Bia.Az

II “Leninqrad blokadası” – Varlı ruslar özlərini qəfəsdə hiss edirlər

Siyasət
 8-07-2023, 12:13     306

Ruslar və ətraf dünyanın münasibətlərinə dair hər gün birincilərə qara xəbərlər gəlir: sanksiya, sanksiya, sanksiya... Bu ölkədə yaşayanlar və indiyədək dünyanı eninə-uzununa gəzib dolaşanlar artıq özlərini mühasirə alınmış, qəfəsə salınmış kimi hiss edirlər.

Bu durumun sadə camaata o qədər də dəxli yoxdur. Ucu-bucağı görünməyən, bir başından o biri başına təyyarə ilə 12 saatlıq məsafə olan ölkədə milyonlarla insan heç paytaxt Moskvada olmayıblar, getdikləri ən uzaq yerə vilayət mərkəzləri olub, ona görə də xaricə, Avropaya gediş-gəlişin məhdudlaşdırılması onları narahat etmir.
Amma günü səyahətlərdə, Avropa ölkələrindəki qəsrlərində, isti dənizlərin kənarındakı villalarında, yüz milyonluq yaxtalarda, lüks otellərdə keçən milyarderlər, milyonçular, habelə bu cür həyat tərzinə pul-parası çatan digərləri çox narahatdırlar. Onlar hələ indi-indi Kremlin bütün ölkəni hansı kolluğa, cəngəlliyə saldığını anlayırlar.
Budur, ABŞ və onun patronajlığı altında olan Avropa ölkələrinin, eləcə də Kanada, Avstraliya, Yeni Zelandiya və başqa bu kimi dövlətlərin Rusiya sakinlərinə tətbiq etdiyi sanksiya ilə yanaşı, Rusiyanın özünün də xaricə gedən vətəndaşlarına maneə yaratması barədə xəbər yayılıb.
Məsələ belədir ki, Rusiya Xarici İşlər Nazirliyi Finlandiyanın Sankt-Peterburqdakı baş konsulluğunun fəaliyyətinə verdiyi razılığı geri götürüb.
Hökumət belə qələmə verir ki, Finlandiya hakimiyyəti Rusiyaya qarşı qeyri-dost hərəkətləri edir, ruslara qarşı ayrı-seçkilik siyasəti yeridir.
İyun ayının sonunda Finlandiya rəsmiləri də Rusiya vətəndaşlarına Şengen vizaları verməyi azaltmışdı. Bu, Finlandiyada mülkü olan şəxslərə, tələbələrə və iş adamlarına qarşı ciddi sanksiya idi. İki ölkə arasındakı turist gediş-gəlişi isə hələ ötən il sentyabrın 30-dan bəri kəsilib.
Bununda, dünənla paralel Finlandiyanın Rusiyadakı səfirliyinin və Sankt-Peterburqdakı baş konsulluğunun 9 əməkdaşının “persona non-qrata” elan edilməsi də göstərir ki, iki ölkə arasında münasibət son dərəcə pisləşib. Bəlkə də Finlandiya bir müddət əvvələ qədər Rusiyaya qarşı belə ötkəm davrana bilməzdi, ancaq indi bu ölkə NATO-nun üzvüdür, Avropadan beli bağlıdır, eyni zamanda bu blokun Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmağa borcludur.
Ötən əsrin 90-cı illərində Finlandiyanln Sankt-Peterburqdakı baş konsulluğu ruslar üçün Avropaya əsas çıxış qapısı rolunu oynayıb. Son vaxtlara qədər də ruslara ən çox Şengen vizası verən ölkə Finlandiya, bu işi həyata keçirən konsulluq isə Sankt-Peterburqda yerləşən müvafiq idarə olub. Məsələn, 2019-cu ildə orada 643 000-dən çox viza verilib. 2022-ci ildə bu konsulluqda rusların Şengen vizası müraciətlərinə daha çox imtina cavabı verilib.
Bundan əvvəl isə rusiyalı varlıların, eləcə də dövlət xadimlərinin, mürtəce-mürtəce danışan hökumət üzvlərinin, yüksək rütbəli hərbçilərin Avropaya, bir sıra digər ölkələrə yolları bağlanmışdı.
