Bia.Az

İsmayıllıda Murad Zalov icra nümayəndəsidir, yoxsa kəndxuda?!

Cəmiyyət
 5-07-2023, 08:30     1 054

Əgər bir gün Murad Zalov bizə: «Səs salma, yatanlar ayılar, qoy hələ yatsın, Yatmışları razı deyiləm kimsə oyatsın» desə, qətiyyən təəccüblənmərik...

İnsani dəyərlər o vaxt nəfsi əməllərin qurbanı olur ki, məmur dövlətəzidd addımlar atır, qanunları bir heç sayır və ən əsası, dövlət içində özünü ayrıca bir dövlət hesab edir. Bu kimi əməllər barbar sinfinin tör-töküntüləridir və şübhəsiz, Azərbaycanda son 30 ildir bu cür sinfi cəhdlərə qarşı kəskin tədbirlər görülür. Yəni, artıq ölkəmizdə şəffaf dövlətçilik mövcuddur və öz şəxsi maraqlarına xidmət edənlər qanunla cəzalandırılrlar.

Düşünürük ki, İsmayıllı rayonunun 6 kəndi özündə birldəşdirən Keyvəndi kəndinin icra nümayəndəsi Murad Zalovun da əməlləri qanunazidd əməllər kimi ehtiva edir. Bu şəxsin xeyli müddətdir kobud bəlağətdə kəndxudalıq etdiyi deyilir. Kimi dindirirsən, onlan narazıdır. Hətta Murad Zalovun şəhid ailələri, qazilər və müharibə iştirakçılarına belə yuxarıdan aşağı baxdığı, yəni, qayğılarına qalmadığı söylənilir. Bizi ən çox narahat edən də məhz budur. İstədik, bu kəndxuda barədə bir-iki fakt əldə edək, buna görə Keyvəndi əhalisi arasında azacıq sorğu apardıq, nələr demədilər, nələr. Bəlli oldu ki, biz bu şəxs barədə hələ çox şeyi bilmirik...

Sakinlərin dedikləri əsasında Murad Zalov haqqında qısa məlumat verək:

Zalov Murad Sadiq oğlu (dediyimiz kimi) İsmayıllı rayonunun 6 kəndi özündə birləşdirən Keyvəndi kəndinin icra nümayəndəsidir. Bu şəxs sovetlərin vaxtında nəhəng bir üzüm zavodunun direktoru olub. Elə o vaxt da (indiki kimi) şəxsi marağını və mənafeyini üstün tutub, külli miqdarda dövlət əmlakını mənimsəyib və həbs edilib. İşə baxın ki, həbsdən çıxandan sonra həmin zavodu və zavodun əhatəsindəki 4 hektar ərazini özəlləşdirib. Bunu necə edib? Araşdırılsa, bəlli olar.

Murad Zalov 10 ildən artıqdır ki, Keyvəndinin icra nümayəndəsidir. Ərz olunur ki, o, əmr əsasında nümayəndəliyə Bakıda yaşayan bir qadını mühasib vəzifəsinə işə götürüb, lakin onun işini Hamayıl adlı qadın görüb. Yəni, Hamayıl adlı qadın qeyri-qanuni olaraq adıçəkilən nümayəndəlikdə mühasib vəzifəsini icra edib. Əmrlə adı mühasib ştatında gedən qadının isə deyilənlərə görə, ötən bu 10 ildə bir dəfə də olsun ayağı nümayəndəliyə dəyməyib. Yəni, Hamayıl adlı qadın 2019-cu lə qədər bu qadının məsuliyyətini daşıyıb. Ən maraqlısı və təəccüblüsü də odur ki, bu 10 ildə kimsə bilməyib ki, Keyvəndi nümayəndəliyinin mühasibi Hamayıl yox, tanımadıqları bir şəxsdir. Bu, əslində, qanunla cinayət hesab olunur, dövlətçilik prinisplərinə tamamilə ziddir.


Sakinlərin dediklərindən bəlli olur ki, Murad Zalov Keyvəndi inzibati dairəsinin nümayəndəsi olsa da, İsmayıllı rayonunda yaşayır, aylarla tabeliyində olan kəndlərdən, orada yaşayan sakinlərdən xəbər tutmur. İdarədə də çox nadir hallarda - yalnız özünə sərf edən vaxtlar olur. Sakinlər arayış və ya hansısa başqa bir sənəd üçün rayona gəlmək məcburiyyətində qalır, orada Muradı axtarır, çox vaxt da onu tapmırlar. Niyə? Çünki o, öz həyatını keflə yaşayır, bütün gününü istirahət mərkəzlərində keçirir. Belə bir adamı başqasının dərdi və ya səri nə üçün maraqlandırmalıdır ki?

Qələm adamıyıq deyə, tez-tez ərazilərdə oluruq. Həmin vaxt münasibət qurduğumuz insanlar öz problemlərinin həlli naminə bizə çoxlu suallar verirlər. Bu suallardan biri də budur ki, niyə Keyvəndinin kəndxudası Muradın Koroğlu cüssəli iki oğlundan heç biri Vətən müharibəsinə getmədi? Açığı, bu suala biz yox, elə Muradın özü cavab verməlidir. Az qala yaşlı insanların belə müharibəyə getmək arzusunda olduğu bir vaxtda Muradın oğlanlarının arxa planda qalmasının təbii ki, bəlli səbəbləri var...

