Bia.Az

Ərdoğan "Rusiyasız Qafqaz" layihəsini hərəkətə gətirdi: Türk İttifaqı Kremlə "dərhal çıx, get" mesajı verir

Gündəm
 15-07-2023, 18:51     414

Azərbaycanın hərbi müttəfiqi Türkiyə Rusiyaya Qarabağda uzun müddət qalmaq ümidlərinin absurd olduğunu açıq mətnlə anlatmağa çalışır... ABŞ və Qərb NATO-nun Cənubi Qafqaza yalnız Türkiyə üzərindən yerləşə biləcəyini anlayır, çünki rəsmi Ankaranın regionun şəriksiz lideri Azərbaycanla strateji hərbi müttəfiq olması əvəzolunmaz geopolitik faktordur...

Cənubi Qafqazda geopolitik situasiya Rusiyanın maraqlarına sarsıdıcı zərbə vura biləcək istiqamətlər almağa başlayıb. Hər halda, Kreml zaman keçdikcə, bu regionda vərdiş etdiyi hegemon mövqelərdən daha çox uzaqlaşır. Və belə davam edərsə, Rusiya tezliklə bu regiondan tamamilə çıxmaq barədə düşünmək məcburiyyətində qalacaq.

Onu da qeyd etmək lazımdır ki, Rusiyanın Cənubi Qafqazdakı mövqelərini sarsıdan əsas faktor məhz Azərbaycan ordusunun Ermənistan üzərində qazandığı tarixi hərbi zəfərdir. Çünki məhz həmin hərbi zəfər Cənubi Qafqazda geopolitik situasiyanı ciddi şəkildə dəyişdi. Bu regionda yeni geopolitik şərtlərin yaranmasına yol açdı. Və indi Kreml Cənubi Qafqaza sadəcə, qonşu ölkə durumuna düşmək üzrədir.
Məsələ ondadır ki, II Qarabağ savaşından sonra Azərbaycan regionun şəriksiz lider dövlətinə çevrilib. İndi rəsmi Bakı Cənubi Qafqazda cərəyan edən hərbi-siyasi proseslərin istiqamətlərini təkbaşına müəyyən etmək hüquqlarını öz əlində cəmləşdirib. Və bu yeni situasiya Kremli ciddi şəkildə narahat etməklə, yanaşı, həm də qıcıqlandırır.
Ancaq Kreml hazırda Azərbaycana qarşı hər hansı radikal əks addımlar atmaq imkanlarından məhrum görünür. Birincisi, rəsmi Bakı Azərbaycan ordusunu yenidən qurmaqla, qüdrətli geopolitik güc mərkəzi yaratmağa Nail olub. Digər tərəfdən, Azərbaycanın Qərb siyasi dairələri ilə sürətlə yaxınlaşması da Rusiyanın vərdiş etdiyi geopolitik faktorları balanslaşdırır, hətta bəzi hallarda ümumiyyətlə, bloklayır.
 58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)
Məsələ ondadır ki, hazırda Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyi üzrə etibarlı tərəfdaşı elan edilib. Ona görə də, Azərbaycanın milli təhlükəsizliyi Qərb siyasi dairələri üçün də böyük önəm daşıyır. Azərbaycanın maliyyə-iqtisadi gücünün artması isə Kremlin rəsmi Bakıya təzyiq mexanizmlərini qeyri-effektiv vəziyyətə salır.
Nəhayət, Azərbaycan Rusiya üçün də böyük əhəmiyyət daşıyır. Rəsmi Bakı ilə strateji tərəfdaşlıq Kremlin mövcud durumunda əvəzolunmaz hədəfə çevrilib. Azərbaycanla münasibətlərin korlanması Rusiyanı olduqca ciddi problemlər ilə üzləşdirə bilər. Xüsusilə də, Kreml Azərbaycan üzərindən keçən və Ukrayna savaşı ucbatından itirdiklərinə alternativ olan nəqliyyat-kommunikasiya dəhlizlərinə möhtacdır. Və rəsmi Bakı ilə münasibətlər korlanarsa, Rusiyanın cənub istiqamətində bütün "pəncərə"ləri qapana bilər.
