Bia.Az

Kabineti belə olmayan məktəb psixoloqları: – İntiharın qarşısını dəhlizdə alacaq?

Cəmiyyət
 27-06-2023, 11:15     288

Elm Təhsil Nazirliyində intihar, eləcə də intihara cəhd hadisələrinin baş verməsinin minimuma endirilməsi, qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə dair qurumlararası İşçi Qrupunun iclası keçirilib.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, müasir cəmiyyətin problemlərindən biri də intiharlardır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünya üzrə 20 faiz intiharlar xüsusilə yeniyetmə və gənc yaşda olan şəxslərdə müşahidə edilir. Bildirilib ki, intihar hadisələrinin baş verməsi minimuma endirilməklə qabaqlayıcı və digər zəruri tədbirlərin görülməsi məqsədilə Baş Prokurorluqda müvafiq dövlət qurumları və təşkilat nümayəndələrinin iştirakı ilə konfrans keçirilib.
Adıçəkilən sahə üzrə dövlət orqanları, təhsil müəssisələri, qeyri-hökumət təşkilatları və digər müvafiq qurumların səy və imkanlarının birləşdirilməsinin zəruriliyi nəzərə alınaraq gələcəkdə birgə fəaliyyətlərin təmin edilməsi məqsədilə dövlət qurumları və təşkilat nümayəndələrindən ibarət tərkibdə İşçi Qrupu yaradılıb. ETN tərəfindən müvafiq Fəaliyyət Planına uyğun görülmüş işlər barədə də məlumat verən Firudin Qurbanov bildirib ki, ümumi təhsil müəssisələrində psixoloqların iştirakı ilə şagirdlərlə mütəmadi maarifləndirici görüşlər keçirilib.
Bununla yanaşı, bir sıra problemlərlə üzləşən şagird, tələbə və valideynlərlə praktik söhbətlərin aparılması, şagirdlərin məktəbdə, ailədaxili və ailədənkənar davranışlarını nəzarətdə saxlamaqla onların ictimai faydalı əməyə, mədəni-kütləvi tədbirlərə, zərərli vərdişlərin yaddan çıxarılmasına kömək edən iş və məşğuliyyətlərə cəlb edilməsi istiqamətində məqsədyönlü işlər aparılıb. Keçirilmiş tədbir və görüşlərdə valideynlər, psixoloqlar, həkimlər və müvafiq icra hakimiyyəti orqanlarının məlumat, həmçinin tövsiyələri dinlənilib, fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu istiqamətdə müvafiq qurumlar tərəfindən müəyyən tədbirlər keçirilməsinə baxmayaraq, hələ də bu sahədə problemlər öz həllini tapmayıb. Bu da bir faktdır ki, adıçəkilən sahədə əsas yük məktəb psixoloqlarının üzərinə düşür. Ancaq bu gün məktəblərin heç də hamısında ya psixoloq yoxdur, olsa belə, bu işin öhdəsindən gələ bilmir. Hər valideyn isə övladını ayrıca psixoloq yanına aparmır və buna maddi imkanları çatmayanlar da var.
Niyə məktəb psixoloqları öz işlərində uğurlu ola bilmir, buna onların biliyi, yoxsa gənclərin inamsızlığı mane olur?
DİA.AZ-ın məlumatına görə, Elm və Təhsil Nazirliyinin elmi işçisi, psixoloq-psixoterapevt Fatimə Bayramova Cebhe.info-ya açıqlamasında bildirib ki, suisid (intihar) hər dövr üçün xarakterik haldır:
“Heç bir yaş dövrü bundan siğortalanmayıb. Lakin ona təsir edən xarici və daxili faktorlar çoxdur. Yeniyetməlik dövründə baş verən suisidal davranışlar daha çox onların öz sözünü deyə bilməməsi, özlərini ifadə etməkdə çətinlik çəkmələri, ailə dəstəyini hiss etməmələri, həddindən artıq emosional reaksiya vermələri və s. ilə bağlı ola bilər. Nəticədə bullinqə məruz qaldıqda, imtahanı uğursuz nəticələndikdə, sevgi hekayəsində və s. irrasional düşüncələrin yaratdığı bir çox səbəblərdən yeniyetmə və ilkin gənclik dövrü yaşayan şəxslər suisidə meyil edir.
Bu cür neqativ düşüncələrlə işləmək üçün psixoloqun konsultasiyasına və ya ailə ilə maarifləndirici görüşlər yetərli deyil. Hər bir kəsin fərdi psixoloji xüsusiyyətdən asılı olaraq müntəzəm seanslar aparılmalıdır. Bunun üçün məktəb psixoloqlarının şəraiti varmı? İlkin növbədə onlara ayrıca otaq verilməlidir. Çünki heç bir kəs öz düşüncəsini dəhlizdə və ya narahat olduğu məkanda açmaq istəmir. Seansların keçirilməsi üçün psixoloji iqlim şərtdir. Otağın ab – havası danışanı rahatlamalıdır. Təssüf ki, məktəb psixoloqlarının özlərinin şəxsi kabineti yoxdur.
İkinci, məktəb psixoloqlarına saat verilməlidir. Hər bir yeniyetmə və şagird problemi oldu- olmadı öz yaşının psixoloji xüsusiyyətlərini, özünü dərk etməlidir. Uşağa nə lazımdır? Təbii ki, dəstək! Əgər uşaq ailə, müəllim və psixoloq tərəfdən daim psixoloji dəstək görərsə, bullinqin də, hər cür emosional düşkünlüyün də öhdəsindən gələr. Bəs məktəb psixoloqlarına saat verilir? Xeyr. Həm seanslar üçün vaxt ayrılmalı, həm də psixoloji treninq, qrup terapiyası və s. üçün dərs saatları ayrılmalıdır.
Üçüncüsü, təhsilin artmasıdır. Yalnız bakalavriat pilləsini bitirmək, psixoloji seansların təşkili üçün yetərli deyil. Bakalavriat pilləsini oxumaq şərtdir, təməl bilgidir. Lakin daha çox nəzəriyyələrə istiqamətlənib. Praktik bilgini artırmaq üçün isə mütləq müxtəlif seminarlara qoşulmalıdırlar. Ancaq maddi cəhətdən hər kəs o təlimləri ala bilmir. Maddi cəhətdən də onlara dövlət hesabına dəstək olmalıdır. Təməl terapiya təlimləri və ya praktik təlimin hesabı ödənilmirsə onların maaşının artması lazımdır”.
F.Bayramova deyir ki, bir psixoloqun məktəbin bütün şagirdləri ilə məşğul olması fiziki cəhətdən mümkün deyil:
“Psixologiyanın sahələri var: pedaqoji psixologiya ( müəllim – şagird münasibətləri, valideyn- müəllim münasibətlərini və s. öyrənir), sosial psixologiya( ünsiyyətdə olan çətinlikləri, sinif yoldaşlarının arasında outsayder olan şagirdləri və s.), ailə psixoloqu və s.
Bu ixtisaslı psixoloqlarda işə cəlb olunmalıdır. Bu cür vəziyyətlərlə qarşılaşdıqları üçün reabiliyasiyaya ehtiyacı olan şəxsləri psixologiya mərkəzlərinə yönəldirlər. Ancaq şərtlər buna imkan vermir. Daha çox psixomaarifləndirmə və diaqnostika işlərini yerinə yetirirlər. O düşüncə ilə razı deyiləm ki, şagirdlər məktəb psixoloqlarına önəm vermirlər. O düşüncədə olan şagirdlər sadəcə psixologiya elmi barəsində ərtaflı məlumatları yoxdur. Maariflənməyə ehtiyacları var”.скачать dle 12.1