Bia.Az

Gərginlik pik həddə: nüvə müharibəsi başlayacaqmı? – Politoloq

Dünya
 10-07-2023, 15:41     251

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün teleqram kanalında bildirib ki, “Smolensk Atom Elektrik Stansiyasına (AES) NATO raketləri ilə hücum cəhdi edilərsə, Rusiya Şərqi Avropadakı nüvə obyektlərinə zərbələr endirə bilər”.

Maraqlıdır, bu versiya nə qədər doğrudur? Rusiyanın Qərbi hər vəchlə nüvə silahı ilə hədələməsi, yekunda Kremlin bu silahdan istifadəsinə səbəb ola bilərmi?
Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən politoloq Züriyə Qarayeva deyib ki, Ukrayna müharibəsi uzandıqca tərəflərin nüvə silahı və ya tərkibində radioaktiv maddə olan çirkli bombalardan istifadə edəcəyi ilə bağlı iddia və narahatlıqlar artır:
“İşğal başlayandan bəri təbliğat müharibəsi çərçivəsində tez-tez gündəmə gələn nüvə silahından istifadə ehtimalı qarşıdurmalar davam etdikcə daha real təhlükəyə çevrilib. Ən böyük nüvə silahı olan ölkələr Rusiya və ABŞ-dır. Çin, Fransa, İngiltərə, Pakistan, Hindistan, İsrail və Şimali Koreya da bu sırada yerləşir. Atom bombası ilk dəfə İkinci Dünya müharibəsində istifadə edilmişdi.
ABŞ 1945-ci ildə Yaponiyanın Xirosima və Naqasaki şəhərlərini bombalamış, 223 mindən çox insan həlak olmuşdu. Sonra “Soyuq müharibə” dövründə bu risk yenidən ortaya çıxdı. Nüvə müharibəsi təhlükəsi SSRİ-nin dağılması ilə aradan qalxdı. Bir müddət öncə Rusiya Prezidenti Vladimir Putinin ölkəsinin “nüvə dövləti” olmasını xatırlatması ilə “nüvə ritorikası” yenidən işə düşdü.
Bu istiqamətdə artıq köklü tədqiqatlar aparılmış, nüvə müharibəsinin nəticələrinin indi İkinci Dünya müharibəsi dövründən daha acınacaqlı olacağı müəyyən olunmuşdur. Putinin xüsusi müharibə vəziyyətinə salmağı əmr etdiyi nüvə silahı inventarında 6255 maddənin olduğu təxmin edilir. Qərb Blokunun əlində olan 6 min 65 nüvə silahından 5550-nə ABŞ-ın, 290-na Fransanın, 225-nə isə Böyük Britaniyanın sahib olduğu bildirilir.
Nüvə dövlətləri arasında kiçik bir qarşıdurma kütləvi aclıqla nəticələnə, kənd təsərrüfatı fəaliyyətini iflic edə bilər. Təxminlərə görə, belə bir müharibədən sonra planetin 75 faizindən çoxunu təşkil edən 5 milyarddan çox insanın aclıqdan öləcəyi bildirilir. ABŞ və Rusiyanın da iştirak etdiyi ən pis nüvə müharibəsi ssenarisində, müharibənin bitməsindən sonra 300-400 il ərzində dünya əhalisinin istehlak etdiyi kalori miqdarının 90 faiz azaldığı görülür. Üstəlik, Rusiya nüvə silahına əl atarsa, bunun üçün Sakit və ya Şimal Buzlu okeanın müvafiq akvatoriyalarında saxladığı sualtı qayıqlardakı nüvə silahından istifadə etməlidir. Bu isə Rusiyanın özünə də böyük zərər verə biləcəyi üçün nüvə silahına baş vurulma ehtimalı aşağıdır”.скачать dle 12.1