Göründüyü kimi, Azərbaycan artıq Rusiya üçün geopolitik şərtləri müəyyən etmək hüququna sahib dövlətdir. Kreml rəsmi Bakı ilə yalnız bərabərhüquqlu, həm də Azərbaycanın milli maraqlarını nəzərə almaqla, münasibətlər qurmağa məhkumdur. Və bu baxımdan, Kreml artıq vərdiş etdiyi regional hegemoniyaya ümid bəsləmək şansından çox-çox uzaqdır.
Bütün bunların yanında bir də Türkiyə faktoru ön plana çıxmış durumdadır. Türkiyə güclü NATO dövləti olmaqla yanaşı, həm də Azərbaycanın hərbi müttəfiqidir. Azərbaycan-Türkiyə İttifaqı hazırda Cənubi Qafqazda hegemoniyaya sahibdir. Və bu regionda heç bir dövlət Türk İttifaqının maraqlarına zidd addımlar ata bilməz.
Rəsmi Ankara son vaxtlar Cənubi Qafqaz siyasətini prinsipial prioritetə çevirib. Türkiyə artıq bu regiona Azərbaycan üzərindən daxil olub və geopolitik şərtlərin müəyyən edilməsində rəsmi Bakı ilə ortaq şəkildə mütləq iradə sahibidir. İndi Kreml üçün Türkiyə faktoru keçilməz geopolitik reallıqdır. Və Rusiyanın bu regiondan sıxışdırılıb, çıxarılmasında Türkiyənin xüsusi rolunun olacağı qətiyyən şübhə doğurmur.
2f56a7d9af433314345d68d126d3107e.jpg (163 KB) 
Məsələ ondadır ki, Türkiyədə keçirilmiş seçkilərdə qazandığı tarixi qələbədən sonra prezident Rəcəb Tayyib Ərdoğan yenidən Cənubi Qafqazda konkret strateji hədəflərə doğru yönəlməyə başlayıb. Türkiyə lideri Azərbaycana səfəri zamanı Rusiyaya sərt mesajlar verməklə, bu regionda heç bir şeyin əvvəlki kimi olmayacağını biruzə verdi. Və Kremlin Rusiya üçün olduqca böyük əhəmiyyət daşıyan Türkiyə ilə qarşıdurmaya cəsarət göstərəcəyi qətiyyən inandırıcı deyil.
Ukrayna savaşında ciddi şəkildə zəifləmiş Rusiya "Vaqner"in qiyamı ilə daha sarsılmış vəziyyətdədir. Belə vəziyyətdə Rusiyanın regiondakı maraqlarını qorumaq üçün Kremlin Türkiyə ilə açıq qarşıdurmaya risk etmək şansı cəlbedici görünmür. Yəni, indi Kreml daha çox Türkiyə-Rusiya münasibətlərini əvvəlki səviyyədə qorumağa can atdığını biruzə verməyə çalışır.
Prezident Rəcəb Tayyib Ərdoğanın son vaxtlara qədər kəskin ziddiyyətlərin mövcud olduğu ABŞ və Qərblə yenidən anlaşmağa başlaması hazırda Rusiyanı ciddi şəkildə narahat etməyə başlayıb. Türkiyə lideri Kremlin verə biləcəyi reaksiyaya əhəmiyyət belə, vermədən Ukrayna prezidenti Volodimir Zelenskini Ankaraya dəvət etdi. Ardınca isə Ukrayna prezidentini Kiyevə ortaq PUA istehsal edəcək zavodun inşası barədə müqavilə və "Azov"un komandirləri ilə yola saldı.
Təbii ki, Kremldə rəsmi Ankaranın bu davranışı ciddi narazılıq doğurdu. Ancaq Kreml Rusiya-Türkiyə münasibətlərini inkişaf etdirmək niyyətində olduğunu bəyan etməkdən uzağa gedə bilmədi. Yəni, Rusiya Türkiyəyə möhtac olduğunu gizlətməkdə çətinlik çəkir. Və bu səbəbdən də, Türkiyənin maraqlarına müqavimət göstərə bilmir.