Deyilənlərdən məlum olur ki, pandemiya vaxtı da Murad Zalov ayrılan yardımları əhaliyə deyil, öz yaxınlarına verib. Bu da şübhəsiz, ciddi qanun pozuntusudur, dövlətçilik işinə əks müdaxilədir.

Murad Zalovun xalqa və dövlətə aid torpaqları zəbt etməsi barədə də məlumatlar var. Ərz olunur ki, Muradın xalası oğlu Mirzəxan Mirzəxanov Qubaxəlilli bələdiyyəsinin sədridir, onun tabeliyində olan ərazilərdə Muradın yüz hektardan çox torpaq sahəsi, maldarlıq ferması və Allah bilir, daha nələri var. Bu barədə Qubaxəlilli sakinləri çox yerə müraciət ediblər, hətta bir dəfə Muradın avtomobilini də əziblər. Amma nə faydası...

Muradın başqa bir xalası oğlu Paşa Mirzəxanov da İsmayıllı rayonunun Kəlbənd inzibati ərazi nümayəndəsidir. Allah bilir, o ərazilərdə Muradın daha nələri var. Bunu da sakinlər ərz edir, bilmək istəyirlər ki, Murad bu qədər vara-dövlətə necə sahib ola bilib?

Muradın Keyvəndi ərazisində də ferması və hektarlarla torpaq sahələri var. O, (yuxarıda deyildiyi kimi) bu ərazidə yaşayan şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə kobud rəftar edir, onların qayğısına qalmır. Əlbəttə, müharibə vaxtı öz oğlanlarını ordudan yayındıran bir adamdan başqa nə gözləmək olar ki...

Bunu da deyirlər ki, Murad Zalovun rayonun Bəhliyan kəndində villa təsirli bir möhtəşəm evi var ki, adam baxdıqca baxmaq istəyir. (Deyək, sağlığına qismət.) Ev bir yana, evin qarşısındakı 1 hektara yaxın ərazini də qanunsuz zəbt edib.

Və yaxud, onun fövqəladənin əli ilə 3 nəfərə ev tikdirdiyi, həmin şəxslərdən də kifayət qədər pul aldığı iddia olunur...

Bir sözlə, günü istirahət mərkəzlərində keçən bu kəndxuda gah 90 MO 595 dövlət nömrə nişanlı «Leksus»u, gah da 612 dövlət nömrə nişanlı «Niva»sı ilə səyahətə çıxır, öz gün-güzəranını əsl xan-bəy kimi keçirir. Onun nə vecinədir ki, Keyvəndidə hansısa bir sakinə arayış və ya nəsə lazımdır. Təki öz günü xoş keçsin. Sabir demiş: «Qoy mən tox olum, özgələr ilə nədi karım? Dünyavü-cahan ac olur-olsun, nə işim var?»
Əgər bir gün Murad Zalov bizə: «Səs salma, yatanlar ayılar, qoy hələ yatsın, Yatmışları razı deyiləm kimsə oyatsın» desə, qətiyyən təəccüblənmərik...


Bu da ərz olunur ki, Murad Zalov sözü çəp gələnlərə barmaq silkələyərək deyir: - Mən heç kimdən qorxmuram. Gedin kimə istəyirsiniz, şikayət edin.

Burada da təəccüb doğurası heç nə yoxdur. Çünki pulu, imkanı və adamı olanların hamısı üçün bu hədə-qorxu sadəcə, bir şüardır. Görünür, Murad Zalovun da, bəzi məmurlar kimi, yuxarıda adamı var, bilir ki, sakinlərin ah-nalələri prezidentə çat(dırıl)mayacaq, ona görə əmindir ki, haqqındakı şikayətlərə bir qoz qoyacaqlar. Belə halda onun da - Mən heç kimdən qorxmuram, - deməsi olduqca labüd haldır.

Qeyd: Keyvəndinin icra nümayəndəsi Murad Zalov haqqında deyilənlərdən belə başa düşdük ki, qanun, dövlətçilik prinispləri onun üçün o qədər də vacib nüanslar deyil. Əgər belə olmasaydı, ondan bu qədər şikayət və narazılıq olmazdı. Ən əsası, ola bilsin, ölkə Prezidenti cənab İlham Əliyevin məmurların ünvanına dedikləri hələ Murad Zalova gəlib çatmayıb...

Nə isə. Bu yazı sadəcə, məlumat xarakterlidir. Araşdırmalırımızı davam etdirmək niyyətindəyik. Çünki biz həm də jurnalist olaraq dövlətimizin və dövlətçiliyimizin keşiyindəyik.


Ardı var...

Raqif Nazimoğlu,
AYB və AJB-nin üzvü, şair-publisist, Prezident mükafatçısı.


BİA.az
скачать dle 12.1