Məsələn, “Transneft”in rəhbəri Nikolay Tokarev 8 nəfərlik ailə üzvləri ilə birlikdə bloklayıcı sanksiyalara məruz qalıb. Daha sonra “Rostec”in başçsıi Sergey Çemezov, İqor Şuvalov, milyarderlər Əlişir Usmanov, Arkadi Rotenberq və Boris Rotenberq, iş adamı Yevgeni Priqojin də onun ardınca gələrək sanksiya altına düşüb. Ümumilikdə Putinlə salam-əleyki, münasibəti, şəkli olan bütün iş adamları (kiçik istisnalar ola bilər) çoxsaylı sanksiyalara məruz qalıblar.
Bu günlərdə məlum olub ki, Rusiyanın Ukraynada apardığı müharibəyə dəstək verən, haqq qazandıran, rus militarizmini öyən sənətçilərin Avropaya girişi bağlandığı kimi, artıq Asiya ölkələri də onları, ən azı, “texniki səbəblərə görə” qəbul etmək istəmir. Məsələn, rusiyalı müğənni Qriqori Lepsin Özbəkistan, Qazaxıstan və Qırğızıstanda konsertləri ləğv edilib.
Çünki Leps və onun həmkarı Nikolay Baskov “qıcqırmış patriotizm” hisslərinin təsiri altında Ukrayna ordusunun tanklarını məhv edən hər kəsə bir milyon rubl mükafat vəd etmişdi. Ona görə də belə bir davranışla üzləşirlər və vəd etdikləri 1 milyonu düzəltmək üçün çoxlu konsert verməyə məcburdurlar, ancaq daha çox qazana biləcəkləri ölkələrdə boykot olunurlar. Hələlik rus müğənnilərə “sanksiya” dövlət və hökumət səviyyəsində yox, xalq kütlələri və musiqisevərlər səviyyəsində tətbiq edilir.
Qriqori Leps etiraf edir ki, Rusiyaya dost ölkələrdən başqa, demək olar ki, ona dünyanın bütün ölkələrinə giriş qadağandır - Cənubi Amerika və Malayziyadan tutmuş Türkiyəyə qədər. Ancaq o, öz ultrapatriotizminə görə peşman deyil, əksinə, qürur duyur və deyir ki, vətəninə xidmət edib.
Müğənninin qəti sözü belədir: “Sabah mənə dünyada hər yerə səyahət etmək qadağan edilsə, mən fəxr edərəm və yalnız öz ölkəmdə işləyəcəyim üçün sevinərəm”.
Müğənni belə deyir, amma onu da anlayır ki, öz ölkəsində çox pul qazana bilməyəcək. Belələri xarici ölkələrdən çamadan dolusu pulla qayıtmağa vərdiş ediblər.
Göründüyü kimi, bir çox “patriot” ruslar özlərini dünyaya qarşı qoymalarının məsuliyyətini anlamır, tarixdə analoqu olmayan biçimdə beynəlxalq təcridlə üzləşdiklərinə məhəl qoymurlar.
1979-cu ilin payızında SSRİ Əfqanıstana qoşun yeridəndə və 3 ay öncə çevrilş edərək hakimiyyətə gəlmiş Fafizulla Əmini prezident sarayında güllələyib öldürəndə, eləcə də 1983-cü ildə Cənubi Koreyanın sərnişin təyyarəsi Uzaq Şərqdə SSRİ ərazisi üzərində sovet qırıcılar tərəfindən vurulub salınanda ABŞ və böyük Avropa dövlətləri SSRİ-yə sanksiyalar tətbiq ediblər. Bir müddət sovet ölkəsinə gedən-gələn olmayıb, təyyarə uçuşları ləğv edilib, ancaq bu sanksiyalar uzunömürlü olmayıb.
Yəqin vəzifəli və informasiyalı ruslar hələ də arxayındırlar ki, bu sanksiyalar da uzun sürməyəcək, hər şey arxada qalacaq, ondan sonra onlar dünyanın hər yerinə səyahətə, istirahətə gedə biləcəklər. Ancaq Rusiya hökuməti “hər şeyin arxada qalması” üçün hələlik heç bir əməli addım atmır, yalnız vəziyyəti gərginləşdirir. Bir qonşularla tamamilə pozuluşması qalıb.
İndilikdə Sankt-Peterburqda II “Leninqrad blokadası” yaşanır. Birinci ilə indikinin çox fərqi var, amma kəsişən nöqtə müharibədir. Bu dəfə ruslar müdafiə olunmurlar, hücumdadırlar və ona görə də dünya birliyindən belə münasibət görürlər.//Musavat.com//скачать dle 12.1