Bia.Az

Putinə “Türkiyəni Qafqazdan çıxar” çağırışları

Gündəm
 12-07-2023, 13:05     242

Siyasi şərhçi: “Türkiyəyə və Azərbaycana qarşı kəskin addımlar atmaq Rusiyanın vəziyyətini daha da  ağırlaşdıra bilər”

Türkiyə Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra Qafqazda mövqeyini gücləndirdii və bu regionun məsuliyyətini Rusiya ilə bölüşür. Bu əməkdaşlıq formatı Türkiyə-Azərbaycan, Türkiyə-Azərbaycan-Gürcüstan xətti üzrə formalaşıb.

Bu istiqamətdə atılmış ilk önəmli addım hələ 8 iyun 2012-ci ildə Trabzonda xarici işlər nazirləri səviyyəsində keçirilmiş üçtərəfli görüş və bu görüş nəticəsində qəbul edilmiş bəyannamə ilə yeni mərhələyə qədəm qoyub. Üçtərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində qəbul edilən növbəti sənəd 28 mart 2013-cü ildə hər üç ölkənin xarici işlər nazirlərinin imzaladığı Batumi Kommünikesidir. Bundan sonra Gəncə, Qars və Tiflisdə də bu əlaqələrin daha da inkişaf etdirilməsinə yönələn bəyannamələr imzalanıb. Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi isə iki dövlət arasında əməkdaşlığın zirvəsi hesab olunur. Rusiya əlbəttə ki, zaman-zaman Türkiyənin regionda rolunu azaltmağa və əngəlləməyə çalışsa da, xüsusilə son 5 ildə Ankaranın siyasətinə qarşı xüsusi müqavimət göstərmədi.
Ukrayna Prezidentinin Türkiyə səfərindən sonra Ankara-Moskva gərginliyi artıb. Kremlə yaxın politoloqlar isə hesab edir ki, Ankaranın xüsusilə “Azov” döyüşçülərini Ukraynaya təhvil verməsinin cavabı olmalıdır. Bu yerdə isə yada Türkiyənin Qafqaz siyasəti düşür. Rusiya mediasında yayılan xəbərlərdə əsas olaraq o vurğulanır ki, Moskva Türkiyənin Qafqaz siyasətinə yenidən baxmalıdır. Bu isə o deməkdir ki, Ermənistanın narahat olduğu bu əməkdaşlığı sonlandırmaq təklif edilir. Bəs Rusiya Qafqazdan Türkiyəni çıxarmaq niyyətini gerçəkləşdirə bilərmi? Bunun Qafqazda yeni gərginlik yarada bilmək ehtimalı varmı? Ermənistanın ürəyincə olan bu gərginlik davam edərsə, Azərbaycana hansı mənfi təsirləri olacaq?
Abutalıb Səmədov: Zəngilanda aparılan bərpa-quruculuq işləri bizi qürurlandırdı
Abutalıb Səmədov

Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Ermənistan arasında 44 günlük müharibədən sonra Türkiyənin addım-addım Cənubi Qafqazda möhkəmlənməsi ABŞ və müttəfiqləri tərəfindən kəskin narazılıqla qarşılansa da, Rusiya həmin dövrdə bizi qane edən müəyyən addımlar atdı: “Hətta 10 noyabr üçtərəfli bəyanatının imzalandığı gecə Prezident İlham Əliyevin təkidi ilə birgə Rusiya-Türkiyə sülhməramlı kontingentinin yaradılmasına da razılıq verdi. Sonra müəyyən təzyiqlərlə üzləşəndən sonra Türkiyə Prezidentini dilə tutaraq birgə sülhyaratma missiyasını hələlik monitorinq mərkəzi ilə məhdudlaşdırmağı xahiş etdi. Birgə monitorinq mərkəzi yaradılsa da, Rusiya onun işini iflic edə bildi və bu gün bu mərkəzin nə işlə məşğul olduğu heç kimə məlum deyil. Şuşa Bəyannaməsi imzalandıqdan sonra Azərbaycanda Türkiyə hərbi bazaları yenidən gündəmə gəldi və prezident Ərdoğan Kremlin mətbuat katibinin dili ilə səsləndirdiyi etirazı nəzərə aldı və bu məsələ bir müddət unuduldu. Ancaq Rusiyanın Ukraynanı işğal etmək məqsədilə müharibəyə başlaması dünyadakı və bölgədəki vəziyyəti kəskin şəkildə dəyişdirdi. Azərbaycan Rusiyanın etirazlarına əhəmiyyət verməyərək Laçında Həkəri çayı üzərində nəzarət-buraxılış məntəqəsi yaratdı, Qarabağda bir neçə əməliyyat keçirdi. Türkiyə Prezidentinin "Azov" polkunun komandirlərini Ukraynaya təhvil vermə qərarı da, Ukraynanın NATO-ya qəbul olunması istəyini bəyan etməsi də şübhəsiz ki, Rusiyanı ciddi şəkildə narazı salır. Ancaq bu narazılıqlara baxmayaraq, nə Azərbaycanın, nə də Türkiyənin prinsipial məsələlərdə güzəştə getmək fikirləri yoxdur. Bu addımlara cavab olaraq Rusiya Türkiyəni bölgədən çıxarmağa cəhd göstərə bilərmi? Təbii ki, yox. Rusiya bu gün elə kəskin addımlar atmaq gücündə deyil. Türkiyə Rusiyanın Çindən sonra əsas ticarət tərəfdaşıdır və prezident Putin öz türkiyəli həmkarının yeritdiyi müstəqil, cəsarətli xarici siyasət xəttini yüksək dəyərləndirir. Türkiyəyə və Azərbaycana qarşı kəskin addımlar Rusiyanın vəziyyətini daha da  ağırlaşdıra bilər. Bu səbəbdən prezident Vladimir Putinin Türkiyənin bölgədən uzaqlaşdırılması istiqamətində hər hansı addım atmaq imkanı yox dərəcəsindədir. Uzun illər forpostu olan Ermənistandan avropalı müşahidəçilər missiyasını çıxara bilməyən, Azərbaycan-Ermənistan danışıqlarında təşəbbüsü ələ alan Qərbə qarşı heç bir addım ata bilməyən Rusiyanın Türkiyəyə qarşı hansısa addımı atması mümkünsüzdür".

Siyasi şərhçi əmindir ki, son hadisələr Rusiya-Türkiyə münasibətlərində heç bir problem yaratmayacaq. Əgər Ukrayna müharibəsinə qədər Türkiyə Rusiyadan daha çox asılı idisə, indi vəziyyət xeyli dəyişib. Bu gün Rusiyanın Türkiyəyə daha çox ehtiyacı var: “Bu gün Rusiya Türkiyəyə məhkumdur və onunla münasibətlərini qorumaq məcburiyyətindədir. Bu səbəbdən Türkiyənin bölgədən çıxarılması və Rusiyanın Azərbaycana münasibətinin dəyişməsini istəyən Ermənistanın və Rusiyadakı erməni qruplarının, ermənilərə bağlı media orqanlarının, məmurların arzuları gözündə qalacaq. Ona görə də hazırda Rusiya-Türkiyə münasibətlərində müşahidə olunan müvəqqəti soyuqluğun Qafqazda yeni gərginlik yarada bilmək ehtimalı yoxdur. Eləcə də Ermənistanın ürəyincə olan bu soyuqluq artmayacağından Azərbaycana da hansısa mənfi təsirləri olmyacaq”.//“Yeni Müsavat”скачать dle 12.1