Bia.Az

“Tərtər işi”: General Orucov ittihamları qəbul etmir – 62 hərbçiyə işgəncə kimlərin əmri ilə verilib?

Siyasət
 4-07-2023, 01:12     393

Bu gün, iyulun 4-də Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” üzrə həbs olunan 5 nəfərin - general-mayor Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək. Musavat.com xəbər verir ki, 2021-ci ilin dekabrında Baş Prokurorluğun İstintaq İdarəsində Tərtər hadisələri ilə bağlı yenidən araşdırmalar başlanan zaman 2017-ci ilin mayında Beyləqanda da baş verən cinayətlər araşdırılıb.

Bu iş üzrə 62 zərərçəkmiş, 21 şahid var. İlk dövrdə araşdırmalar eyni icraatda aparılsa da, bu ilin fevralında “Beyləqan hadisələri” üzrə 5 nəfər barəsində cinayət işi ayrılaraq, Bakı Hərbi Məhkəməsinə göndərilib. Hakim qarşısına Beyləqan korpusunun qərargah rəisi olmuş, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov və daha 4 nəfərdən – snayper bölüyünün komandiri Ziya Kazımov, Təhqiqat bölməsinin rəis müavini olmuş Rahib Məmmədov, İntiqam Məmmədov və Ülvi Rəşidov çıxarılıblar.
Təqsirləndirilən şəxslərdən Ülvi Rəşidov və Ziya Kazımov həbsdə deyil. Əvvəlki məhkəmə iclaslarında general Bəkir Orucov və Rahib Məmmədov vəsatət qaldırıb məhkəmənin hökmü məlum olana qədər onlar da ev dustaqlığına buraxılmalarını istəmişdilər. Lakin zərərçəkmişlər təqsirləndirilən şəxslərin həbsdən buraxılmasına etiraz etmişdilər.
Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.
İttihamda iddia olunur ki, hərbçilərdən özlərinin, yaxud da bir-birinin əleyhinə ifadə vermələri üçün onlara işgəncə verilib, ləyaqətləri alçaldılıb və s. İşgəncə nəticəsində bir nəfər – leytenant Adil Sabirli həyatını itirib. Onun dalağı partlayıb və qanitirmədən ölüb.
İşgəncələr zamanı kəlbətinlə dırnaqların çıxarılması, ətin qoparılması, çəlləklərdə suda boğulma, bədənə elektrik cərəyanı verilməsi, sellofanın yandırılıb bədənə tökülməsi və başqa üsullardan istifadə olunub.
Təqsirləndirilən şəxslərdən Bəkir Orucov, Ziya Kazımov, Ülvi Rəşidova qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham irəli sürülüb. İntiqam Məmmədov və Rahib Məmmədovda 126.3 maddəsi yoxdur. Lakin İntiqam Məmmədov həm də CM-in 178-ci maddəsilə – dələduzluqda ittiham edilib. Cinayət işinin materiallarında iddia olunur ki, o, Arzu Həşimova adlı qadını işə düzəltmək, onun ərini xidmət yerini dəyişmək adıyla aldadaraq, pulunu alıb. Təqsirləndirilənlərin heç biri ittiham üzrə özünü təqsirli bilməyib. Onlar təqsirsiz olduqlarını deyirlər. General Bəkir Orucov deyib ki, nə işgəncələrdə iştirak edib, nə də kiməsə göstəriş verib.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub. Hazırda Sumqayıt Məhkəmə Kompleksində 3 ayrı-ayrı qrupun cinayət işi üzrə məhkəmə prosesləri keçirilir. Ümumilikdə 3 iş üzrə 192 nəfər hərbçi zərərçəkmiş qismində tanınıb. Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” ilə əlaqəli olan 3 cinayət işi üzrə təqsirləndirilən şəxslərin ümumi sayı 11 nəfərdir.
Bu ilin martında Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 2022-ci ilin sentyabr ayında isə iş üzrə daha 3 nəfər - Bəkir Orucov, Rahib Məmmədov və Ramil Əhmədov həbs olunub. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham elan edilib. Bəkir Orucov həbsə qədər Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edib. Qeyd edək ki, Bəkir Orucov və digərlərinin cinayət işi üzrə, daha bir qrupun işi üzrə məhkəmə araşdırmaları davam edir.скачать dle 12.1