NATO-nun sammitində baş verənlər isə Kremldə əsl "soyuq duş" effekti yaratdı. Çünki prezident Rəcəb Tayyib Ərdoğan İsveçin NATO üzvlüyünə vetonu ləğv etdi. Kreml rəsmi Ankaranın bu prosesi mümkün qədər uzadacağına yönəlik ümidlərindən məhrum qaldı. Üstəlik, Türkiyə lideri buna qədər prezident Volodimir Zelenskiyə Ukraynanın NATO-ya üzvlüyünü dəstəklədiyini bildirmişdi. Və bu baxımdan, Rusiya üçün ən uğursuz mərhələnin sürətlə yaxınlaşdığı artıq qətiyyən şübhə doğurmur.
6a795ec3-fc59-4257-8d33-f21dec4f0d48.jpg (253 KB) 
Təbii ki, Türkiyə lideri öz çevik manevrləri ilə ABŞ və Qərbdən ölkəsinin maraqlarına uyğun bütün güzəştləri almağı bacardı. Ona görə də, Qərb siyasi dairələri məhz prezident Rəcəb Tayyib Ərdoğanı NATO sammitinin yeganə qalibi hesab edirlər. Hətta ABŞ prezidenti Co Baydenin Türkiyə liderinə sürətlə dəyişən prosesləri operativ müzakirə etmək üçün birbaşa təmas kanalı yaratmağı təklif etməsi rəsmi Ankaranın beynəlxalq məkanda həlledici siyasi iradə sahibinə çevrildiyini göstərir.
Təbii ki, ABŞ və Qərb NATO-nun Cənubi Qafqaza yerləşməsinin yalnız Türkiyə üzərindən mümkün ola biləcəyini də diqqətə almaqdadır. Çünki Türkiyənin Cənubi Qafqazın şəriksiz lideri Azərbaycanla strateji hərbi müttəfiq olması ABŞ və Qərb üçün əvəzolunmaz geopolitik faktordur. Və "Rusiyasız Qafqaz" layihəsinin reallaşdırılması üçün bu önəmli faktordan maksimum səviyyədə istifadə etməyə çalışılacağı qətiyyən şübhə doğurmur.
Belə anlaşılır ki, Türkiyə Cənubi Qafqazda NATO-nu təmsil edən önəmli geopolitik güc mərkəzinə çevrilmək üzrədir. Rəsmi Ankara Azərbaycan-Türkiyə ortaq hava məkanı layihəsinin icrasına artıq başlandığını da rəsmən bəyan edib. Belə bir ortaq strateji hərbi-siyasi layihənin icra ediləcəyi məkandasa, hər hansı kənar ölkə, o cümlədən də, Rusiya ola bilməz.
Ona görə də, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO sammitində Rusiyanın 2025-ci ildə Azərbaycanın Qarabağ iqtisadi regionundan çıxarılacağını rəsmən bəyan etməsi qətiyyən təsadüfi deyil. Türkiyə bu bəyanatla hər kəsə, ilk növbədə isə Rusiyaya Cənubi Qafqazın sahibsiz olmadığını xatırladır. Prezident Rəcəb Tayyib Ərdoğanın Kremlin anlaşmaları yerinə yetirəcəyinə inandığını xüsusi olaraq, vurğulaması isə Rusiya "Qarabağdan çıxmağa indidən hazırlaşmağa başla" mesajıdır.
Bütün bunlar onu göstərir ki, Azərbaycanın hərbi müttəfiqi Türkiyə Rusiyaya Qarabağda uzun müddət qalmaq ümidlərinin absurd olduğunu açıq mətnlə anlatmağa çalışır. Ona görə də, Kreml bu məsələdə alternativ variantlar axtarmaq əvəzinə Rusiyanın Azərbaycan ərazisindən çıxmaq məcburiyyəti ilə barışmalıdır. Əks halda, Türk İttifaqı, buna paralel olaraq da NATO ilə növbəti qarşıdurma qaçılmaz ola bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
скачать dle 12.1