yolu xəttinin tikintisinə dərhal başlanılmalıdır. Avropa İttifaqı maliyyə töhfəsi verməyə hazır olacaq. Bəzi detallar hələ də aydınlaşdırma tələb edir, lakin bu mövzuda indi mövqelər yaxınlaşır və variantlar fəal şəkildə araşdırılır.
Humanitar yardımlar. Qarabağın erməni əhalisinin vəziyyətini, Laçın dəhlizi ətrafında vəziyyəti müzakirə etdik. Aydındır ki, mövcud vəziyyət dayanıqlı deyil və heç kimin marağına uyğun gəlmir. Vəziyyətin normallaşmasına kömək üçün mümkün konkret addımları da müzakirə etdik.
Mən Laçın yolunun açılmasının vacibliyini vurğuladım. Mən Azərbaycanın Ağdamdan humanitar yardımları təmin etmək istəyini də qeyd etdim. Mən hər iki variantı vacib hesab edirəm və əhalinin ehtiyaclarının təmin olunması üçün hər iki tərəfdən humanitar yardımların çatdırılmasını dəstəkləyirəm.
Mən, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən tibbi təxliyənin bərpasını da alqışladım.
Hüquqlar və təhlükəsizlik. Yerli əhalinin ilk növbədə hüquqlarının və təhlükəsizliyinin təmin olunmasına ehtiyacı var.
Mən bu kontekstdə Avropa İttifaqının Bakı ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin nümayəndələri arasında birbaşa dialoqu dəstəklədiyini bildirdim.
Bu dialoq bütün tərəflər üçün çox vacib olan etimadı təmin etməlidir.
Saxlanılanlar. Biz saxlanılanlar məsələsini də müzakirə etdik. Liderlər alicənablıq anlayışına sadiqliklərini bir daha təsdiqlədilər və bununla da ehtiyatsızlıqdan qarşı tərəfə keçən əsgərlərin azad olunması asanlaşacaq.
Mən hər iki tərəfdən saxlanılanların azad edilməsinin tərəfdarı olduğumu bildirdim.
İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi və minatəmizləmə üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyi də müzakirə olundu. Mən bir daha tərəfləri mümkün qədər çox məlumat mübadiləsi aparmağa çağırdım.
Hadisələrin inkişafı. Biz razılaşdıq ki, komandalarımız bu gün müzakirə olunan məsələlərin daha sonra konkret inkişafını təmin etmək üçün sıx təmasda olacaqlar. Real inkişaf isə yaxın gələcəkdə atılmalı olan növbəti addımlardan asılıdır.
Əsas prioritet isə odur ki, sülh və normallaşma danışıqlarına lazımi şəraiti təmin etmək üçün zorakılıq və sərt ritorika dayandırılmalıdır.
Mən, həmçinin Ermənistan və Azərbaycan liderlərinə yaydan sonra Brüsseldə növbəti görüşə dəvət etmək niyyətimi bir daha bildirdim. Bundan əlavə, “Avropa siyasi birliyi”nin növbəti Zirvə toplantısı çərçivəsində Qranadada Fransa və Almaniya liderlərinin də iştirakı ilə beştərəfli görüş təklifimi də diqqətə çatdırdım.скачать dle 12.1